2004-cü ildə təsis
edilmiş Heydər Əliyev mükafatı ümummilli liderin
anadan olmasının 86-cı ildönümü və Heydər
Əliyev Fondunun fəaliyyətə başlamasının 5
illiyi münasibətilə mayın 10-da "Buta"
sarayında keçirilən təntənəli mərasimdə
ilk dəfə laureatlara təqdim edildi. Ölkənin ən
yüksək mükafatına layiq görülən
üç nəfərdən biri musiqi mədəniyyətinin
inkişafında xüsusi xidmətləri ilə seçilən
bəstəkar, xalq artisti Arif Məlikov oldu.
Beş il öncə
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar
Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf
etdiyi 8-ci simfoniyasının - "Əbədiyyət"in
ilk ifası hələ də unudulmayıb. Dövlət
mükafatı laureatı, xalq artisti Rauf Abdullayevin dirijorluq
etdiyi, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik
orkestrinin və solist Rəşidə Behbudovanın ifası
ilə səsləndirilən bu möhtəşəm musiqinin
təsiri xeyli müddət zalda qəribə bir sakitlik
yaratdı. Bir neçə saniyə sürən fasilədən
sonra salonu bürüyən sürəkli alqışlar sanki
bir daha "Əbədiyyət"in sonsuzluğunu təsdiq
edirdi. Bu hadisədən illər keçsə də, o
qeyri-adi musiqinin varlığımıza hopmuş sədaları
bizi yenə də həmin aləmə çəkir. Nədənsə
tez-tez eşitmək istəyirik əbədiyyət haqqında
bəstələnmiş o musiqini. İndiyə kimi Filarmoniyada
keçirilən simfonik konsertlərdə belə bir məqama
təsadüf olunmamışdı ki, əsərin ifası
bitəndən sonra dərhal alqış olmasın. Arif Məlikovun
qüdrətli musiqisi elə bir zirvədə qərar
tutmuşdu ki, burada həyat bütün tərəfləri -
tufanları, sakitliyi, rahatlığı, olum və
ölümü ilə tərənnüm edilirdi. İnsanlar
elə bir ruhi aləmin sehrinə düşmüşdülər
ki, ifa başa çatandan sonra zalda yaranmış qısa
sükutun da öz mənası var idi. Sanki tufan yatdı,
günəş doğdu və qəfildən alqış sədaları
salonu bürüdü. Bu əsərin ən böyük təsir
gücü onda idi ki, həyatdakı səslərin
hamısının musiqi ifasına nail olunmuşdu. İnsan həyat
uğrunda çırpınır, yüksəkliyə
qalxır, əbədiyyətin yolçusuna çevrilirdi.
Yarım saatdan artıq davam edən "Əbədiyyət"
simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti
bir sənət zirvəsinə ucaldı.
Əlbəttə,
ötən əsrdə Azərbaycanın çox qüdrətli
bəstəkarları olub. Onların haqqında fikirləşəndə
heyrətə gəlirsən: Üzeyir Hacıbəyov, Qara
Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət
Hacıyev və bu parlaq sıradan bizə qənimət və
yadigar qalan, müasirimiz olan, dünyanı dolaşan
şöhrətindən qürur duyduğumuz Arif Məlikov. Onlar
təkcə Azərbaycan mədəniyyətinin deyil, bəşər
incəsənətinin korifeyləridir. Qürur duymalı haldır
ki, millətimizin sənətkar oğlu Arif Məlikov dünya
simfonistlərinin nəhənglərindən sayılır. Məşhur
musiqiçilərin Arif Məlikov
yaradıcılığı ilə bağlı fikirlərini
oxuduqca onun sənətinə olan bəşəri
marağın, pərəstişin, sözün əsl mənasında
vurğunluğun səbəblərini anlayırsan. Arif Məlikovun
musiqisində fikir dərinliyi, gözəllik, qeyri-adilik,
coşqunluq, müasirlik və bunların vəhdətində
orkestri ustalıqla cazibəyə salaraq təbii ahəngdə
idarə etmək qabiliyyəti çox güclüdür. Əslində,
heç kimə qismət olmayan, məhz Arif Məlikovun taleyinə
yazılmış bir ömrün əfsanəsi yarım əsrdən
çoxdur ki, dünyanın sənətsevərlərini
öz cazibəsində saxlamaqdadır.
Arif Məlikov Bakıda anadan olub. Bu gözəl şəhərdə
böyüyüb, oxuyub. Uşaq vaxtı
valideynləri ilə birlikdə ən çox getdiyi ünvan
Opera və Balet Teatrı olub. "Leyli və
Məcnun"a, "Əsli və Kərəm"ə,
"Koroğlu"ya baxıb. Avropa sənətkarlarından
Verdinin, Çaykovskinin operaları onu xüsusilə valeh edib.
Uşaqlıqda kitaba elə güclü meyil
göstərib ki, çoxu onun gələcəkdə mütləq
ədəbiyyatçı olacağını
sanırmış. 14 yaşında ikən
aydınlaşıb ki, Arifin musiqiyə güclü məhəbbəti
var. Valideynləri ona tar da alıblar. Əvvəllər
musiqi duyumunun gücünə
A.Zeynallı adına
musiqi məktəbində oxuyanda Arif bir gün küçədə
təsadüfən Üzeyir Hacıbəyovu görüb. 15
yaşlı Arif böyük bəstəkarın arxasınca
qarabaqara gedərək bir neçə məhəllə
keçib. Gözlərini Üzeyir Hacıbəyova dikərək
yol getdiyindən kiməsə toxunub. "Korsan" sualını
eşidib. Amma o günləri yada salan bəstəkar şərafətlə
söyləyib: "Mən kor deyildim, mən
görürdüm, mən canlı Hacıbəyovu
görürdüm". Üzeyir bəylə bağlı
ikinci görüş isə ona dünyanın ən
böyük kədər və sarsıntısını
bağışlayıb. Arif Məlikov 1948-ci ilin
payızında dahi bəstəkarın ölümündən
çox təsirlənib. O ağır günlər gənc
musiqiçinin qəlbində dərin izlər salıb.
1953-cü ildə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasına daxil olan Arif Məlikov Qara Qarayevin sinfində
dərs alıb. Böyük bəstəkarın dərslərini,
sinif saatlarını, söhbətlərini,
tapşırıqlarını bütün təfərrüatı
ilə bugünə kimi yaddaşında saxlayan və onun
tövsiyələrinə həmişə əməl edən
Arif Məlikov hələ birinci kursda oxuyarkən çoxlu
musiqi əsərləri bəstələmişdir.
1956-cı ildə
Bakıda Azərbaycan bəstəkarlarının I
qurultayı keçirilirdi. Həmin tədbirdə protokola əsasən
ancaq tanınmış incəsənət xadimləri,
böyük bəstəkarlar iştirak edirdilər. Qurultay
vaxtı konservatoriya tələbəsi Arif Məlikov skripka və
fortepiano üçün bəstələdiyi süitanı
ifa edib. Qurultay iştirakçıları gəncin
istedadına valeh olublar. XX əsrin böyük bəstəkarı
Dmitri Şostakoviç Arif Məlikov haqqında mətbuatda
xoş sözlər deyib. Bu, gələcək böyük bəstəkar
barəsində ilk xeyir-dua, ilk "resenziya" olub.
Tələbəlik illəri
bir-birindən uğurlu və zəngin əsərlərlə
onun bioqrafiyasına həmişəlik həkk olundu. Arif Məlikovun
yaradıcılığa başlaması ilə Azərbaycan
musiqi mədəniyyətinin yeni səhifələri
yazıldı. Arif Məlikovun 1957-ci ildə bəstələdiyi
"Nağıl" simfonik poeması böyük rezonans
doğurdu. Bu əsər həqiqətən Arif Məlikovun
parlaq musiqi yaradıcılığının əsl göstəricisi
oldu. Məhz "Nağıl" əsl teatr səviyyəsinə
məxsus xüsusiyyətlərini, məqsəd
aydınlığını, konkretliyi ifa edərək musiqili
teatra yeni istedadlı bir simanın - Arif Məlikovun qətiyyətlə
gəldiyini təsdiqlədi. O zaman bu, nadir hadisə idi ki, tələbənin
əsəri konservatoriya səhnəsində səsləndirilsin.
Arif Məlikovun süitaları, "Nağıl" simfonik
poeması, Birinci simfoniyası görkəmli dirijorların
iştirakı ilə nəinki Bakıda, az sonra Moskvada səsləndirildi.
Birinci simfoniya Azərbaycan simfonizmində yeni parlaq səhifələr
açdı. 1959-cu ildə bəstəkarın ikinci simfonik
poeması - "Füzuli" də müəllifə
şöhrət gətirdi. Arif Məlikov 26 yaşında
respublika mükafatına layiq görüldü.
Arif Məlikovun
istedadı, sənəti dünyaya bəlli olanda o, çox gənc
idi. 23 mart 1961-ci ildə azərbaycanlı bəstəkarın
Leninqrad Dövlət Opera və Balet Teatrında "Məhəbbət
əfsanəsi" baleti tamaşaya qoyuldu.
Böyük türk
şairi və dramaturqu Nazim Hikmətlə Arif Məlikovu dərin
dostluq münasibətləri bağlayırdı. Doğmaca
övladından ayrı düşmüş Nazim Hikmət
Arifi oğlu Mehmet qədər sevərmiş. Bakıda
böyük şairin çoxlu dostları var idi. Bütün
Azərbaycan Nazim Hikməti ürəkdən sevirdi. Bakıya
yolu düşəndə hamı onu öz evinə dəvət
edirdi. Nazim isə "öncə oğluma dəyməliyəm"
deyərmiş. Arif Məlikov da bu məhəbbətə
öz oğulluq sevgisini məhz belə əzəmətlə
cavablandırdı. O, böyük şövqlə, həvəslə
Nazim Hikmətin "Məhəbbət əfsanəsi"
pyesi əsasında eyniadlı baletini yazdı. Arif Məlikovun
bu baletində ilk dirijor məhz maestro Niyazi oldu. Baletə
böyük həyəcanla baxan Nazim Hikmət tamaşadan
sonra jurnalistlərə verdiyi müsahibələrinin birində
belə söyləmişdi: "Arif Məlikov mənə deyəndə
ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm,
həmin gün mən çox şad oldum. Bu gün
gördüklərim təsdiqlədi ki, mən nahaq yerə
sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti
deyil, bu, müasir incəsənətdir.
Mən çox həyəcanlandım
ki, səhnədə Şərq necə görünəcək.
Arif Məlikov baletdə Şərq adamına müasir
insanın dünyabaxışı ilə baxıb. Buna görə
də əsərdə "şirin" Şərq, "Əlibaba
və qırx quldur" nağılından əsər-əlamət
yoxdur. Və bu da yeni baleti çox teatr tamaşalarından fərqləndirib".
"Məhəbbət əfsanəsi"
pyesi fəlsəfi bir əsərdir. Bütün
insanlığa məxsus olan bu əsərə səhnə həyatı
vermək və ağlagəlməz uğur qazanmaq özü
bir əfsanəyə bənzəyir. Nə yaxşı ki, bu,
həqiqətdir.
Hisslərin poetik və
romantik ifadəsi, musiqi dilinin zənginliyi, əlvanlığı
və neçə-neçə mütəxəssisin söylədiyi
fikirlər "Məhəbbət əfsanəsi"nin taleyinə
xoş sabahlar yazdı. Əlli ilə yaxındır ki, Arif Məlikovun
bu baleti dünya teatrlarının böyük səhnələrində
səslənməkdədir. Dünyanın ən qədim və
möhtəşəm sənət məbədi sayılan
Böyük Teatr (Moskva) 43 ildir müntəzəm surətdə
öz repertuarında "Məhəbbət əfsanəsi"nə
xüsusi yer ayırır. Arif Məlikov yeganə azərbaycanlı
bəstəkardır ki, onun əsərləri bu teatrda hər
il tamaşaya qoyulur. Dünyanın yüzdən artıq
teatrının məmnuniyyətlə təqdim etdiyi "Məhəbbət
əfsanəsi"nin müəllifdə 60-dan artıq
variantı köçürülmüş videolenti var. Bu baletin
səhnəyə çıxarıldığı ölkələrin
bəzilərinə diqqət edək: Rusiya, Özbəkistan,
Çexiya, Bolqarıstan, Türkiyə, Polşa, Almaniya,
Macarıstan, Finlandiya, Sloveniya, Amerika Birləşmiş
Ştatları, Yaponiya, Misir, eləcə də keçmiş
sovet respublikalarının əksəriyyəti.
"Məhəbbət əfsanəsi"
baletini yüksək qiymətləndirən və öz hisslərini
böyük məhəbbətlə dilə gətirmiş
Dmitri Şostakoviçin mülahizələri
maraqlıdır: "Arif Məlikov istedadlı bəstəkardır.
Musiqisi əsl professionaldır. Onun əsərində dərin
musiqi dramaturgiyası, daxil inkişaf, dəqiqlik, qəhrəmanların
xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri
var. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir
istedadı musiqiyə rəngarənglik və
tamaşaçılara məftunluq gətirib".
Arif Məlikov
yaradıcılığı boyu Nazim Hikmətə müraciət
etməyi çox sevib. Nazim Hikmət poeziyasındakı
qeyri-adilik, daxili etiraflar, hiss və duyğuların birbaşa
vətən həsrəti ilə qovuşması bəstəkarı
həmişə riqqətə gətirib. Bəstəkar bu məhəbbətin
nəticəsində onun şeirlərinə üç silsilə
- 12 romans yazıb. Arif Məlikov 1986-cı ildə ikinci silsilə
romanslarına görə dövlət mükafatı
laureatı adına layiq görülüb.
Zəngin və
çoxsahəli yaradıcılığı ilə nəinki
azərbaycanlı həmkarlarından, hətta dünya bəstəkarlarından
fərqlənən Arif Məlikovun bir-birinin ardınca
yaratdığı iri musiqi əsərləri - "Vətən",
"Metamorfozalar", "Axırıncı
aşırım" simfonik poemaları və 8 simfoniyası,
eləcə də digərləri Azərbaycan
simfoniyasını irəli aparan gəminin sükanını
dəyişərək ona yeni istiqamət, təntənə,
vüsət, inkişaf, eləcə də şöhrət gətirdi.
Müxtəlif ölkələrin konsert salonlarında və
festivallarda ifa olunan bu simfoniyalar müəllifinə ardıkəsilməyən
təşəkkür, təbrik, məktub və dəvətlər
gətirdi.
Arif Məlikov paralel
şəkildə müxtəlif janrda musiqi əsərləri
üzərində işləməkdə də çox mahir
bəstəkardır. Təsəvvürə gətirin ki,
Beşinci simfoniya hələ tamamlanmamış o, iki
maraqlı kamera əsəri - fortepiano üçün
"Anilik" və skripka üçün sonatanı
başa çatdırdı.
Bəstəkarın
1969-cu ildə Leninqrad Dövlət Opera və Balet Teatrında
"İkilikdə" ("Bu torpaqda iki nəfər")
adlı baleti tamaşaya qoyuldu. 1981-ci ildə isə
"İki ürək" baletini tamamladı. Böyük və
möhtəşəm əsərlərlə yanaşı,
Arif Məlikov "Torpağın səsi"
kantatasını, "Dalğalar" operettasını, fleyta
və orkestr üçün konsertini, bir sıra kamera
instrumental əsərlərini, bədii filmlərə
("Sehrli xalat", "26 Bakı komissarı",
"Axırıncı aşırım" və s.), eləcə
də Dram Teatrında səhnəyə qoyulmuş
tamaşalara ("Torpağa sancılan qılınc",
"Atabəylər", "Natəvan" və b.) musiqilər
yazdı. Dəyərli musiqi əsərləri yaradan və
bununla da təkcə Azərbaycana deyil, bütövlükdə
bəşər mədəniyyətinə fədakarcasına
xidmət edən Arif Məlikov 50-yə yaxın
mahnının müəllifidir. Onun qanad verdiyi nəğmələri
xalq artistləri Rəşid Behbudov, Şövkət Ələkbərova,
Zeynəb Xanlarova və başqa məşhurlar ifa etmişlər.
Arif Məlikov mənə
maraqlı bir hadisə danışmışdı. 1979-cu ildə
ABŞ-da olarkən "Nyu-York Tayms" qəzetinin müxbiri
bəstəkardan müsahibə alıb. Müxbir azərbaycanlı
bəstəkara "Russkoe slovo" adlı bir qəzet də
bağışlayıb. Orada Arif Məlikov haqqında
böyük bir material var imiş. Müxbir bildirib ki, 1917-ci
ildən başlayaraq "Russkoe slovo"da Sovet İttifaqı
haqqında həmişə tənqid yazıblar. Hətta
yaxşı işləri də pis qələmə veriblər.
Bu qəzetin tarixində birinci hadisədir ki, sovetlər
birliyində yaşayan bəstəkar haqqında müsbət
material dərc edilib. Bu da bəxtdən Arif Məlikovun qismətinə
düşüb.
Ulu öndər Heydər
Əliyev Arif Məlikovun yaradıcılığını
çox sevirdi. Moskvada rəhbər vəzifədə
çalışdığı illərdə Rusiyada
tamaşaya qoyulmuş əsərlərinin tamaşaçıları
arasında tanış simanın təbəssümlü
baxışlarını görən bəstəkar həmişə
Heydər Əliyevin bu diqqətindən ilham
aldığını, qürurlandığını söyləyirdi.
1994-cü ildə ümummilli lider Heydər Əliyev Arif Məlikovu
özü ilə birlikdə Məkkə ziyarətinə
aparmışdı. Arif Məlikov danışır ki, mənim
üçün təəccüblü və maraqlı fakt
budur ki, ziyarət zamanı unudulmaz Heydər Əliyev mənə
dedi: "Arif, bilirsən səni bura niyə gətirmişəm?
İstəyirəm ki, sən buraları da görəsən və
bunun təsiri altında bir simfonik əsər yazasan". Heydər
Əliyevin bu sözləri bəstəkarı heyrətə gətirib.
Heydər Əliyevin qüdrətli duyumu, dərin hissiyyatı
qarşısında heyrətini gizlədə bilməyən
Arif Məlikov deyir: "İnanmıram ki, adi adam Məkkədə
simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər
yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim.
Çünki Məkkə, Mədinə hara, Quran hara, simfonik əsər
hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə
düşməyən, tamamilə əks məsələlərdir.
Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz orada nəyisə
mənimsəyib dəyərli simfonik əsər yazmaq
mümkündür".
Dövlət həmişə
Arif Məlikov yaradıcılığını yüksək
qiymətləndirib. Sovet dövründə də belə idi,
dövlət müstəqilliyimizi qazandıqdan sonra da. Dövlət
mükafatı laureatı, xalq artisti, "İstiqlal"
ordenli, Prezident təqaüdçüsü Arif Məlikovun
ötən ilin payızında 75 illik yubileyi dövlət səviyyəsində
qeyd olundu. Mərasimdə Prezident İlham Əliyev və Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva iştirak etdilər. Həmin mərasimdə
yenidən səslənən Səkkizinci simfoniya bir daha dinləyiciləri
öz əfsununa aldı.
Dahi Üzeyir Hacıbəyovdan
mənəvi, Qara Qarayevdən isə həqiqi dərs alan Arif
Məlikov yeganə korifeyidir ki, bizim aramızdadır. Gələcək
bəstəkarların yetişməsində böyük əməyi
olan Arif Məlikov 1965-ci ildən konservatoriyanın - indiki
Musiqi Akademiyasının professorudur. Bir faktı da qeyd edək
ki, dünyanın bir neçə ölkəsindən Arif Məlikova
dəvətlər gəlib. Onu yüksək maaşla işə
çağırıblar. Getməməyinin səbəbini
soruşanda özü maraqlı bir fikir söylədi: "Vətən
nə seçilər, nə də keçilər. Onun
şirini də, qubarı da əzizdir". Eşidirsinizmi, vətən
oğulları, bir-birinizi beləcə sevin və əzizləyin.
Nə qədər ki taleyin və zamanın fürsəti var,
istedadlılara, dünyanın qəbul etdiyi böyük sənətkarlara
məhəbbətlə yanaşın və bu təcrübəni
Azərbaycanda vaxtilə həyata keçirən ümummilli
liderin əməllərindən, eləcə də onun
ardıcıllarının diqqət və həssaslığından
həqiqətən də nümunə götürməyə
dəyər. Və bu diqqətin bariz nümunəsinin bu
günlərdə bir daha şahidi olduq. Heydər Əliyev
mükafatının təqdimetmə mərasimində bəstəkar
Arif Məlikov dedi: "Azərbaycan Prezidentinə, onun
xanımına öz dərin təşəkkürümü
bildirir və bu gün xatirəsini böyük ehtiramla yad
etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm
və onun surəti həkk olunan bu nişanı həmişə
fərəhli günlərdə fəxrlə
döşümdə aparacağam".
O gecə yenə də
Səkkizinci simfoniyanın ruh oxşayan sədaları mərasimə
toplaşanları xatirələr qoynuna aldı. Bu dəfə
unudulmaz Heydər Əliyev dühası ürəklərdən
boylanırdı. Bu, böyük ömrün sonsuzluğu və
əfsanəsi idi...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 22. may.- S. 6.