Etimada əsaslanan tərəfdaşlıq

 

Azərbaycanda son illər milli mənafelərə əsaslanmaqla həyata keçirilən xarici siyasət kursunun prioritet istiqaməti güclü və müstəqil dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi mühitini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. İqtisadi, siyasi və hərbi potensialı ilə beynəlxalq münasibətlər sistemində xüsusi yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində daim vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay gerçəkləşən işgüzar səfəri ikitərəfli iqtisadi-ticari əlaqələrə əlavə impulslar vermək, genişmiqyaslı əməkdaşlıq üçün mövcud potensialdan hərtərəfli yararlanmaq, habelə enerji sahəsində bir sıra yeni layihələri reallaşdırmaq nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır.

 

Diplomatik münasibətlərin möhkəm təməli

 

2000-ci ildə Rusiya Federasiyasının rəhbərliyinə praqmatik və rasional təfəkkürlü bir liderin - Vladimir Putinin gəlişindən sonra rəsmi Moskvanın xarici siyasət strategiyasında praqmatik düşüncə tərzinin önə çıxması digər ölkələrlə olduğu kimi, Rusiyanın Azərbaycanla münasibətlərindəki əvvəlki mənfi meyillərin də keyfiyyətcə yeni siyasi dəyərlərlə əvəzlənməsinə rəvac verdi. Rusiyanın gənc və enerjili rəhbərinin irəli sürdüyü realist konsepsiya, habelə dövlətlərarası münasibətlərə konstruktiv yanaşma tərzi çoxəsrlik tarixi-siyasi, iqtisadi bağlılığı olan iki qonşu ölkə arasında əlaqələrin möhkəm təməl üzərində qurulmasını təmin etdi.

Bu gün Azərbaycanın Cənubi Qafqazda Rusiya ilə qarşılıqlı etimada, sivil əməkdaşlığa əsaslanan bərabərhüquqlu münasibətlər sistemi yaradan yeganə dövlət olması rəsmi Bakının milli maraqlara əsaslanan qətiyyətli siyasət yeritməsi ilə şərtlənir. Məhz bu prinsipial siyasətin nəticəsi olaraq Rusiyanın hakim dairələri Azərbaycanla təhdid dilində danışmağın, eləcə də enerji məsələlərini geosiyasi "təzyiq aləti"nə çevirməyin mənasızlığını anlayaraq münasibətlərin konstruktiv dialoq və əməkdaşlıq müstəvisində təşəkkül tapmasına üstünlük vermişlər.

Şübhəsiz, böyük siyasətdə şəxsiyyət amilinin, şəxsi münasibətlərin rolu danılmazdır. Bu mənada cənab Vladimir Putinlə ulu öndər Heydər Əliyev arasında mövcud olmuş şəxsi dostluq münasibətləri, eləcə də qarşılıqlı inam və etimad dövlətlərarası münasibətlərin sivil və isti məcrada yüksəlişini təmin etmişdir. 2001-ci ilin əvvəlində Rusiyanın sabiq prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri iki dövlət arasında uzun illərdən bəri gərginlik mənbəyi kimi mövcud olan bir sıra problemlərin həllinə şərait yaratmışdı. 2001-ci ilin 9 yanvarında Vladimir Putin və ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış Bakı Bəyannaməsində göstərilirdi ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası onların dövlət suverenliyi və müstəqilliyinə qarşılıqlı hörmət etmək, bərabərhüquqlu və bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək, təhlükə qüvvəsindən istifadə etməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin sülh yolu ilə həll olunması... həmçinin beynəlxalq hüququn qəbul edilmiş normaların prinsipləri əsasında ikitərəfli əlaqənin yeni, strateji əməkdaşlığın daha yüksək mərhələsinə qaldırılması məqsədini güdürlər".

2002-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin Rusiyaya reallaşan rəsmi səfəri isə iki qonşu dövlət arasında mübahisə və gərginlik predmeti kimi nəzərdən keçirilən bir sıra məsələlərin həllinə imkan yaradaraq münasibətlərdə tamamilə yeni mərhələnin təməlini qoymuşdur. Səfərin gedişində ən müxtəlif sahələrdə işbirliyi təşəbbüsləri nəzərdən keçirilmiş, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında birgə bəyannamə" imzalanmışdır. Məhz həmin razılaşmanın nəticəsi olaraq hazırda Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin statusu məsələsində eyni mövqedən çıxış edirlər.

 

Azərbaycanın əsas iqtisadi partnyoru

 

Dövlətçilikdə siyasi varislik ənənəsi ilk növbədə milli maraqlara əsaslanan xarici siyasət prioritetlərinin davam etdirilməsini nəzərdə tutur. Bu baxımdan ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət təlimini uğurla davam etdirən Prezident İlham Əliyev qonşu dövlətlərlə, o cümlədən dünya siyasətində xüsusi yeri və çəkisi olan Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə ilk gündən vacib amil kimi diqqət yetirir. Cənab İlham Əliyev Qərbə inteqrasiyanı əsla Rusiya ilə münasibətlərə xələl gətirəcək amil kimi qəbul etmir və bu yanaşmanı kökündən yanlış sayır.

Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığı zəruri edən başlıca amillərdən biri də məhz bu ölkələrin tarixən formalaşmış iqtisadi əlaqələridir. Sovetlər Birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxsa da, siyasi münasibətlərdəki soyuqluq buna müəyyən problemlər yaradırdı. Son illərdə isə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır və bunların 70-i dövlətlərarası və hökumətlərarası sənədlərdir.

Keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə ilk səfər etdiyi ölkələrdən birinin Fransadan sonra məhz Rusiya Federasiyası olması da bir sıra obyektiv reallıqlarla şərtlənmişdir. Cənab İlham Əliyevin son beş ildə Rusiyaya dəfələrlə səfər etməsi təsdiqləyir ki, rəsmi Kremlin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa olan marağı kifayət qədər səmimidir. Son 10 ildə ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanmışdır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi münasibətlər yüksək dinamizmlə inkişaf edir, müxtəlif iqtisadi layihələr həyata keçirilir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə MDB məkanında Rusiya Azərbaycanın əsas tərəfdaşı olaraq qalır. Qlobal böhranla müşayiət olunan 2008-ci ildə iki qonşu dövlət arasında əmtəə dövriyyəsinin 40 faiz artaraq 3 milyard dollara yaxınlaşması qarşılıqlı faydalı əməkdaşlıq üçün mövcud olan zəngin potensialdan xəbər verir. Azərbaycan Rusiyadan əsasən buğda, qənd, şəkər çuğunduru, siqaret, sement qlingeri, meşə materialları, metal boru, ehtiyat hissələri, avtomobil idxal edir. Respublikamızdan Rusiyaya kartof, tomat, qoz, meyvə, çay, yağ, bitki yağı, piy, şirə, pambıq lifi, neft və neft-kimya məhsulları ixrac olunur.

Hazırda Azərbaycanda təxminən 350 Rusiya şirkəti fəaliyyət göstərir və onların 82-si 100 faiz Rusiya kapitalına məxsusdur. Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak edirlər, bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da ölkəmizlə iqtisadi əlaqələri gücləndirməkdə maraqlı görünürlər. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanmışdır.

Rusiya Federasiyasının sabiq Prezidenti Vladimir Putinin 2006-cı ildə Azərbaycana gerçəkləşən rəsmi səfərinin yekunları isə göstərdi ki, iki qonşu dövlətin mövqeyi bir çox regional və beynəlxalq məsələlərdə üst-üstə düşür. Rəsmi Moskvanın Güney Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycana münasibətində etimad və inam getdikcə möhkəmlənir. Vladimir Putinin Bakıya səfəri, eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyini ön plana çıxarmışdır.

Rusiya Federasiyasında hakimiyyət olimpinə cənab Vladimir Putindən sonra onun gənc və enerjili siyasi varisi, rasional düşüncəli Dmitri Medvedevin yüksəlməsi ölkələrimiz arasında münasibətlərin qarşılıqlı maraqlar müstəvisində inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Rusiya Federasiyasının yeni prezidentinin 2008-ci ilin yayında Bakıya gerçəkləşmiş rəsmi səfərinin yekunları deməyə əsas verir ki, iki qonşu dövlət arasında tarixi təmələ söykənən əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün yaxşı imkanlar mövcuddur. Rusiyanın dövlət başçısının ilk səfərlərindən birini məhz Azərbaycana etməsi bu ölkənin yeni rəhbərliyinin respublikamızın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirməsindən xəbər verir.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana ilk rəsmi səfərini ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev demişdir: "Sovet İttifaqı dağılandan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər, xüsusən indiki mərhələdə, 2000-ci illərdən başlayaraq çox dinamik, konstruktiv şəkildə inkişaf edir. Bu əlaqələr səmimi, mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanır. Bugünkü səfər buna parlaq sübutdur".

 

Tarixi kökə söykənən humanitar əlaqələr

 

Təcrübə göstərir ki, xalqlar arasında mövcud olan tarixi-mədəni əlaqələr diplomatik münasibətlərin səmərəli qurulmasında az əhəmiyyət daşımır və rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili hər zaman nəzərə almağa çalışmışdır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, yüksək tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət impulslar verir. Azərbaycan bu gün MDB-də azsaylı respublikalardan biridir ki, burada dövlət büdcəsi hesabına rus dilinin, rusdilli təhsilin inkişafına diqqətlə yanaşılır.

Respublikada rus dilinin öyrənilməsi zərurəti ilk növbədə Azərbaycanın tarixən Rusiyaya yaxından bağlı dövlət olması ilə şərtlənir. Xalqımız bir sıra obyektiv tarixi proseslər fonunda rus dili ilə bağlı olmuş, dünya mədəniyyətinə məhz bu dilin köməyi ilə çıxmışdır. XIX-XX əsrlərdə respublikamızın bir çox nüfuzlu ziyalıları, yazıçı və dramaturqları Rusiyada yüksək ali təhsil almışlar. İki əsrdən artıq müddətdə respublikamızda rus dilinin, mədəniyyətinin və maarifinin pozitiv təsirləri duyulmuş, mütərəqqi təhsil ənənələrinin, elmi potensialın formalaşmasında öz sözünü demişdir. Eyni zamanda, hazırda Rusiyada güclü Azərbaycan diasporu mövcuddur - 2 milyondan çox azərbaycanlı bu ölkədə yaşayır, fəaliyyət göstərir. Qonşu ölkədə yaşayan azərbaycanlılar ictimai-siyasi, sosial-iqtisadi, mədəni, elmi sahələrdə çalışır, dövlətçiliyin möhkəmlənməsinə, ikitərəfli əlaqələrə öz layiqli töhfələrini verirlər. Onlar yaşadığı ölkənin dilini, mədəniyyətini, tarixini bilmək məcburiyyətindədirlər. Bu incə məqam da Azərbaycanda rus dilinin öz aparıcı mövqelərini qorumasında mühüm rol oynayır. "Azərbaycanda, demək olar ki, bütün dövlət ali məktəblərində rus dilində tədris var. Yəni bu ona görə qorunub saxlanılmışdır ki, Azərbaycan dilini bilməyən və ya yaxşı bilməyən insanlar əziyyət çəkməsinlər. Ona görə də hamı üçün eyni şərait yaradılmışdır və bunu qiymətləndirmək lazımdır. Biz bunu qiymətləndiririk, Rusiya bunu qiymətləndirir, odur ki, bu amil dövlətlərarası münasibətlərdə çox vacibdir, insanlar ölkələrimiz arasında baş verən proseslərə çox həssas yanaşırlar" - deyə dövlət başçısı İlham Əliyev vurğulayır.

Bir sıra MDB dövlətlərindən fərqli olaraq respublikamızda rus dilinin aktuallığını itirmədiyini statistik məlumatlar da təsdiqləyir. Hazırda respublikamızda sırf rus dilini tədris edən 20 məktəb mövcuddur və bu məktəblərdə 6000 mindən çoxq şagird təhsil alır. Eyni zamanda, 35 orta ümumtəhsil məktəbinin nəzdində rus dili bölmələri fəaliyyət göstərir və bu məktəblərdə 100 mindən artıq şagird rus dilində təhsil alır. Rus dilini tədris edən əsas elmi mərkəzlər sırasında Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti xüsusilə fərqlənir. Respublikamızın dövlət və özəl ali məktəblərində də rus dili fənni tədris olunur, rus xalqının ədəbiyyatı, mədəniyyəti yaxından öyrənilir.

İki ölkə arasında hələ 13 iyun 1997-ci il tarixdə imzalanmış "Ticarət-iqtisadiyyat, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında" sazişə əsasən, azərbaycanlı gənclər keçmiş SSRİ-nin süqutundan sonra ilk dəfə Moskva şəhərindəki nüfuzlu universitetlərdə təhsil almaq imkanı qazanmışlar. Həmin protokola əsasən Rusiya tərəfi hər il Azərbaycana bu ölkənin ali məktəblərində təhsil almaq üçün müəyyən olunmuş sayda yer ayırır. Rusiya Federasiyası son 10 ildə Türkiyədən sonra Azərbaycan vətəndaşlarının istər dövlət, istərsə də qeyri-dövlət xətti ilə ən çox təhsil aldığı ölkədir. Azərbaycanlı tələbələr Moskvanın ən nüfuzlu ali təhsil ocaqlarında - M.V.Lomonosov adına MDU-da, Moskva Maliyyə Akademiyasında, Rusiya Dövlət Tibb Universitetində, D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində, İ.M.Qubkin adına Dövlət Neft və Qaz Akademiyasında, Moskva Dövlət Cihazqayırma və İnformatika Akademiyasında, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasında, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında və digər universitetlərdə təhsil alırlar.

Humanitar sahədə əməkdaşlıq digər mühüm sahələri də əhatə etməklə, mədəni inteqrasiyaya zəmin yaradır. 2006-cı ildə müxtəlif siyasi və mədəni tədbirlərin keçirilməsi ilə əlamətdar olan "Rusiyada Azərbaycan ili" xalqlarımızı daha da yaxınlaşdırmış, qarşılıqlı etimadı gücləndirmişdir. 2007-ci ilin sentyabr ayında Bakıda keçirilmiş Beynəlxalq rus kitabı festivalı isə bütövlükdə Azərbaycanda Rusiya elminə və mədəniyyətinə olan yüksək diqqətin təzahürü kimi yadda qalmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 15 yanvar 2008-ci il tarixli sərəncamı ilə Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması və qısa müddətdə fəaliyyətə başlaması da humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə qurulduğunun əyani təsdiqidir.

 

Azərbaycan Rusiyaya qaz ixracına hazırlaşır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya bir müddət əvvəl gerçəkləşən işgüzar səfəri göstərir ki, iki qonşu dövlət arasında əməkdaşlığın yeni üfüqləri açılır. Bir zamanlar Azərbaycana mavi yanacaq nəql edən Rusiya hazırda Azərbaycan qazını almaq üçün rəsmi Bakı ilə intensiv danışıqlar aparır və bu məsələ cənab İlham Əliyevin qonşu ölkəyə işgüzar səfəri zamanı əsas müzakirə mövzularından olmuşdur.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev cənab İlham Əliyevlə görüşdə ikitərəfli əlaqələrin bütün sahələrdə müsbət dinamika ilə inkişafından razılıqla danışmış, əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını razılıqla qeyd etmişdir: "Biz keçən ili ticarət-iqtisadi baxımından çox yaxşı göstəricilərlə başa vurmuşuq. Əmtəə dövriyyəsinin həcmi 40 faiz artmışdır. Əlbəttə, bu il vəziyyət xeyli mürəkkəb olacaqdır. Bizim vəzifəmiz əldə edilən uğurları saxlamağa çalışmaqdır. Xüsusən ona görə ki, biz bu uğurlara təkcə enerji daşıyıcılarının mübadiləsi hesabına nail olmamışıq. Əmtəə dövriyyəsinin keyfiyyətcə artması xüsusilə əhəmiyyətlidir. Biz müsbət iqtisadi dinamikanı hətta iqtisadi böhran şəraitində də qoruyub saxlamağa çalışacağıq".

Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiya Prezidenti ilə şəxsi dostluq münasibətlərinin ikitərəfli əlaqələrə münbit perspektivlər açdığını qeyd etmiş, son illər iki qonşu dövlət arasında siyasi və iqtisadi əlaqələrin normal məcrada inkişafını razılıqla vurğulamışdır. Dövlət başçısı qlobal maliyyə şəraitində iki ölkə arasında əmtəə dövriyyəsinin 3 milyard dollara yüksəlməsi faktına xüsusi toxunmuş, rəsmi Bakının mövcud əlaqələrin strateji əməkdaşlıq ruhunda inkişafında maraqlı olduğunu bildirmişdir. "Əminəm ki, bütün çətinliklərə baxmayaraq, 2009-cu il bu mənada çox müsbət olacaq, çünki həm əməkdaşlıq sahələri genişlənir, həm də əmtəə dövriyyəsinin strukturu yaxşılaşır. Bu, ölkələrimiz arasında olan möhkəm siyasi münasibətlərin nəticələridir və bütün başqa sahələrə də təsir göstərir. Bakıda həm Moskva Dövlət Universitetinin filialının, həm də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılması, - bu hadisələr bizim axırıncı görüşümüzdən sonra baş vermişdir, - onu göstərir ki, bizim razılığa gəldiyimiz hər bir məsələ praktikada həyata keçirilir. Əlbəttə, biz bütün sahələrdə əməkdaşlığın daha da genişlənəcəyinə ümid edirik. Rusiya Azərbaycanın dostu, qonşusu, strateji tərəfdaşıdır. Biz əməkdaşlığımızı strateji tərəfdaşlıq ruhunda davam etdirmək niyyətindəyik".

Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Rusiyanın "Vesti" kanalına və İTAR-TASS agentliyinə müsahibəsi də ikitərəfli əməkdaşlığın mövcud durumu və perspektivləri ilə bağlı kifayət qədər nikbin qənaətə əsas verir. Cənab İlham Əliyev müsahibə zamanı Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif spektrlərinə toxunmuş, xüsusilə enerji sahəsində əməkdaşlığın fundamental prinsiplərini açıqlayaraq demişdir ki, son illər neft və elektrik enerjisi sahəsində mövcud olan ənənəvi əməkdaşlığa mavi yanacaq komponenti də əlavə olunur. Rusiyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi maraq göstərməsi isə, ilk növbədə, respublikamızın mövcud imkanları ilə şərtlənir. Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü strategiya nəticəsində Azərbaycanın son illərdə dünya enerji satışı bazarında çəkisinin və rolunun xeyli dərəcədə artması müşahidə olunur. Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı hazırda istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Respublikada uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaq, habelə dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir.

Rusiyanın "Vesti" kanalına və İTAR-TASS agentliyinə müsahibəsində dövlət başçısı İlham Əliyev respublikamızın son illərdə qaz idxalçısından qaz ixracatçısına çevrildiyini xüsusi vurğulamış, boru kəmərlərinin şaxələndirilməsi siyasətinə üstünlük verdiyini deyərək Rusiyaya qaz ixracının Azərbaycan üçün kommersiya prinsipləri baxımından cəlbedici olduğunu diqqətə çatdırmışdır. "Rusiya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq əvvəllər başqa formatda həyata keçirilirdi. Təxminən 2006-cı ilə qədər biz Rusiyadan qaz alırdıq. 2007-ci ildən bu əməkdaşlıq dayandırılmışdır. İndi isə artıq Rusiyaya Azərbaycan qazının satışından söhbət gedir. Nisbətən qısa müddət ərzində biz öz investisiya layihələrimizi, qaz hasilatına sərmayə qoyuluşunu xeyli dərəcədə həyata keçirməyə, qaz hasilatını ciddi şəkildə artırmağa və mahiyyət etibarilə qaz ixracatçısına çevrilməyə nail olmuşuq. Biz Türkiyə bazarına təqribən 7 milyard kubmetr qaz ixrac edirik, Türkiyə isə bu qazın bir hissəsini təkrar Yunanıstana ixrac edir. Beləliklə, bizim qaz fiziki mənada artıq Avropa İttifaqına çıxmışdır. Digər qaz kəməri vasitəsilə biz Gürcüstana qaz ixrac edirik. Üçüncü qaz kəməri vasitəsilə İranla mübadilə əməliyyatları aparılır. Təəssüf ki, bizim qonşulardan təkcə Rusiya ilə qaz sahəsində hələlik praktik nəticə yoxdur. Ona görə də bu boşluğu doldurmaq üçün, habelə qaz ixracını tam şaxələndirmək imkanına malik olmaq üçün Rusiya bazarı Azərbaycan üçün, əlbəttə, çox cəlbedicidir" - deyən dövlət başçısı Rusiyaya mavi yanacağın satışı ilə bağlı "Qazprom" ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Memorandumun imzalandığını bildirmiş, aparılan danışıqların müsbət nəticə ilə yekunlaşacağına ümidvar olduğunu söyləmişdir.

Azərbaycanın Rusiyaya qaz satışı hazırkı reallıqda geosiyasi amillərlə bağlı olmayıb sırf iqtisadi əməkdaşlıq prinsiplərinə əsaslanır. Rəsmi Bakı enerji amilindən hansısa ölkəyə qarşı "siyasi təzyiq aləti" kimi istifadə olunmasının əleyhinə olduğunu indiyədək bir sıra konkret situasiyalarda qətiyyətlə bəyan etmiş, özünün zəngin enerji resurslarından yalnız səmərəli əməkdaşlıq məqsədi ilə istifadə etmişdir. İstər neftin, istərsə də təbii qazın satışında məhz Azərbaycan xalqının və dövlətinin iqtisadi mənafeyi önə çəkilmişdir. Siyasi və iqtisadi öhdəliklərinə daim yüksək sadiqlik nümayiş etdirən rəsmi Bakı mavi yanacağın satışı məsələsinə də kommersiya prinsipləri prizmasından yanaşmağı vacib sayır. Rusiyaya mavi yanacağın satışı məsələsinə gəlincə, burada iqtisadi maraqlarla yanaşı, həm də ixrac kəmərlərinin şaxələndirilməsi, alternativ bazarların formalaşdırılması məsələsi əsas götürülür. Respublikamızın qaz hasilatının ildən-ilə artması fonunda bu yanaşma praqmatik düşüncəyə əsaslanır. İki il əvvəl ildə Rusiyadan 4,5 milyard kubmetr qaz alan Azərbaycan hazırda 8 milyard kubmetr qaz hasil edir. Respublikamızın illik qaz hasilatı potensialı isə 20 milyard kubmetrdən çoxdur.

Prezident İlham Əliyev müsahibə zamanı, həmçinin bildirmişdir ki, təsdiqlənmiş minimum ehtiyatları 2 trilyon kubmetr, perspektiv ehtiyatları isə 5 trilyon kubmetr olan Azərbaycanın tranzit məsələləri üzündən malik olduğu qazı hasil etmək imkanları məhduddur. Qazın Rusiyaya satışının digər texniki-iqtisadi üstünlüyü isə iki qonşu dövlət arasında qaz boru kəmərinin mövcudluğudur: "Buna görə də mən hesab edirəm ki, əsas məsələ Rusiya ilə Azərbaycan arasında həm qazın tranziti, həm də onun alqı-satqısı barədə razılığa gəlmək və irəliyə doğru hərəkət etməkdir. Bizim münasibətlərimizdə üstünlüklərdən biri ondan ibarətdir ki, artıq nəqliyyat infrastrukturu, yəni ciddi əlavə sərmayə qoyuluşu həyata keçirilmədən indi ildə ən azı 5 milyard kubmetr qaz nəql edə biləcək kəmər mövcuddur. Bizim aramızda tranzitlə bağlı məsələlər yoxdur, çünki biz qonşuyuq və bununla da müəyyən dərəcədə mürəkkəblik doğuran məsələ aradan qalxır... İndi yalnız qarşılıqlı surətdə faydalı kommersiya şərtlərini razılaşdırmaq, hansısa məqamların, yaxud bazar konyunkturunun əməkdaşlığımızın sonrakı gedişinə mane olmaması üçün uzunmüddətli əməkdaşlığa zəmanət məsələlərini razılaşdırmaq lazımdır. Saziş elə olmalıdır ki, tərəflərin hər hansı biri sonradan ona düzəlişlər etməsin. Onda irəliyə doğru hərəkət etmək olar".

Etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün, ilk növbədə, qabaqcıl texnologiya əsasında geniş və alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Təsadüfi deyildir ki, dövlət başçısı Rusiyanın "Vesti" kanalına və İTAR-TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyaya qaz satışı ilə yanaşı, "Nabukko" layihəsinin reallaşmasında da maraqlı olduğunu gizlətməmişdir: "Nabukko layihəsi üzrə konsorsiumun üzvü olan dövlətlər bu gün Azərbaycana potensial təchizatçı kimi yanaşır. Nabukko layihəsinin başqa layihələrdən fərqi isə ondadır ki, bu boru kəmərinin inşası ilə hasilatçılar deyil, istehlakçılar məşğul olur. Bu baxımdan istehlakçıların maliyyə məsələlərində razılığa gəlməsi son dərəcə vacibdir. Azərbaycan Nabukko layihəsinin təşəbbüsçüsü və iştirakçısı olmasa da, tranzit və təchizatçı ölkə qismində layihənin gerçəkləşməsinə dəstək verə bilər".

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin yekunları deməyə əsas verir ki, güclü istehsal və hərbi-sənaye kompleksinə, tranzit əhəmiyyətinə görə fərqli imkanlara malik dövlətlərdən sayılan Rusiya respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşır, ikitərəfli münasibətlərdə inam və etimad çalarları daha da möhkəmlənir. Tarixən bir-birinə bağlı olmuş iki qonşu dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə dinamizmlə davam etdirilməsi, xüsusən də enerji sahəsində əlaqələrin möhkəmləndirilməsi müştərək iqtisadi maraqların diktə etdiyi geosiyasi zərurətdir.

 

 

Xalid Niyazov

 

Azərbaycan.-2009.-24 may.-S.2.