Azərbaycan investisiya cəlbediciliyini qoruyub saxlayır
İnkişaf
etmiş dövlətlərin təcrübəsi göstərir
ki, iqtisadiyyatın sabit və tarazlı tempini qorumaq
üçün özəl sektorun inkişafı yolu ilə
hər bir bölgənin tarixi məşğulluq ənənələrinin
qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət
başçısı İlham Əliyevin iqtisadi siyasətində
regional inkişaf məsələlərinə xüsusi diqqət
yetirilməsi, habelə milli sahibkarlığın
inkişafına yönəlmiş dövlət
proqramlarının, fərman və sərəncamların
imzalanması məhz bu reallığa əsaslanır. Ölkədə
əlverişli biznes və investisiya mühitinin
formalaşdırılması istiqamətində həyata
keçirilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın
bütün dünyada etibarlı iqtisadi tərəfdaş
kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində
respublikaya xarici sərmayə qoyuluşlarını təmin
edir.
Azərbaycan
iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi
və stimullaşdırılması ölkədə həyata
keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə
çevrilmişdir. Yerli və
xarici sahibkarların qüdrətli hamisinə
çevrilmiş dövlət başçısı İlham
Əliyevin gerçəkləşdirdiyi məqsədyönlü
strategiya nəticəsində respublikamızda özəl
sektor yeni inkişaf dönəminə qədəm qoymuş,
sahibkarlığın inkişafına diqqət
artırılmışdır. Kiçik və orta
sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi,
sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin
qarşısının alınması, özəl sektorda
inkişafa mane olan problemlərin həlli istiqamətində
mühüm addımlar atılmışdır. "Azərbaycanda
güclü biznes qurumları yaranır və mən də
bunu çox alqışlayıram. Mən istəyirəm ki,
ölkəmizdə bizneslə məşğul olan bir
neçə güclü şirkət olsun. Onlar həm
ölkəmizin iqtisadi potensialına öz töhfəsini
versinlər, həm də dünya bazarlarına
çıxsınlar, başqa ölkələrdə layihələrdə
iştirak etsinlər. Əlbəttə ki, biz dövlət tərəfindən
gələcəkdə də bunu təşviq edəcəyik"
deyən cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən səmərəli siyasətin
nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə
görə dünya ölkələri arasında ön
sıralardadır. 2008-ci ildə özəl sektorun ÜDM-dəki
payının 84,5 faiz təşkil etməsi, neft sektoru üzrə
7, qeyri-neft sektoru üzrə isə 15,7 faiz artımın əldə
olunması da ilk növbədə sahibkarlığa göstərilən
diqqət və qayğının nəticəsidir. Xüsusi
vurğulamaq lazımdır ki, 2003-cü ildə daxili investisiyaların
payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici
75 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan
investisiyalar son beş ildə 6,2 dəfə artaraq 2003-cü
ildəki 26,8 faizdən 2008-ci ildə 69 faiz olmuşdur.
2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard
dollar investisiya qoyulmuşdur və bu da müstəqillik illərində
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir.
Hökumətin investisiya layihələrinə,
o cümlədən infrastrukturun yeniləşdirilməsinə
xüsusi diqqət yetirməsi, bu sahədə əməli tədbirlərin
həyata keçirilməsi, yeni yolların çəkilməsi,
işıq, qaz, su və s. kommunal problemlərin həlli
sahibkarların normal fəaliyyətinə geniş imkanlar
açır. Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr
olunmuş iclasında açıqlanan məlumatlardan bəlli
olmuşdur ki, ötən il dövlət əsaslı vəsait
qoyuluşunun ümumi məbləği 4,2 milyard manat təşkil
etmişdir. Bu vəsaitin 60 faizə qədəri infrastruktur
layihələrinə, 20 faizə qədəri isə
sosialyönümlü layihələrə
yatırılmışdır. Ümumiyyətlə, Azərbaycanda
son illərdə infrastruktur sahələrinin inkişafına
qoyulan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə
artmış, çoxlu sayda elektrik stansiyaları tikilmiş,
qaz xətləri çəkilmiş, su və meliorasiya məsələlərinin
həlli üçün əməli-praktik işlər
görülmüşdür. Avtomobil yolları, dəmir yolu,
hava, dəniz nəqliyyatı və s. sahələrin
inkişafı özəl sektorun inkişafına dolayı
dövlət dəstəyi kimi də dəyərləndirilə
bilər. Ümumilikdə ölkənin hərtərəfli
inkişafı üçün reallaşdırılan
infrastruktur layihələrinin nəhəng transmilli layihələrlə
paralel şəkildə həyata keçirilməsi
qarşıya qoyulmuş məqsədlərin uğurla
tamamlanmasında öz sözünü deyir.
Prezident İlham Əliyevin 30
aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında" fərmanla
təsdiq olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın
1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını
Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti
subyektlərinin qeydiyyatının "vahid pəncərə"
prinsipi üzrə təşkili nəticəsində
qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı
30 faiz artmış, 2008-ci ildən idxal-ixrac əməliyyatlarında
da bu sistemin tətbiqinə başlanmışdır. Nəticədə
fəaliyyət göstərən vergi ödəyicilərinin
sayı 2003-cü ildəki 93 mindən 2008-ci ildə 200 minə
çatmış, eləcə də sahibkarlara öz
hesabatlarının, vergi bəyannamələrinin təqdim
olunmasında, vergi ödənişlərində elektron xidmətlərdən
istifadə etmək şəraiti yaradılmışdır.
Ümumiyyətlə, son illərdə ixracın
stimullaşdırılması, xarici bazarlara
çıxış imkanlarının genişləndirilməsi
məqsədilə görülmüş tədbirlər nəticəsində
Azərbaycan ABŞ və Norveçin "CSP", Avropa
İttifaqının "CSP+" proqramlarına daxil
edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına 27 Avropa
ölkəsi, ABŞ və Norveç bazarlarına rüsumsuz
və ya çox aşağı rüsumlarla ixrac imkanları
yaradır.
Qlobal maliyyə böhranına
baxmayaraq, respublikamız investisiya cəlbediciliyini bu gün də
qoruyub saxlayır, xarici şirkətlər makroiqtisadi sabitliyin
etibarlı şəkildə təmin olunduğu Azərbaycan
iqtisadiyyatına sərmayə yatırmaqda problem
görmürlər. Bu günlərdə Prezident İlham Əliyevin
iştirakı ilə "Qaradağ Sement" Açıq Səhmdar
Cəmiyyətində yenidənqurma layihəsinin təqdimatının,
habelə yeni sobanın təməlqoyma mərasiminin
keçirilməsi Azərbaycanın investisiya cəlbediciliyinin
əyani təcəssümü kimi yadda qalmışdır.
Müəssisənin səhmlərinin
69,4 faizi İsveçrənin "Holsim" şirkətinə,
10 faizi Azərbaycan İnvestisiya Şirkətinə, 10 faizi
Avropa Yenidənqurma və İnkişaf Bankına, 10,6 faizi isə
minə yaxın fiziki şəxsə məxsusdur. Son 10 ildə
görülmüş modernləşdirmə işləri nəticəsində
"Qaradağ Sement" Azərbaycanda yüksək keyfiyyətli,
həm yerli, həm də beynəlxalq standartlara cavab verən
məhsul və xidmətlər təklif edən müəssisəyə
çevrilmişdir. Azərbaycanda klinker və sement istehsal edən
ən böyük müəssisə olmaqla, daxili tələbatın
əksər hissəsini ödəyir. Burada istehsal edilən
sementdən irimiqyaslı tikinti işlərində istifadə
olunur. Müəssisənin ildə 1,3 milyon ton sement istehsal etməsi
inşaat sektorunun yerli materialla təminatında mühüm
rolu oynayır.
Quru istehsal texnologiyası
müasir dövrdə sement sənayesində ən qabaqcıl
texnologiya hesab olunur. Yanacağa qənaətə və ətraf
mühitə minimum təsirinə görə Avropa məkanında
məhz bu texnologiyaya üstünlük verilir. Ümumi dəyəri
təqribən 400 milyon dollar olan bu layihə Azərbaycanın
qeyri-neft sektorunda ən böyük layihələrdən
biridir. Müəssisədə yenidənqurma işləri
2011-ci ildə başa çatacaq, yeni sobada gündə 4 min
ton klinker istehsal ediləcəkdir. Yenidənqurmadan sonra klinker
istehsalı ildə 0,8 milyon tondan 1,2 milyon tona, sement
istehsalı isə 1,3 milyon tondan 1,7 milyon tona
çatdırılacaqdır. Bütövlükdə zavodun
illik istehsal gücü təxminən 31 faiz artacaqdır.
Mərasimdə
çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
bildirmişdir ki, dəyəri 300 milyon avrodan artıq olan
sement zavodunun təməlinin qoyulması ilk növbədə
xarici investorların respublikamıza olan yüksək
marağını nümayiş etdirir: "Bu əlamətdar
hadisə onu göstərir ki, Azərbaycan çox uğurla
inkişaf edir, ölkəmizdə bütün sahələrdə
iqtisadiyyat güclənir. Xüsusilə indiki böhran şəraitində,
dünyanı iqtisadi və maliyyə böhranı
bürüyüb, eyni zamanda, bu böhran artıq sənaye
istehsalına da mənfi təsir etməyə
başlamışdır. Belə bir şəraitdə Azərbaycanda
xarici sərmayələrlə yeni, böyük, 300 milyon
avrodan artıq dəyəri olan sement zavodunun təməlinin
qoyulması çox böyük hadisədir. Bu, ilk növbədə
onu göstərir ki, xüsusilə böhranlı durumda xarici
investorların Azərbaycana marağı artıbdır. Eyni
zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici
investisiyaların cəlb edilməsi üçün əlavə
tədbirlər görür. Azərbaycanda çox gözəl
sərmayə mühiti vardır, xarici şirkətlərlə
dövlət qurumları arasında səmərəli əməkdaşlıq
mövcuddur və bu, daha da dərinləşir".
Son illər respublika
iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək
istiqamətində həyata keçirilən mühüm tədbirlərdən
biri də Azərbaycan İnvestisiya Şirkətinin
yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi
ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin
etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına
çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin
fəaliyyətinin məqsədi əsasən ölkə
iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət
göstərən səhmdar cəmiyyətlərinin və digər
kommersiya təşkilatlarının nizamnamə
kapitalındakı iştirak payını, o cümlədən
səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata
keçirilməsindən ibarətdir. Dövlət
başçısı çıxışında Azərbaycan
İnvestisiya Şirkətinin yeni layihədə
iştirakını yüksək dəyərləndirmiş,
bunun uğurlu təcrübə olduğunu demişdir.
Dövlət
başçısı mərasimdə daha sonra
vurğulamışdır ki, xarici sərmayədarlar Azərbaycanın
gələcək inkişafına, respublikanın iqtisadi
perspektivinə böyük ümidlər bəsləyir:
"Bu zavodun tikintisi eyni zamanda onu göstərir ki, Azərbaycanın
gələcəyinə, iqtisadiyyatın inkişafına xarici
investorlar tərəfindən böyük inam var. İndi Azərbaycanın
bazarı daxili istehsalçılar tərəfindən
böyük dərəcədə təmin edilir. Biz elə
etməliyik ki, o cümlədən sement istehsalı da Azərbaycanın
bütün tələbatını ödəyə bilsin.
İndi biz idxaldan asılıyıq, amma bu zavodun tikintisi, digər
zavodların tikintisi bu asılılığı azaldacaq və
əminəm ki, vaxt gələcək, sement istehsalı Azərbaycanın
bütün tələbatını təmin edəcəkdir".
S.Elmanoğlu
Azərbaycan.-2009.-24
may.-S.3.