Tarixi sınaqlardan çıxmış müttəfiqlik

 

Çağdaş dünyanın siyasətində praqmatizm meyilləri özünü nə qədər qabarıq göstərsə də, mənəvi-əxlaqi dəyərlərə, tarixi köklərə bağlı əməkdaşlıq münasibətləri öz aktuallığını itirmir. Günümüzün təcrübəsində tarixi-etnik tellərlə - eyni dil qrupu, ənənə və dəyərlər çələngi ilə bir-birinə bağlanan xalqların vahid ideya ətrafında birləşmələri ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Minilliklər boyu yol gəlməklə tarixin sərt sınaqlarından üzüağ çıxmış, milli dövlət qurmaq, müstəqil yaşamaq haqqını əzmlə qorumuş türkdilli xalqların ideya-mənəvi birliyini təmin edən geopolitik amillər də hazırda çoxluq təşkil edir. Bu xüsusda Türkiyə və Azərbaycan arasındakı hazırkı əlaqələr dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə ucalmaqla, dostluq və qardaşlıq məfhumuna daha çox cavab verir.

Mahiyyəti ilə qürur duya biləcəyimiz bu münasibətləri türk dünyasının böyük şəxsiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qədər müfəssəl, dürüst və mənalı ifadə edən olmayıb - biz həqiqətən bir millət, iki dövlətik. Zənnimcə, bu müdrik deyim həm Azərbaycanı, həm də Türkiyəni əbədi bir mənəvi bağlantıya məhkum edib - bizlər ikili yanaşmaların, haqsızlıqların, anlaşılmazlıqların baş alıb getdiyi çağdaş dünyada bir-birimizə dəstək olmalı, kədərimizi, sevincimizi paylaşmalı, ortaq hədəflərimizə doğru birgə irəliləməliyik. Bunu tarixən böyük ədalətsizliklərlə üzləşən, bu gün də eyni münasibətdən əziyyət çəkən Azərbaycan və Türkiyə xalqlarının mənafeyi tələb edir.

Hazırda dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə mənəvi cəhətdən bağlı olan, qarşılıqlı məsuliyyətini dərk edən müttəfiq dövlətlər tapmaq çətindir. Böyük fəxarət hissi ilə demək istərdim ki, vətəndaşı olduğum Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Böyük Mustafa Kamal Atatürkün vaxtilə söylədiyi kimi, Türkiyə Azərbaycanın sevincini özünün sevinci, kədərini öz kədəri sayır. Ən çətin tarixi anlarda, mürəkkəb siyasi dövrlərdə iki dost və qardaş dövlət bir-birinə arxa-dayaq olub. Beynəlxalq hüquq normalarına, humanist və insanpərvər dəyərlərə heç zaman məhəl qoymayan, terrorizmi, soyqırımını, separatizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi faktına birmənalı və adekvat münasibəti də məhz Türkiyə ifadə edib: 1993-cü ildə Türkiyə Ermənistanı rəsmən təcavüzkar dövlət kimi tanıyaraq onunla sərhədlərini qapayıb, işğalçı ilə diplomatik-siyasi əlaqələr qurmaqdan imtina edib.

Türkiyə Cümhuriyyəti Azərbaycan torpaqları işğaldan tam azad edilməyincə, münaqişə ədalətli həllini tapmayınca, habelə qondarma erməni soyqırımı iddialarına son qoyulmayınca Ermənistanla sərhədləri açmayacağını, diplomatik münasibətlər qurmayacağını dəfələrlə bəyan edib. Azərbaycan da öz növbəsində bu münasibəti hər zaman yüksək dəyərləndirib, Türkiyə ilə həmrəylik nümayiş etdirərək onun üzləşdiyi ədalətsizliklərə qarşı barışmaz mövqe tutub. Məhz böyük öndər Heydər Əliyevin diplomatik səyləri ilə Cənubi Qafqaz regionunda gerçəkləşdirilən bir sıra qlobal enerji və kommunikasiya layihələrində Türkiyənin iştirakı təmin olunub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xətti iki dost və qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın bariz təcəssümüdür.

Ən müxtəlif uluslararası toplantıların iştirakçısı kimi deyə bilərəm ki, Türkiyə və Azərbaycan indiyə qədər müxtəlif beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edib, bədnam erməni diaspor və lobbisinin yalan və iftiralarla dünyanı çaşdırmaq cəhdlərinə qarşı birgə mübarizə aparıb. Xarici siyasət və diplomatiya sahəsində fəaliyyətin əlaqələndirilməsi bir sıra uğurlu nəticələrin əldə olunmasında öz sözünü deyib. Ölkələrimiz arasında iqtisadi, siyasi, hərbi və humanitar sahədə əlaqələr də daim yüksək dinamizmlə inkişaf edib.

Fəqət, son aylarda cərəyan edən hadisələr göstərdi ki, iki qardaş dövlət arasındakı münasibətlərin yüksək səviyyəsi bölgədə, eləcə də dünyada müəyyən dairələri bərk əndişələndirir. Türkiyənin təcavüzkar Ermənistanla sərhədləri açacağı, diplomatik əlaqələr quracağı ilə bağlı yayılan informasiyalar bu qənaət üçün kifayət qədər ciddi əsaslar verir. Fikrimcə, ilk növbədə "bu məlumatların yayılmasında hansı qüvvələr maraqlı idi" sualına cavab tapmaq gərəkdir. Çox düşünmədən demək olar ki, iki qardaş dövlət arasındakı münasibətlərə şübhə toxumu səpməyə xidmət edən bu fitnəkar məlumatlar nə Azərbaycan, nə də türk xalqlarının mənafeyinə uyğun idi. Məntiqlə, Türkiyənin Ermənistanla sərhədi açması üçün heç bir səbəb, yaxud arqument yoxdur. Ermənistan nə Azərbaycana qarşı təcavüzkar siyasətindən, nə Türkiyəyə qarşı ərazi, nə də ki, qondarma erməni soyqırımı iddialarından əl çəkib. Belə olduğu halda türk toplumu Ermənistanla sərhədləri açmağın "zəruriliyi" ilə bağlı hər hansı təklifi birmənalı rədd edir. Bu, türk xalqının iradəsinə tamamən zidd olmaqla yanaşı, Türkiyənin dövlət maraqlarını da birmənalı təhdid edən bir addım olardı. Təsadüfi deyil ki, iki ay öncə iki qardaş və dost ölkənin arasına girmək istəyən qüvvələrin məqsədli şəkildə gündəmə gətirdiyi informasiyalar təkcə Azərbaycanda deyil, Türkiyənin özündə də ciddi narahatlıqla, təlaşla qarşılandı. Toplumun ən müxtəlif təbəqələrini təmsil edən insanlar Ermənistanla sərhədlərin açılacağı ilə bağlı məlumatlara kəskin etiraz bildirərək bunun yolverilməz olduğunu bəyan etdilər. Əksəriyyət əminliklə deyirdi ki, bu məlumatlar Azərbaycan və Türkiyə arasında soyuqluq yaratmaq, möhkəm təməl üzərində qurulmuş münasibətlərə xələl gətirmək məqsədilə ortaya atılıb. Səmimi deyirəm ki, bu xəbər son dövrlərədək Türkiyəni sevən insanları bərk narahat edirdi. Biz bu məlumatların qardaş Azərbaycanda narazılıqla qarşılanmasını anlaşıqlı, təbii qəbul edirdik. Nədən ki, belə məlumatların yayılmasının özü belə Türkiyə-Azərbaycan münasibətlərinin yüksək inkişaf səviyyəsinə uyğun deyil.

Azərbaycana həm coğrafi, həm də tarixi baxımdan yaxın olan Qars vilayətinin bu məsələ ilə bağlı narahatlığını da xüsusi vurğulamaq istərdim. Soy-köküm, nəsil-şəcərəm azərbaycanlı olsa da, taleyin qismətindən həmişə Qarsda yaşamışıq. Atam bir neçə dəfə bu vilayətdən millət vəkili seçilib. Türkiyənin Böyük Millət Məclisində istanbulluları təmsil etmək xoşbəxtliyi də şəxsən mənə nəsib olub. Qarsda tanıdığım, yaxın ünsiyyətdə olduğum insanların hər biri Azərbaycanı özünə doğma vətən sayır. Qarslılar tarixən erməni zorakılığının və vəhşiliyinin qurbanı olublar - onlar ermənilərlə hər hansı yaxınlığın Türkiyə dövlətinin, xalqının maraqlarına uyğun olmadığını yaxşı dərk edirlər.

Əlbəttə, Türkiyə cəmiyyəti yekcins deyil, hər yerdə olduğu kimi, bu ölkədə də bəzən xırda, cılız maraqlar naminə bütövlükdə millətin maraqlarına zidd mövqe tutanlar tapılır. Etiraf etmək lazımdır ki, Türkiyədə Ermənistanla sərhədləri açmağın tərəfdarı kimi çıxış edənlər, bunu istəyənlər var. Bəzi möhtəkir ticarətçilər sərhədlərin açılacağı təqdirdə daha çox qazanacaqlarını, varlanacaqlarını zənn edirlər. Amma şəxsi mənfəətindən uzağı görə bilməyən 3-5 nəfərin mövqeyinin türk millətinə, dövlətinə heç bir dəxli yoxdur. Xalqımız bu fikirdədir ki, işğalçı və terrorçu dövlətlə yaxınlaşma Türkiyə Cümhuriyyətinə yaxşı heç nə vəd etmir.

Son proseslər fonunda Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomat və peşəkar siyasi xadim olduğu bir daha təsdiqləndi. Yüksək siyasi mədəniyyət, təmkin nümayiş etdirən cənab İlham Əliyev yayılan məlumatlar müqabilində Azərbaycanın hansısa dövlətin daxili işlərinə qarışmaq niyyətindən uzaq olduğunu bəyan etdi. Fəqət, biz Azərbaycan xalqının və hakimiyyətinin narahatlığını tam bölüşür, yaranmış incikliyi, umu-küsünü də haqlı sayırdıq. Eyni zamanda, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərini böyük səbirsizliklə gözləyir, yaranmış anlaşılmazlığın tez zamanda aradan qalxacağına böyük ümidlər bəsləyirdik. Bu gün artıq əminliklə deyə bilərik ki, cənab Ərdoğanın Azərbaycana rəsmi səfəri və Bakıda verdiyi açıqlamalar türk xalqının da nigarançılığına birdəfəlik son qoydu!

Bu səfər zamanı məlum oldu ki, iki türkdilli ölkənin strateji müttəfiqliyindən narahatlıq keçirən müəyyən dairələrin nə deməsindən asılı olmayaraq, rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də qəti və birmənalıdır. Ölkəmizin rəhbərliyi Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayana qədər Ermənistanla diplomatik-siyasi münasibətlərin qurulmayacağını bəyan edir və bu qətiyyətli mövqeyə hamının güvənli yanaşmasını istəyir. Hörmətli Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca Türkiyənin Ermənistanla sərhədləri açacağı barədə fikirlər reallıqdan tamamilə uzaqdır: "Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm".

Baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıda verdiyi açıqlamalarda Türkiyənin Ermənistanla sərhədləri açacağı, diplomatik münasibətləri bərpa edəcəyi ilə bağlı məlumatları birmənalı təkzib etməklə iki ölkə arasında soyuqluq yaratmaq istəyən qüvvələrin məkrli niyyətini gözündə qoydu. Fikrimcə, bununla hörmətli Ərdoğan ilk növbədə Türkiyə cəmiyyətinin, türk xalqının iradəsini ifadə etdi. O bu mövqeyi ilə yaranmış bütün anlaşılmazlıqları, narahatlıqları aradan qaldırdı, heç bir qüvvənin Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaratmaq gücündə olmadığını nümayiş etdirdi.

Ümumiyyətlə, cənab Ərdoğanın Bakı səfəri münasibətlərimizin dünəni, bugünü və gələcəyi ilə bağlı hər zaman bəslədiyimiz nikbin düşüncələrə əminlik verdi. Türkiyə hər zaman olduğu kimi, yenə də Azərbaycanın yanındadır, onun səmimi dostluq və qardaşlıq münasibətini uca tutur, yüksək dəyərləndirir. Son proseslər isə eyni zamanda iki dost və qardaş dövlət arasındakı strateji müttəfiqlik münasibətlərinin bundan sonra daha sürətlə inkişaf edəcəyini, qırılmaz və dönməz mahiyyət daşıyacağını əminliklə söyləməyə ciddi əsaslar verir.

 

 

Şamil Ayrım,

Türkiyə BMM-in

əski millət vəkili

 

Azərbaycan.-2009.-24 may.-S.4.