Var olsun qurub-yaradan əllər

 

Son illər Bakıda aparılan yenidənqurma işləri nəticəsində magistral yolların, prospekt küçələrin görkəmi xeyli dəyişib. Yollarda hər saat müşayiət olunan tıxaclar xeyli aradan qaldırılıb. Beynəlxalq standartlara uyğun tikilmiş körpülər, yolayırıcı zolaqlar, piyada dəmir yolu keçidləri, dekorativ yaşıllıqlar, müasir işıqlandırma sistemi zövq oxşayır. Bu günlərdə paytaxtın müxtəlif yerlərində yeni yolötürücü, körpü-tunel əsaslı şəkildə yenidən qurulmuş yeraltı piyada keçidlərinin istifadəyə verilməsini şəhər sakinləri böyük razılıq hissi ilə qarşılamışlar.

Montin qəsəbəsində, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücünün inşasına ötən ilin iyulunda başlanmışdı. Açılışında ölkə Prezidentinin iştirak etdiyi bu yolötürücünun tikintisində yerli xammalla yanaşı, İtaliya, İspaniya, Türkiyə Hindistandan gətirilmiş materiallardan da istifadə olunub. Yagış qrunt sularının axıdılması üçün drenaj xətləri çəkilib, müasir işıqlandırma sistemi quraşdırılıb, yardımçı yollar salınıb. Ən başlıcası isə, Ağa Nemətulla küçəsi Heydər Əliyev prospekti ilə hərəkət edən nəqliyyat vasitələri bir-birinə mane olmadan keçib gedə biləcək.

Bu barədə minnətdarlıq hissiylə danışan paytaxt sakini Eldar Cəbrayılov deyir:

- Evimiz Heydər Əliyev prospektinə yaxındır. Əvvəllər ətrafda yaşayan insanlar, avtomobil sürücüləri çətinliklərlə qarşılaşır, xeyli vaxt itirirdilər. Ancaq bugünkü ürəkaçan mənzərə, rahatlıq çətinlikləri unutdurub. Var olsun bu cür qurub-yaradan əllər.

Heydər Əliyev prospektində dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin açılışı da şəhər sakinləri tərəfindən razılıqla qarşılanıb. Milli memarlıq elementləri ilə işlənmiş bir istiqamətli, hər birinin eni 3,5 metr olan iki hərəkət zolaqlı körpü-tunelin eni 7 metr, ümumi uzunluğu 400 metr, qapalı hissəsinin uzunluğu 88 metrdir.

Bakı sakini Çərkəz Rzayev deyir ki, Heydər Əliyev prospektində aparılmış yenidənqurma işlərindən sonra yol 12 zolaqlı olmuşdu. Amma prospektin bu hissəsində yolun 6 zolaqlı olması bəzi çətinliklər yaradırdı. Çox məmnunuq ki, həmin ərazidə iki yardımçı körpü-tunelin istifadəyə verilməsi ilə bu çətinliklərə birdəfəlik son qoyulub.

Heydər Əliyev prospektində əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi bu ərazidə yaşayan sakinlərə rahatlıq gətirmişdir. Nəqliyyatın hərəkətinin sıx olduğu massivdə yerləşən bu keçid uzun illər idi ki, yararsız vəziyyətdə idi. Piyadalar ondan çox az istfadə edirdilər, axşamlar ümumiyyətlə buradan keçməyə camaat ehtiyat edirdi.

Yenidənqurmadan sonra dörd çıxışı olan bu keçidin çıxışlarının hər birinin üstü sınmayan şüşə ilə örtülüb. Burada əlillərə qayğı da unudulmayıb. Uzunluğu 57,5 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metr olan keçidin pilləkənlərində əlil arabalarının hərəkəti üçün ayrıca yol var. Milli memarlıq ənənələrini özündə birləşdirən bu keçiddə istifadə olunan üzlük materiallar İtaliya, İspaniya, Türkiyə və Hindistandan gətirilib. Keçiddə zövqlə quraşdırılmış müasir işıqlandırma sistemi hava qaralan kimi avtomatik işə düşür.

Montin qəsəbə sakini Hüsniyyə Əliyeva bildirdi ki, Heydər Əliyev prospektinə yaxın məhəllədə yaşayırıq. Uşaqlarımızı 193 saylı orta məktəbə aparıb gətirmək üçün hər gün bu yolu iki-üç dəfə o yan-bu yana keçməli olurduq. Bu, təhlükəli idi. Dəfələrlə burada yol-qəza hadisəsi baş vermişdi. İndi yeraltı keçiddən rahat istifadə edirik. Məktəblilərin, biz valideynlərin, qocaların razılığının həddi-hüdudu yoxdur. Bizə bu rahatlığı, bu sevinci bəxş edən ölkə başçısına minnətdarlığımızı bildiririk.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində digər prospekt və küçələrdə də paytaxtımıza müasirlik, insanlara rahatlıq gətirəcək yeraltı keçid və yol qovşaqlarının tikintisi uğurla davam etdirilir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 22 may.- S. 7.