Bakıda Dünya
Türk Gəncləri
Birliyinin VIII liderlər
toplantısı keçirilir
Bakıda Dünya
Türk Gəncləri Birliyinin (DTGB) VIII liderlər
toplantısı keçirilir. Toplantını giriş
sözü ilə açan DTGB İcraiyyə Komitəsinin sədri,
Milli Məclisin deputatı Əkrəm Abdullayev toplantı
haqqında geniş məlumat vermiş və onun əhəmiyyətini
diqqətə çatdırmışdır. Bildirmişdir
ki, bugünkü toplantıda 28 dövlət toplumunun, muxtar
dövlətin və Avropanın müxtəlif ölkələrində
yaşayan türk soydaşlarımızın nümayəndələri
iştirak edirlər.
Birliyin əsas məqsədi
türksoylu xalqların gənclərini bir-birinə
yaxınlaşdırmaq, bu xalqların böyük bir ərazidə
yaratdıqları ortaq mədəniyyəti öyrənmək
və təbliğ etmək, türk dövlət və
topluluqlarında baş verən ictimai-siyasi, elmi-mədəni,
ekoloji-sosial problemlərə öz münasibətini bildirmək,
azsaylı türk xalqlarının hüquqlarının
dünya birliyi tərəfindən qorunması işinə
kömək etməkdən ibarətdir.
Ə.Abdullayev
vurğulamışdır ki, bu toplantı türk dövlət
və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq
əlaqələrini inkişaf etdirmək, onların
arasında informasiya mübadiləsini təmin etmək,
iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı
genişləndirmək və türk dövlətlərinin
ümumi problemlərini birlikdə həll etmək
yollarını araşdırmaq baxımından əhəmiyyətlidir.
DTGB-nin sədri Həsən
Əli Karasar (Türkiyə) qurumun yaranma tarixi və onun
gördüyü işlər barədə ətraflı məlumat
vermişdir. Bildirmişdir ki, bu təşkilat 13 qurultay və
bu tədbirlə birlikdə 8 liderlər toplantısı
keçirmişdir. Sonuncu qurultay və gənclik günləri
2007-ci ildə Makedoniyanın Ohri şəhərində
keçirilmişdir. Növbəti qurultay bu ilin iyulunda
Krımın Baxçasaray şəhərində təşkil
ediləcəkdir. İndiyədək bir dəfə Türk
Dünyası Gənclik günləri və qurultayı
(2000-ci il), iki dəfə isə liderlər toplantısı
(1993, 1997-ci illər) Bakıda keçirilmişdir. DTGB
Çində, Qərbi və Şərqi Avropada, ABŞ-da fəaliyyət
göstərən bir sıra türk təşkilatları ilə
daimi əlaqələr qura bilmişdir.
Gənclər və
idman naziri Azad Rəhimov dövlət tərəfindən gənclərə
göstərilən diqqət və qayğıdan bəhs
etmiş, toplantının əhəmiyyətini
vurğulamışdır. Bildirmişdir ki, bu toplantı
türk dünyası gəncliyi, o cümlədən Azərbaycan
gənclərinin həyatında əlamətdar hadisəyə
çevriləcəkdir. Bu tədbirdə ayrı-ayrı
dövlət və topluluqları təmsil edən 50-dən
çox gənc lider iştirak edir. Toplantıda aparılacaq
müzakirələr, verilən qərarlar yeni layihələrin
həyata keçirilməsinə yol açacaqdır. Hazırda
respublikamızı DTGB-də Gənclər Təşkilatlarının
Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyi
təmsil edir.
A.Rəhimov vurğulamışdır
ki, təkcə son 5 ildə ölkəmizdə 70-ə
yaxın beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlərdə
müxtəlif ölkələri təmsil edən 5 minə
yaxın gənc iştirak etmişdir. DTGB-nin hər
toplantısında Azərbaycanın ərazi
bütövlüyü məsələsi, qaçqın və
məcburi köçkünlərin durumu, işğal
olunmuş ərazilərimizdəki abidələrin vəziyyəti
diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər
Əliyev həmişə gənclərlə işə,
onların təşkilatlanmasına böyük diqqət və
qayğı ilə yanaşırdı. Bu gün ulu öndərimizin
siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev
tərəfindən gənc kadrların irəli çəkilməsi,
onların təhsil imkanlarının genişləndirilməsi,
təhsildə, elm və iqtisadiyyatda yeni texnologiyaların tətbiqi,
habelə xüsusi dövlət proqramının qəbulu gənc
nəslin önündə yeni perspektivlər
açmışdır.
Diqqətə
çatdırılmışdır ki, bu gün ölkəmizin
ictimai həyatında fəal gənclərin ön
sıralarında birləşən 170 qeyri-hökumət təşkilatı
fəaliyyət göstərir. 2015-ci ilədək müxtəlif
ölkələrin 100-ə yaxın nüfuzlu ali təhsil
ocaqlarında 5 min gənc mütəxəsissin
hazırlanmasını nəzərdə tutan müvafiq
dövlət proqramının icrasına
başlanılmışdır.
Türk
dünyasının sıx birliyindən danışan
Türkiyənin Azərbaycandakı səfiri Hulusi
Kılıç vurğulamışdır ki, türk
dünyası beynəlxalq siyasi arenada böyük nüfuz qazanmış
və kifayət qədər güclənmişdir. Elə bu
ilin ikinci yarısında türkdilli ölkələrin
parlamentariləri Bakıda bir araya gələcəklər.
Prezident
Administrasiyasının sektor müdiri Tahir Süleymanov, Milli Məclisin
deputatları Fəttah Heydərov, Qənirə Paşayeva,
Gültəkin Hacıyeva, Dünya Gənc Türk Yazarlar
Birliyinin sədri Əkbər Qoşalı Azərbaycan gənclərinin
ictimai-siyasi proseslərdə rolundan danışmış,
türk dövlətlərinin daha da sıx birləşməsinin
vacibliyini diqqətə çatdırmış, türk
dünyasının böyüklüyündən və əzəmətindən
bəhs etmişlər.
Vurğulanmışdır
ki, təşkilatın əsas məqsədlərindən biri
də türksoylu insanların yaşadığı ölkədən
asılı olmayaraq hüquqlarını müdafiə etməkdir.Diqqətə
çatdırılmışdır ki, Azərbaycan artıq
türk dünyasının mərkəzinə
çevrilmişdir. Ölkəmiz bu cür tədbirlərin
keçirilməsinə böyük önəm verir.
Toplantının rəsmi açılışından sonra
türkiyəli gəncin ifasında muğam səslənmişdir.
Toplantı mayın 26-da
başa çatacaqdır.
AzərTAc
Azərbaycan.-2009.-24 may.-S.3.