Diqqət qayğı yeni yaradıcılıq zirvələri fəth etməyə ruhlandırır

 

Ümummilli lider Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə daim xüsusi diqqət yetirərdi. Onun sənət inciləri yaradan insanlara da qayğısı sonsuz idi. Bu, ulu öndərin sənətə və sənətkara verdiyi qiymətlə yanaşı, onun böyüklüyünün göstəricisi idi.

Ulu öndər mədəniyyətin sabahını da düşünür, həm gənc istedadların üzə çıxarılmasına diqqətlə yanaşır, həm də onların yetişmələri, püxtələşmələri üçün hər cür şərait yaradırdı. Hər hansı bir tədbir keçiriləndən sonra səhnə arxasına keçib incəsənət xadimləri ilə görüşər, dinləyər, onların sosial-rifah halının yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verər, sərəncamlar imzalayardı.

Heç yadımdan çıxmaz, 1997-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş konsert təşkil olunmuşdu. Ulu öndər Heydər Əliyevin də iştirak etdiyi həmin tədbirdə "Şahnaz" təsnifini ifa etdim. İlk dəfə idi ki, böyük səhnədə, Prezident önündə, canlı olaraq televiziya ilə yayımlanan konsertdə çıxış edirdim. Konsertdən sonra Heydər Əliyev səhnəyə gəlib hamı ilə bir-bir əl verib görüşdü. Mənə çatanda ifamı yüksək qiymətləndirdi, bağrına basaraq alnımdan öpdü və "Sən bilirsənmi ki, məni ağlatdın. Sən indiyə kimi hardaydın?" dedi.

Həyatımın ən yaddaqalan və xoş anlarını yaşadım o gün. Bu, mənim böyük səhnəyə ilk uğurlu gəlişim oldu. Ulu öndərin yaradıcılığıma verdiyi yüksək qiymət, göstərdiyi etimad sənət uğurlarının təməlini qoydu. Elə həmin il Özbəkistanda keçirilən "Şərq təranələri" beynəlxalq muğam festivalında 46 ölkənin təmsilçisi arasında ən yüksək "Qran pri" mükafatını aldım. 1998-ci ildə, 19 yaşımda ikən ulu öndər Heydər Əliyevin sərəncamı ilə respublikanın əməkdar artisti fəxri adına layiq görüldüm.

Ulu öndərin mədəniyyət və incəsənət xadimlərinə daim dövlət qayğısı göstərilməsi ilə bağlı əsasını qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev layiqincə yaşadır. Cənab İlham Əliyev son illərdə mədəniyyət və incəsənət xadimlərinə təyin edilmiş prezident təqaüdlərinin miqdarını artırmış, neçə-neçə sənətçiyə fəxri adlar vermiş, mədəniyyət işçilərinin əmək haqlarının artırılması barədə sərəncamlar imzalamışdır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirərək onun mədəniyyətimizin və incəsənətimizin inkişafına və bu sahənin adamlarına qayğı missiyasını əzmkarlıqla həyata keçirməkdədir. Həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə qayğısı bizi daha da həvəsləndirir. Prezident İlham Əliyev mayın 5-də incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin verilməsi, mədəniyyət xadimlərinə fəxri adların verilməsi və gənc istedadların xüsusi təqaüdə layiq görülməsi ilə bağlı imzaladığı sərəncamlar mədəniyyət və incəsənət xadimlərinin daim dövlətin diqqətində olduqlarını bir daha təsdiqlədi.

"İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" sərəncamla mən də Prezident mükafatına layiq görüldüm. Əməyimə və səhnə fəaliyyətimə verilən qiymətə görə dövlətimizin başçısına minnətdaram. Bu mükafat məni yeni-yeni yaradıcılıq zirvələrini fəth etməyə ruhlandırır.

 

 

Simarə İMANOVA,

əməkdar artist

 

Azərbaycan.- 2009.- 22 may.- S. 6.