Nəcib ənənələr yaşayır
Aqrar bölmədə kənd təsərrüfatında
iqtisadi islahatlar bizim strateji yolumuzdur, gələcəyimizdir.
Bu yol ilə getməliyik və nə qədər tez getsək,
respublikanın iqtisadiyyatının yüksəldilməsinə,
respublika əhalisinin tələbatının tam təmin
olunmasına bir o qədər tez nail ola bilərik.
Heydər ƏLİYEV
Gəncədəki
qocaman elm və təhsil ocağının kollektivi 80 illik
yubileyi ərəfəsində xoş bir xəbər aldı.
Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü
ilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına
Dövlət Aqrar Universiteti adı verildi. Bu yeni status Bolonya
sisteminin tətbiqinə geniş yol açacaq, məzunlarımızın
başqa ölkələrdə işləmək
imkanlarını artıracaq, tələbələrimizin
xarici ölkələrin magistraturalarında sərbəst təhsil
almalarına güclü təkan verəcəkdir.
80 yaşlı universitet
(əvvəllər institut adlanırdı) ölkəmizdə
kənd üçün aqronom, meyvə-tərəvəzçi
və üzümçü, aqromühəndis, mühəndis-elektrik,
baytar, zoomühəndis, aqroekoloq, iqtisadçı, menecment və
s. ixtisaslar üzrə mütəxəssis hazırlayan yeganə
ali təhsil ocağıdır.
Universitet 1929-cu ildən
fəaliyyət göstərir. Bu müddət ərzində
burada 55 mindən çox kadr hazırlanmışdır. Təcrübəli
professor-müəllim heyətinin respublikada dənli-paxlalıların,
qarğıdalı, meyvə-tərəvəz, üzüm,
pambıq, şəkər çuğunduru, sitrus və digər
bitkilərin yetişdirilməsində böyük xidmətləri
vardır. Alimlərimiz illər boyu heyvandarlığın
inkişafında da çox işlər görmüş,
maldarlıqda, qoyunçuluqda, quşçuluqda və digər
sahələrdə müəyyən nailiyyətlər əldə
etmişlər.
İftixarla qeyd etməliyik
ki, bu səriştəli, sanballı kollektiv çoxillik fəaliyyəti
dövründə Həsən Əliyev, İmam Mustafayev,
Yusif Məmmədəliyev, Əli Quliyev, Firuz Məlikov,
Mustafa Qəniyev, Ağaxan Ağabəyli, Rəhim Hüseynov,
İlyas Abdullayev, Bala Ağayev, Ələkbər Quliyev, Validə
Tutayuk, Siddiqə Məmmədova, Məmmədtağı Cəfərov
kimi alimlər və ictimai xadimlər yetirmişdir.
Akademik Firuz Məlikov və
professor Mirzə Sadıqov dağ merinosu cinsinin
yaradılmasına, akademik S.Hüseynov neft mənşəli
tullantıların əkinçilikdə tətbiqinə, habelə
akademiyanın müxbir üzvü Rəhim Hüseynov "Azərbaycan"
barama cinsinə görə SSRİ Dövlət
mükafatına layiq görülmüşlər. Məzunlarımızdan
20 nəfəri Sosialist Əməyi Qəhrəmanı, Bəsti
Bağırova və Şamama Həsənova isə iki dəfə
Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.
Keçilən yola nəzər
saldıqca çox faktlar yada düşür. Universitetin ən
önəmli səhifələri bilavasitə ümummilli lider
Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə
bağlıdır. 1980-ci il dekabr ayının 17-də Heydər
Əliyev bu elm ocağının 50 illik yubileyilə əlaqədar
Gəncəyə gələrək "Şərəf
nişanı" ordenini şəxsən institutun
bayrağına sancmış, professor-müəllim heyətini
və tələbələri təbrik edərək bir qrup
alimə respublikanın əməkdar elm xadimi fəxri
adları vermiş, həmin mərasimdə
çıxış edərək demişdir: "Azərbaycan
Kənd Təsərrüfatı İnstitutu nəinki yüksək
ixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd
təsərrüfatını daha da inkişaf etdirmək sahəsində
elmi tədqiqatların mərkəzi olmalıdır".
Ulu öndər Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan
KP MK və SSRİ Nazirlər Sovetinin birgə qərarına əsasən
Gəncənin səfalı guşəsində tələbə
şəhərciyinin salınması üçün 300
hektar sahə ayrıldı və quruculuq işlərinə
başlandı. İnstitutun təzə kompleksində müəyyən
avadanlıqla təchiz olunmuş iki tədris korpusu,
üç yataqxana və yeməkxana binaları
ucaldıldı, atçılıq ippodromu, istilik mərkəzi,
dendraloji park, təcrübə-kolleksiya sahəsi
yaradılıb istifadəyə verildi. Həmin illərdə
cənab Heydər Əliyevin göstərişi ilə
Göygöl (Xanlar) rayonunun Ciləgidzor qəsəbəsində
professor-müəllim heyətinin sağlamlıq zonası
üçün yer ayrıldı.
Azərbaycan müstəqillik
əldə edəndən sonra aqrar sahənin
inkişafının da yeni mərhələsi başlandı.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə aqrar islahatların həyata keçirilməsi
üçün bir sıra qanunlar qəbul edildi, fərmanlar
imzalandı, sistemli şəkildə əməli işlər
görüldü. Ölkə əhalisinin böyük əksəriyyəti
torpaq mülkiyyətçisinə çevrildi. Məqsəd əhalinin
ərzaq təhlükəsizliyinin və sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasına nail olmaq idi. Belə bir
şəraitdə bizim kollektivin də yeni fəaliyyət
dövrü başlandı.
Torpaq üzərində
xüsusi mülkiyyətin formalaşması ilə əlaqədar
sahələrdən səmərəli istifadənin təşkilinə
xüsusi diqqət yetirilməsi, daha güclü elmi potensiala
malik savadlı kadrların, səriştəli mütəxəssislərin
hazırlanması vacib idi. Ulu öndər Heydər Əliyevin
apardığı iqtisadi kursa uyğun olaraq kollektivimiz öz
üzərinə düşən vəzifənin həmişə,
hər sahədə vicdanla yerinə yetirilməsi
üçün əlindən gələni etməyə
çalışdı.
Nəcib ənənə
yaşayır, dövlət başçısı İlham Əliyev
ulu öndər Heydər Əliyevin kursunu uğurla davam
etdirir. Cənab İlham Əliyev ölkə həyatının
bütün sahələrində olduğu kimi, təhsilin,
elmin, incəsənətin və kənd təsərrüfatının
inkişaf səviyyəsinin yüksəldilməsinə
müntəzəm qayğı və diqqət göstərir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" müasir kəndin
simasını əsaslı surətdə dəyişdi. Bundan
əlavə aqrar sahənin inkişafı ilə əlaqədar
dövlət əhəmiyyətli sənədlər
imzalandı, yerlərdə bir-birindən faydalı tədbirlər
görüldü. Ən önəmlisi odur ki, dünyanı
bürüyən iqtisadi böhranla əlaqədar Prezident
İlham Əliyev 2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair dövlət proqramı irəli
sürdü. Məqsəd ölkənin hər bir vətəndaşının
sağlam həyat tərzi üçün onun müvafiq
normalara uyğun ərzaq məhsulları ilə tam təmin
edilməsinə nail olmaqdan ibarətdir. Həmin tarixi sənəddə
yüksək ixtisaslı kadr hazırlığının və
elmi tədqiqat işlərinin inkişaf yolları da öz əksini
tapmışdır.
Bu yaxınlarda Prezident
İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü ilərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda da aqrar bölmənin yüksəlişinə
çox böyük önəm verilir. Bununla əlaqədar
Aqrar Dövlət Universitetinin fəaliyyətinin də yenidən
qurulması zərurəti meydana çıxıb.
Son vaxtlarda kollektivdə
rəhbərliyin möhkəmləndirilməsi və təhsil
ocağına yeni statusun verilməsi ilə əlaqədar
universitetdə böyük canlanma duyulur. Universitetin baş
binasında, mexanizasiya, baytarlıq, aqronomiya korpuslarında
istilik sistemindən tutmuş qapı-pəncərələrin
təzələnməsinə, laboratoriya və fənn kabinetlərinin
müasir qaydada təchiz edilməsinədək hər şey əsaslı
surətdə yenidən qurulur. Kafedralar arasındakı
uyğunsuzluqlar aradan qaldırılır. Elmi-tədqiqat
institutları ilə əlaqə möhkəmləndirilir. İxtisasartırma
və əlavə təhsil mərkəzi yaradılır.
Elektron kitabxananın təşkilinə hazırlıq
görülür. Tələbə parlament qrupu
vaxtaşırı universitetin müstəqil idarə edilməsində
öz bacarığını sınaqdan keçirir.
Aqrar sahənin
qarşısında duran müasir tələblərə
uyğun olaraq yeni fakültələrin açılması, təzə
ixtisaslar üzrə mütəxəssis
hazırlığının təşkili üçün tədbirlər
görülür. Bu günlərdə keçirilən
toplantılardan birində universitetin rektoru professor Mirdaməd
Sadıqov bildirdi ki, müasir tələblərə uyğun
olaraq universitetdə "Dünya iqtisadiyyatı və maliyyə",
"Biznesin idarə edilməsi", "Qida sahəsində
dizayn", "Ekologiya mühəndisliyi",
"Balıqçılıq təsərrüfatı",
"Baytarlıq əczaçılığı" və başqa
ixtisaslar üzrə kadr hazırlığına
başlanılması nəzərdə tutulub. Bir sözlə,
Dövlət Aqrar Universiteti yeni yüksəliş yoluna qədəm
qoyub.
Bu uğurlarla, bu xoş
əhvali-ruhiyyə ilə də kollektiv 80 illik yubileyinə
hazırlaşır.
Nurəddin MƏMMƏDOV,
Azərbaycan Dövlət Aqrar
Universitetinin professoru
Azərbaycan.- 2009.- 22.- S. 6.