Azərbaycan Avropanın mühüm strateji tərəfdaşıdır

 

Azərbaycanın Avropa İttifaqı üçün strateji tərəfdaş olması və sözügedən qurumun Cənubi Qafqaz siyasətində mühüm əhəmiyyət daşıması bu təşkilatın özündə də ən yüksək səviyyədə etiraf edilməkdədir. Bunu Avropa İttifaqını təmsil edən ayrı-ayrı yüksək vəzifəli təmsilçilərin, həmçinin qurum tərəfindən hazırlanan hesabatlarda da aydın görmək mümkündür.

Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının İcrası üzrə illik hesabatda qeyd olunur ki, Xəzər dənizinin neft və qaz ehtiyatları baxımından Azərbaycan həm hasilatçı, həm də tranzit ölkə olaraq Avropa İttifaqının strateji tərəfdaşıdır. Hesabatda Azərbaycan iqtisadiyyatının 2008-ci ildə də sürətli templə inkişafının davam etdiyi, ümumi daxili məhsulun artımının 10,8 faizə çatdığı bildirilir. Hesabat müəllifləri onu da xüsusi qeyd edirlər ki, Azərbaycan iqtisadiyyatında göstərilən artım təkcə neft və qazın ixracı sayəsində baş verməyib. Ölkədə qeyri-neft sektoru da güclü maliyyə stimullarına cavab verib və bu sahədə 15,7 faizlik artım qeydə alınıb, nəticədə tikinti, xidmət və kənd təsərrüfatı geniş şəkildə inkişaf edib. O da qeyd edilir ki, iqtisadiyyatın belə çoxşaxəli inkişafı ölkənin uzunmüddətli tərəqqisi baxımından böyük əhəmiyyət daşıyır.

Bununla yanaşı, hesabatda göstərilir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın ümumi xarici ticarətinin təxminən 30 faizi məhz Avropa İttifaqı ilə həyata keçirilib: "2008-ci ildə Avropa İttifaqı ilə ikitərəfli ticarətin ümumi dövriyyəsi 12,6 milyard avroya çatıb, Azərbaycanın Avropa İttifaqına ixracı 10,55 milyard avro olub. Hesabat dövrü ərzində Avropa İttifaqının Azərbaycana ixrac etdiyi məhsulların ümumi dəyəri isə 2 milyard avro təşkil edib".

Avropa İttifaqı ölkələrindən Azərbaycana əsasən maşın və nəqliyyat avadanlığı, o cümlədən onların hazırlandığı əsas metallar, məhsullar və kimyəvi maddələr ixrac edilib. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı ilə həyata keçirilən xarici ticarətdə Azərbaycan üçün təxminən 8,6 milyard avroluq müsbət saldo yaranıb.

Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşına çevrilməsi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən də xüsusi olaraq vurğulanır. Prezident İlham Əliyevin Belçikaya səfərində onunla görüşən Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaşdır. Bu səbəbdən Avropa İttifaqı ölkəmizlə qarşılıqlı maraqlara söykənən əməkdaşlığın daha da dərinləşməsini istəyir. Bu məqamla əlaqədar Joze Manuel Barrozu aşağıdakıları bildirir: "Əminəm ki, dialoq və əməkdaşlığımızın intensivləşdirilməsi hər iki tərəfə böyük fayda gətirəcəkdir. Artıq on ildir ki, həyata keçirilən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi möhkəm bünövrədir. Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faizi təşkil edərək bu ölkənin əsas ticari tərəfdaşıdır. Biz etiraf edirik ki, münasibətlərimizi irəliyə doğru aparmaq istəyirik və bunu edə bilərik. Biz Avropa ilə daha sıx əməkdaşlığın aparılması məqsədilə Azərbaycan tərəfindən atılmış bütün addımları alqışlayırıq. Hesab edirəm ki, bu, həm Azərbaycanın, həm də bütövlükdə Avropa İttifaqının marağındadır".

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dinamik inkişafı təkcə iqtisadi və enerji sahələrində yox, digər sferalarda, o cümlədən siyasi əlaqələrdə də özünü aydın büruzə verir. Bu xüsusda isə tərəflərin qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı və "Şərq tərəfdaşlığı" proqramı ayrıca diqqət cəlb edir. Göstərilən məqamlara toxunan Prezident İlham Əliyev qeyd edir: "Biz öz siyasi sistemini, sosial problemlərin həllini və iqtisadi azadlıqları Avropa İttifaqının meyarlarına uyğunlaşdıran müasir ölkəni, müasir Azərbaycanı qurmaq istəyirik və hesab edirəm ki, Avropa İttifaqı, xüsusən də Qonşuluq Proqramı və "Şərq tərəfdaşlığı" bu müsbət meyli gücləndirəcəkdir".

Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının İcrası üzrə illik hesabatda da qeyd olunur ki, Azərbaycan Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə qatılmağa dəvət olunduğu bəyannamələrə qoşulub ki, bu da onun beynəlxalq arenada Avropa İttifaqı ilə eyni səslə danışmasına təkan verməkdədir. Hesabatda bildirilir ki, Avropa Komissiyası Azərbaycan və daha 5 postsovet ölkəsinə "Şərq tərəfdaşlığı" proqramının imzalanmasını təklif edib və buna müsbət cavab alıb.

Joze Manuel Barrozu etiraf edir ki, sözügedən proqram üzrə də Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Onu da bildirək ki, "Şərq tərəfdaşlığı" proqramına dəvət olunan 6 MDB ölkəsinin xarici işlər nazirlərinin müavinləri Praqada keçirdikləri görüşdə Çexiya tərəfindən təqdim olunan Bəyannamə layihəsini təsdiq ediblər. "Şərq tərəfdaşlığı" sammitinin mayın 7-də Praqada keçirilməsi isə artıq qətiləşib.

Bütün bunlar siyasi sahədə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin əyani göstəricisidir. Lakin əlbəttə ki, tərəflər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində ən vacib məqamlardan biri enerji sferasında həyata keçirilən əməkdaşlıqdır. Bu gün heç kimə sirr deyil ki, Avropa öz enerji təhlükəsizliyinin təminatında Azərbaycana xüsusi önəm verir. Bunun nəticəsidir ki, qeyd edilən sahədə əməkdaşlığın inkişafı Avropa İttifaqının xarici siyasətində əsas prioritetlərdən birini təşkil edir. Bu məqamla bağlı Joze Manuel Barrozu bildirir: "Biz hesab edirik ki, enerji Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlər üçün çox mühüm amildir. Əməkdaşlığımızın gücləndirilməsi ilə bağlı fikirlərdə yekdilik. Bildiyiniz kimi, təhlükəsizlik Avropa İttifaqı üçün ən vacib prioritetdir. Azərbaycan həm hasilatçı, həm tranzit ölkə baxımından əhəmiyyətli tərəfdaşdır".

Hazırda Avropanın enerji məsələlərində Azərbaycanla həyata keçirmək istədiyi ən böyük layihələrdən biri Nabukkodur. Azərbaycan bu layihə ilə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Prezident İlham Əliyev Rusiyanın "Vesti" telekanalına və İTAR-TASS informasiya agentliyinə müsahibələrində bir daha qeyd edib ki, Nabukko inşa olunacağı təqdirdə, Azərbaycan öz qazının bir hissəsini bu kəmər vasitəsilə ötürməyə hazırdır. Hazırda Nabukko layhiəsinin reallaşması məsələsi sırf Avropa ölkələrindən asılıdır. Azərbaycanın Nabukko ilə bağlı mövqeyi isə elə Avropanın özündə də təqdir olunur. Joze Manuel Barrozu bildirir ki, Nabukko layihəsi bütöv region və Avropa üçün önəmlidir: "Azərbaycan tərəfindən enerji siyasəti sahəsində qəbul edilmiş çətin, lakin cəsarətli qərarları alqışlayıram. Fikrimizcə, bu, elə bir mühüm sahədir ki, Azərbaycan ilə Avropa İttifaqı konkret fayda əldə edə bilərlər. Biz Azərbaycan ilə bir çox sahələrdə birgə işləmək arzusundayıq".

Onu da qeyd edək ki, neft və neft məhsullarının idxalı və ixracı ilə məşğul olan bütün dövlətlər Azərbaycanın enerji siyasətini dəstəkləyirlər. Üçüncü Xəzər neft-qaz ticarət nəqliyyat konfransında bununla bağlı vurğulanıb ki, hansısa bir dövlət istəsə belə, bu siyasətə mane ola bilməyəcəkdir. Dünyanın 20 ölkəsindən 150 şirkətin qatıldığı konfransda Avropanın enerji təhlükəsizliyi, onun təmin edilməsində Xəzər hövzəsinin, xüsusən Azərbaycanın rolu bir daha yüksək qiymətləndirilib.

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı haqqında Memorandum da imzalanıb. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da uğurla inkişaf etməsində mühüm rol oynayıb. Azərbaycan bundan sonra da Avropa ilə həyata keçiriləcək birgə layihələrə, o cümlədən Nabukkoya dəstək verdiyini ən yüksək səviyyədə etiraf edib. Bu məqamla bağlı Belçika səfərində Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşdən sonra birgə keçirilən mətbuat konfransında deyib: "Mən Avropada müzakirə olunan layihələrə bir daha öz dəstəyimi bildirdim. Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz Nabukko, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan, əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır. Əminəm ki, bu səfər və gələcəkdə atılacaq addımlar həmin münasibətləri möhkəmləndirəcəkdir".

Qeyd edilənlər Azərbaycanın bir daha Avropa üçün strateji tərəfdaşlardan biri olduğunu əyani nümayiş etdirir. Bunun nəticəsidir ki, Avropa ölkələri, o cümlədən Avropa İttifaqında yer alan dövlətlər Azərbaycanla təkcə enerji yox, digər sahələrdə də əlaqələrin inkişafına xüsusi diqqət yetirməkdədir. Bu məqam Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycana səfərində bir daha öz əksini tapdı. Prezident İlham Əliyevlə Piter Semnebinin görüşündə yenidən Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə toxunulub və bu münasibətlərin dinamik inkişaf etdirildiyi bir daha qeyd olunub. Bununla bağlı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib: "Görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər, xüsusilə Praqada imzalanmış "Şərq tərəfdaşlığı" Bəyannaməsi, "Cənub dəhlizi" sazişi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub. Mayın 7-8-də imzalanmış "Şərq tərəfdaşlığı" Bəyannaməsi və "Cənub dəhlizi" sazişi çox mühüm sənədlərdir, bu sənədlər Azərbaycanla Avropa İttifaqının gələcək münasibətləri üçün gözəl baza yaradır. "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrə Avropa İttifaqı ilə ikitərəfli münasibətlərdə yeni imkanlar yaradır".

"Şərq tərəfdaşlığı" proqramının Azərbaycan üçün vəd etdiyi dividendlər gətirəcəyini və bunun ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm rol oynayacağını Macarıstan Parlamentinin Avropa İşləri üzrə Komitəsinin sədri Matyas Eörşi də etiraf edib. Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirən Matyas Eörşi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın ölkəsi ilə əməkdaşlığını da yüksək qiymətləndirib. Prezident İlham Əliyevlə görüşündə Macarıstan parlamentinin Avropa İşləri üzrə Komitəsinin sədri bununla bağlı bildirib: "Azərbaycanın sürətli inkişafı, respublikada həyata keçirilən hüquqi, demokratik islahatların uğurlu nəticələri Sizin ölkənizin parlaq gələcəyindən xəbər verir. Azərbaycan çox çevik inkişaf edir. Biz Sizin ölkənizə ümidlə baxırıq. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının tamhüquqlu üzvü olacaq".

Avrora İttifaqı ilə münasibətlərin inkişafı fonunda sözügedən qurumun maraq göstərdiyi məsələlərdən biri də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün tezləşməsidir. Çünki bu, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə sərbəst ticarət münasibətləri qurmasına münbit şərait yaradır. Bu məqama toxunan Piter Semnebi qeyd edir: "Ümidvaram ki, Azərbaycan tezliklə bu təşkilatın üzvü olacaq. Biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunmasında maraqlıyıq. Ümidvarıq ki, bu istiqamətdə danışıqlar uğurla nəticələnəcək".

Avrora İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi fonunda Azərbaycanın diqqət yetirdiyi ən mühüm məqamlardan biri isə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Artıq Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Avrora İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini gücləndirmək və bu problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çalışmaqdadır. Bunun nəticəsidir ki, Piter Semnebi də Dağlıq Qarabağ məsələsinin Avropa İttifaqı üçün mühüm məsələ olduğunu bildirib: "Biz danışıqlar prosesində irəliləyiş əldə olunacağına ümid bəsləyir və Minsk qrupunun səylərini dəstəkləyirik. Ümidvarıq ki, bu danışıqlarda irəliləyiş əldə olunacaq. Bu, Avropa İttifaqı üçün mühüm mərhələdir. Avropa İttifaqı bu prosesə öz töhfəsini verə bilər. İmkan yaranan kimi, biz bunu edəcəyik. Töhfəmiz Minsk qrupunun səylərinə, ATƏT-in səylərinə dəstək şəklində olacaq. Yəni, biz müstəqil şəkildə heç nə etməyəcəyik, beynəlxalq birliyin səylərinin koordinasiya edilməsi çox vacibdir. Bizim ixtiyarımızda çox imkanlar var. Bu imkanlara etimad mühitinin yaradılması və s. daxildir. Burada istifadə edilməmiş potensial mövcuddur". Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir: "Bu, bir həqiqətdir ki, proses aktivləşir və hazırda bu vacibdir, hətta qanunauyğundur. Bu, elə bir vaxtda baş verir ki, digər proseslər davam edir və Avropa İttifaqı regiona daha da yaxınlaşır".

Məhz belə bir vaxtda Avropa İttifaqının ən aparıcı üzvlərindən biri olan Almaniyanın ali orqanı - Bundestaq Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edən qətnamə qəbul edib. Qətnamədə münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsipi üstün tutulur: "Bütün dövlətlər - Ermənistan, Azərbaycan və Gürcüstanın ATƏT-in Paris Xartiyası ilə müəyyən edilmiş öz tərəfdaşlarını və müttəfiqlərini azad seçmək hüququnu tanımalıdır. ATƏT Xartiyasının prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını təmin edir. Sərhədlər yalnız tərəflər arasında razılaşma əsasında dəyişdirilə bilər. Bu prinsiplər Cənubi Qafqazda və Avropanın digər regionlarında münaqişələrin həlli üçün bütün səylərin əsasını təşkil edir".

Qətnamədə Bundestaq Almaniya hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin yerinə yetirilməsi üçün bütün səylərini səfərbər etməyə çağırır. Sənəddə bildirilir ki, həll olunmamış münaqişələr hər zaman gərginliyin artmasına və silahlı qarşıdurmalara gətirib çıxara bilər, bu da həm bölgənin özü, həm də qonşuluqda yerləşən dövlətlər, o cümlədən Avropa üçün arzuolunmaz nəticələrə səbəb olar.

Almaniya Bundestaqında təmsil olunan bütün fraksiyalar birmənalı şəkildə Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını pisləyərək Ermənistanın Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar. İşğal olunmuş ərazilərdə etnik təmizləmə aparılaraq əhalinin öz yurd-yuvalarından qovulması pislənilib, qaçqın düşmüş insanların geri qaytarılmasının zəruriliyi qeyd edilib.

Bütün bunlar Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsinin təkcə iqtisadi yox, həm də mühüm siyasi əhəmiyyətə malik olduğunu göstərir. Həmçinin münasibətlərin inkişafı fonunda Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun bu təşkilatın da təhlükəsizliyinə hədə olduğunu daha aydın müşahidə etmiş olur. Elə bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün qədər tez həll edilməsində maraqlı tərəflərdən biri kimi məhz Avropa İttifaqının çıxış etməsini stimullaşdırır.

 

 

R.İslamoğlu

 

Azərbaycan.-2009.-24 may.-S.1.