Azərbaycan iqtisadi inkişaf
tempinə görə
yenə lider statusunu qoruyub saxlamaqdadır
Azərbaycanın qlobal
iqtisadi böhranın təsirlərindən ən effektiv
şəkildə qorunan ölkələr sırasında yer
alması respublikamızın beynəlxalq aləmdə imicini
daha da yüksəltmişdir. Bunun nəticəsidir ki,
dünyanın aparıcı maliyyə institutları Azərbaycanla
əməkdaşlığın əvvəvlki templə davam
etdirilməsinə xüsusi maraq göstərirlər.
Beynəlxalq maliyyə təşkilatları
Azərbaycanla əməkdaşlığa can atır
Beynəlxalq maliyyə təşkilatlarının
Azərbaycanla əməkdaşlığa xüsusi maraq
göstərdiyi sferalardan biri də kreditləşmə sahəsidir.
İndi bütün beynəlxalq maliyyə institutları Azərbaycan
iqtisadiyyatının davamlı inkişafını nəzərə
alaraq ölkəmizə kredit ayırmağa hazır
olduqlarını bildirirlər. Halbuki dünyanın digər dövlətləri
barədə bunu söyləmək mümkün
deyil.
Dünya maliyyə
böhranının fəsadlarının bir sıra ölkələrdə
özünü daha qabarıq hiss etdirməsi onların xaricdən
kredit cəlb etməsinə də təsir göstərməkdədir.
Belə ölkələrə beynəlxalq maliyyə
qurumları kredit ayırmağa ehtiyatlanır. Avropanın
İnkişaf Etməkdə Olan Bazarlarını İstiqamətləndirmə
Mərkəzinin rəhbəri Edvard Parker bu məsələ
barəsində danışarkən neqativ proqnozlu kredit
reytinqində yer alan ölkələrə misal olaraq Rusiya,
Macarıstan, Ukrayna, Rumıniya, Serbiya, Gürcüstan, Ermənistan,
Latviya, Estoniya və Litva kimi ölkələri göstərib.
Avropanın
İnkişaf Etməkdə Olan Bazarlarını İstiqamətləndirmə
Mərkəzinin proqnozlarına görə, böhran
dövründə iqtisadiyyatı zəif olan ölkələrin
vəziyyəti daha da pisləşə bilər. Bu isə beynəlxalq
maliyyə qurumlarının onlara kredit ayırmasını
çətinləşdirir. Bir sıra ölkələrin
xaricdən kredit cəlbində problemlər yaşaması isə
onların iqtisadi geriləmə ilə bağlı göstəricilərinin
daha böyük rəqəmlərlə ifadə
olunmasını şərtləndirir. Məsələn,
hesablamalara görə, vəziyyət bu şəkildə
davam edəcəyi təqdirdə, cari il ərzində
Baltikyanı ölkələrdə ümumi daxili məhsulun
artım tempində orta hesabla 10 faizlik azalma müşahidə
olunacaq.
Azərbaycanda isə vəziyyət
tamamilə başqa istiqamətdə cərəyan edir. Cari il ərzində
də iqtisadiyyatın dinamik inkişaf tempi, ölkənin
böyük miqdarda valyuta ehtiyatlarının mövcudluğu
beynəlxalq maliyyə qurumlarının Azərbaycanla daha
sıx əməkdaşlığına şərait
yaradır. Bunun bariz nümunəsi kimi ölkəmizə
Dünya Bankı tərəfindən yenidən böyük həcmdə
kredit ayırmaq niyyətini göstərmək olar.
Dünya Bankının
ölkəmizdəki nümayəndəliyinin rəhbəri
Qreqori Yedjeyçak da bildirib ki, təmsil olunduğu qurum bu il
respublikamızda yeni layihələrin maliyyələşdirilməsinə
dair sazişləri təsdiq edəcəkdir. Həmin layihələr
infrastruktur, nəqliyyat, yol təsərrüfatı, ekologiya,
kənd təsərrüfatı, təhsil, səhiyyə, idarəetmə
ilə bağlı sahələri əhatə edəcəkdir.
2009-2010-cu illərdə
Dünya Bankının maliyyələşdirmək istədiyi
layihələrin böyük bir hissəsi şəhər nəqliyyatında
hərəkətin təhlükəsizliyinin təmin
olunması, yol təsərrüfatının modernləşdirilməsi
və infrastrukturun yenidən qurulması ilə bağlı
olacaq. Bank respublikamızın 24 rayonunu əhatə edən
layihə çərçivəsində kənd təsərrüfatı
mülkiyyətçilərinə uzunmüddətli kreditlərin
verilməsini məqsədəuyğun sayır. Ümumiyyətlə,
Dünya Bankı Azərbaycanla əməkdaşlıq
strategiyasına uyğun olaraq yaxın müddət
üçün 45 layihə üzrə 2,3 milyard dollar
ayrılmasını planlaşdırır. Bütün bunlar
qlobal iqtisadi böhran şəraitində bir çox ölkələrdən
fərqli olaraq beynəlxalq maliyyə institutlarının, o
cümlədən öz reytinqinə görə fərqlənən
Dünya Bankının qapılarının Azərbaycan
üçün açıq olduğunu göstərir. Belə
təşkilatların böyük əksəriyyəti Azərbaycanla
əməkdaşlığa cəhd göstərməkdədir.
Bütün bunlar həm də Azərbaycanın beynəlxalq
təşkilatlar üçün ən etibarlı tərəfdaşlardan
biri olduğunu təsdiq edir. Bu məqama toxunan Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında
aşağıdakıları qeyd etmişdir: "Xarici tərəfdaşlar
üçün də Azərbaycan həmişə çox
etibarlı tərəfdaş olubdur. İmzaladığımız
bütün anlaşmalar, bütün müqavilələr
bizim tərəfimizdən tam dəqiqliyi ilə icra
olunur".
Əlbəttə ki, belə
vəziyyət Azərbaycanın regionda mövqelərinin daha
da möhkəmlənməsinə, regional məsələlərin
həllində ölkəmizlə əsas söz sahibi kimi
hesablaşmağa gətirib çıxarır. O da faktdır
ki, Azərbaycan indi nəinki regionda gedən proseslərin fəal
iştirakçısıdır, həm də bir çox təşəbbüslərin
əsas müəllifidir. Həm iqtisadi, həm nəqliyyat,
energetika sahəsində, həm də siyasi məsələlərin
həllində Azərbaycanın mövqeyi nəzərə
alınmadan heç bir addım atılmır. Bununla
bağlı Prezident İlham Əliyev demişdir: "Azərbaycanın
iştirakı olmadan bölgədə nə iqtisadi, nə
siyasi addımlar atıla bilməz, Azərbaycanın milli
maraqları təmin olunmadan bölgədə geniş mənada
əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır
və bu reallıqları biz özümüz
yaratmışıq. Bu gün Azərbaycan o ölkədir ki,
bizim sözümüzlə, bizim maraqlarımızla
hesablaşırlar və o ölkədir ki, bölgədə
sabitləşdirici rolunu oynayır və bu rol getdikcə
artmaqdadır".
Aydındır ki, Azərbaycanda
kredit bazarının inkişafında ölkənin öz
maliyyə imkanları da mühüm rol oynayır. Xüsusən
də Azərbaycanda sahibkarlığın inkişafında məhz
dövlət tərəfindən verilən güzəştli
kreditlərin rolu danılmazdır. Bu vaxta qədər
sahibkarlara hər il 80 milyon manat məbləğində
güzəştli kreditlər verilirdi. Bu il kreditlərin məbləği
130 milyon manat olacaq. Onu da bildirək ki, əlavə 50 milyon
manat əvvəllər verilmiş kreditlərin
qaytarılması hesabına əldə edilib. Növbəti
illərdə isə sahibkarlığın inkişafı
üçün güzəştli kreditlərin həcminin
bir qədər də artırılması nəzərdə
tutulur.
Beynəlxalq Valyuta Fondu yenə də Azərbaycanın
lider olacağını bəyan edir
Qeyd edilənlər Azərbaycanda
iqtisadiyyatın davamlı inkişafını
stimullaşdıran əsas amillərdən biri sayılır.
Məhz bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq
maliyyə institutlarının qlobal iqtisadi böhranla
bağlı barəsində bədbin proqnozlar səsləndirdiyi
dünya dövlətləri sırasında yer almır. Bu mənada
Beynəlxalq Valyuta Fondunun ekspertlərinin son
açıqlamaları xüsusi diqqət cəlb edir. Fond
yenidən dünya maliyyə sisteminin dərin böhran
içində olduğunu və nikbin proqnozlar verməyin əsassızlığını
qeyd edir. Qurumun dünya iqtisadiyyatının son mənzərəsinə
həsr olunan hesabatında qlobal iqtisadi irəliləyişin
bu il yalnız 1,3 faiz təşkil edəcəyini, növbəti
il üçün isə bu rəqəmin 1,9 faiz
olacağı proqnozlaşdırılır. İkinci Dünya
müharibəsindən sonra ilk dərin iqtisadi böhranın
hökm sürdüyünü bildirən Beynəlxalq Valyuta
Fondu stimul tədbirlərinin davamlı olmasının
vacibliyini qeyd edərək bu cür addımlara son veriləcəyi
təqdirdə iqtisadi dirçəlmənin ləng gedəcəyini
bəyan edir. Qurum MDB ölkələrindəki iqtisadi durumun kəskin
olmasını kredit böhranı ilə əlaqələndirib.
Hesabatda həmçinin keçmiş sovet ölkələrində
iqtisadi geriləmənin 5,1 faiz olacağı əksini
tapıb. Lakin Beynəlxalq Valyuta Fondunun proqnozlarında Azərbaycanla
bağlı vəziyyət tam fərqlidir. Hesabat dövrü ərzində
iqtisadi artım tempinə görə Azərbaycanın MDB və
Avropa məkanında lider dövlət olacağı bildirilir.
Bunun ən önəmli
səbəblərindən biri isə Azərbaycanın bundan
sonrakı dövrdə də qlobal iqtisadi böhranın təsirindən
uğurla qorunacağının
proqnozlaşdırılmasıdır. Ümumiyyətlə həm
beynəlxalq maliyyə təşkilatları, həm də
tanınmış reytinq agentlikləri və ekspertlər Azərbaycan
iqtisadiyyatının dünya maliyyə-iqtisadi böhranına
dayanıqlığını birmənalı ifadə etməkdədir.
Məsələn, Dünya Bankı mart ayında tərtib
etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə
müqayisədə qlobal böhranı daha güclü
mövqe ilə qarşıladığını,
böyük təsirlərə məruz qalmayacağını
və maliyyə sektorunun böhrandan qaça bildiyini göstərib.
Rusiya
Federasiyasının maliyyə naziri Aleksey Kudrin MDB məkanına
daxil olan ölkələrdə qlobal maliyyə
böhranının yaratdığı problemlər, 2009-cu il
üçün ümumi daxili məhsulun artım proqnozu və
böhrandan müdafiə üçün atılan
addımlarla bağlı hesabatında qeyd edib ki, qlobal maliyyə
böhranının təsirləri daha az Azərbaycanda hiss
olunur.
"Fitch Ratings"
agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun
azalacağını, birində dəyişməyəcəyini
və yalnız Azərbaycanda iqtisadi artım
olacağını bildirib. Asiya İnkişaf Bankı isə
dünya dövlətlərinin bir çoxunda ümumi daxili məhsulun
azalması fonunda ölkəmizdə bu artımı 8 faiz
proqnozlaşdırıb.
Dinamik iqtisadi inkişaf rəqəmlərdə
Azərbaycan qlobal
iqtisadi böhran şəraitində təkcə sadalananlara
görə digər dünya dövlətlərindən fərqlənmir.
Məlumdur ki, qlobal iqtisadi böhran əksər ölkələrdə
əsas makroiqtisadi göstəricilərin pisləşməsi
ilə, o cümlədən ümumi daxili məhsulun və
xarici ticarət dövriyyəsinin azalması, işsizliyin
kütləvi xarakter alması, banklarda ciddi likvidlik
çatışmazlığı kimi problemlərlə
müşahidə olunur. Azərbaycanda isə bu sahədə
də vəziyyət fərqlidir. Belə ki, yanvar-fevral
aylarında xarici ticarət dövriyyəsi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 13,3 faiz
artaraq 2 milyard 418 milyon dollar təşkil edib. Bu dövrdə
ixracın həcmi 1 milyard 492 milyon dollar olmaqla 24,6 faiz
artmış, idxalın həcmi isə 1 faiz
azalmışdır. Xarici ticarət dövriyyəsində 566
milyon dollarlıq müsbət saldo yaranmışdır ki, bu
da ölkənin valyuta ehtiyatlarının və manatın
sabitliyinin təmin edilməsində mühüm rol oynayır.
Cari ilin ilk rübündə ölkəmizə qoyulan
investisiyaların həcmi 15 faiz, əhalinin pul gəlirləri
və orta əməkhaqqı 20 faizdən çox artıb. Digər
sahələr üzrə də böyük rəqəmlərlə
ifadə olunan artım müşahidə edilməkdədir.
Məsələn, qlobal
iqtisadi böhran şəraitində belə cari ilin ilk
rübündə Azərbaycanda ümumi daxili məhsul 4,1
faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz
artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində
kənd təsərrüfatı məhsullarının
istehsalı 4,3 faiz, ümumi yük daşımalarının
həcmi 1,1 faiz, qeyri-neft yük daşımalarının həcmi
5 faiz, pərakəndə əmtəə dövriyyəsi 10
faiz, pullu xidmətlərin həcmi 20,5 faiz çoxalıb. Həmçinin
iqtisadiyyata inflyasiya təzyiqləri azalaraq, keçən ilin
müvafiq dövrü ilə müqayisədə 8,3 faiz təşkil
edib, ilin əvvəlindən isə istehlak qiymətləri
indeksi 2,1 faiz azalıb.
Cari ilin birinci
rübündə dövlət büdcəsinin gəlirləri
2 milyard 522 milyon manat və ya 92 faiz yerinə yetirilməklə
ötən ilin eyni dövrü ilə müqayisədə
537,6 milyon manat və ya 27,1 faiz çox olub. Bununla
yanaşı, dövlət büdcəsinin xərcləri 2
milyard 345 milyon manat və ya 97,9 faiz icra edilib ki, bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə 972 milyon
manat və ya 70,8 faiz çoxdur.
Hesabat dövrü ərzində
Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar
15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3
faiz artıb. Dövlət büdcəsindən investisiya layihələrinin
maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin
həcmi daha da artaraq, rüb ərzində 1 milyard 79 milyon
manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,9 dəfə və
ya 521 milyon manat çoxdur. Rəqəmlərin müqayisəli
təhlili bir daha Azərbaycanda dinamik inkişaf olduğunu əyani
nümayiş etdirir.
Sadə əhali
üçün isə belə dinamik iqtisadi inkişaf şəraitində
istehlak qiymətlərinin ucuzlaşması xüsusi əhəmiyyət
kəsb edir. Bu, ilk növbədə gündəlik ərzaq məhsullarının
qiymətinə şamil edilir. Aparılan təxmini hesablamalara
görə, son dörd ayda Bakının istehlak bazarında ərzaq
məhsulları orta hesabla 17 faiz ucuzlaşıb. Statistikaya
görə, ötən ilin dekabr ayında ərzaq məhsullarının
qiymətində dəyişiklik qeydə alınmasa da, yanvarda
4,1 faiz; fevralda 3,4 faiz; martda 1,7 faiz; aprel ayının ilk
yarısında isə 2,5 faiz ucuzlaşma qeydə
alınıb. Yaxın günlərdə də qiymətlərin
əsasən sabit və nisbətən azalmaya meyilli
olacağı proqnozlaşdırılır.
Digər sahələrdə,
o cümlədən daşınmaz əmlak bazarında da
analoji hal müşahidə olunur. Məsələn, ötən
ay Bakı şəhəri üzrə torpaq bazarında orta
qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində
bazara çıxarılan 1 sot torpağın orta qiyməti
3,2 faiz azalıb. Araşdırmalar onu da göstərib ki, ay ərzində
qiymətlərin ən çox azalması şəhərətrafı
və şəhərdən kənar rayonlarda baş verib. Halbuki,
ən çox əməliyyat da bu sahələrdə
aparılıb. Həmin ərazilərdə orta hesabla torpaqlar
6,3 faiz aşağı düşüb. Mənzil və
maşın bazarında da ucuzlaşma qeydə
alınmaqdadır.
Bütün bunlar onu
göstərir ki, Azərbaycan qlobal maliyyə
böhranının təsirindən ən etibarlı şəkildə
qorunan ölkələr sırasında olmaqla yanaşı,
sürətli iqtisadi inkişaf tempini də qoruyub saxlayır. Dünyanın
əksər ölkələrini cənginə alan
böhranın Azərbaycana əsaslı təsiri bundan sonra
da gözlənilmir. Əksinə, Azərbaycan bundan sonra da bir
çox iqtisadi göstəricilərə görə,
dünyada lider statusunu qoruyub saxlayacaq. Ölkə əhalisi isə
hökumətin məqsədyönlü siyasəti nəticəsində
nəinki böhranın nəticələrini hiss edəcək,
həm də böhranın yaratdığı qiymət
ucuzlaşmasından faydalanacaq. Özü də bu hal əhalinin
pul gəlirlərinin çoxalması fonunda baş verəcəkdir.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 22 may.-
S. 4.