Ekoloqlar peşə bayramlarını qeyd etmişlər

 

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd etmişlər.

Ekologlar öncə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, ulu öndərin məzarı önunə əklil qoymuşlar.

Nazirliyin işçiləri tanınmış alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzmüşlər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Bayram münasibətilə nazirlikdə təşkil olunmuş tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində ardıcıl və məqsədyönlü işlər görülmüşdür.

Nazir bildirmişdir ki, təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə bütün sahələrlə yanaşı, ətraf mühitin sağlamlaşdırılması sahəsində görülən işlərdən danışmışdır. O, ekoloqları bayram münasibətilə təbrik etmiş, Prezidentin müvafiq sərəncamı ilə nazirliyin 3 əməkdaşının ətraf mühitin qorunmasındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə, 2 nəfərin "Dövlət qulluğunda fərqlənməyə görə", 3 nəfərin isə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı ilə təltif olunmasını dövlətin bu sahəyə qayğıkeş münasibəti kimi qiymətləndirmişdir.

Təltif olunan şəxslər dövlətin onlara göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda nazirliyin bir sıra əməkdaşına fəxri fərmanlar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 may.-S.4.