Ədliyyə orqanlarında işləmək
istəyən namizədlər
üçün test imtahanı keçirilmişdir
Dövlət
qulluğunun xüsusi növü olan ədliyyə
orqanlarında vakant ştat vahidlərinə qulluğa qəbulun
şəffaf keçirilməsi üzrə tədbirlər
davam etdirilir və son illər müsabiqə və müsahibə
yolu ilə bütövlükdə 600-ə yaxın şəxs
ədliyyə orqanlarına qulluğa qəbul edilmişdir.
Mayın 23-də Ədliyyə
Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) ilə birlikdə Bakı Dövlət
Universitetinin yeni tədris binasında ədliyyə
orqanlarında işləmək istəyən namizədlər
üçün test imtahanı keçirmişdir.
Nazirlik üzrə elan
olunmuş müsabiqədə iştirak etmək
üçün müraciət edən şəxslərin sənədləri
qanunvericilikdə müəyyən edilmiş qaydada
toplanmış və yoxlanılmışdır. Müsabiqəyə
dövlət, özəl və xarici təhsil müəssisələrini
bitirmiş 220 nəfər hüquqşünas sənəd təqdim
etmişdir.
Ədliyyə Nazirliyinin
Kadrlar İdarəsinin rəisi, müsabiqə
komissiyasının sədr müavini Rauf Məhərrəmov
bildirmişdir ki, bu, ədliyyə orqanlarına qulluğa qəbulla
bağlı sayca 3-cü müsabiqədir.
Namizədlərin təxminən
yarıdan çoxu ölkəmizin regionlarını təmsil
edir və böyük əksəriyyəti gənclərdir. Müsabiqədə
iştirak edənlər arasında ədliyyədə və məhkəmələrdə
yardımçı vəzifələrdə
çalışan, digər təşkilatlardan ədliyyə
orqanlarına işə keçmək istəyən namizədlərlə
yanaşı, ilk dəfə əmək fəaliyyətinə
məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar
da var. Namizədlərin əksəriyyətini Bakı Dövlət
Universitetinin məzunları, təxminən hər dörd nəfərdən
birini isə qadınlar təşkil edir.
Builki müsabiqədə
iştirak edən namizədlərdən 67 nəfəri bundan əvvəl
ədliyyə orqanlarına qulluğa qəbulla bağlı
keçirilmiş müsabiqənin test imtahanı və ya
söhbət mərhələsində müvəffəqiyyət
qazana bilməmiş şəxslərdir.
Müsabiqədə
iştirak edən namizədlərə kömək məqsədilə
test imtahanının keçirilməsi ilə bağlı, həmçinin
imtahan suallarının hazırlanmasında istifadə olunan
qanunlar və digər sənədlər barədə
müvafiq məlumatı özündə əks etdirən
"Yaddaş kitabçası" hazırlanaraq onlara təqdim
edilmiş və bütün aidiyyəti sənədlər
kimi nazirliyin internet səhifəsində yerləşdirilmişdir.
Qaydalara əsasən,
üç saat davam edən imtahanda namizədin hüquqi biliklərini,
məntiqi nəticələr çıxarmaq qabiliyyətini və
ümumi dünyagörüşünü müəyyən
etmək üçün verilən test
tapşırığı 100 sualdan ibarət olmuşdur.
Təqdim olunmuş sual
kitabçasında 80 sual namizədin hüquq və ədliyyə
fəaliyyətinə dair qanunvericilik sahəsi üzrə
biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən
hazırlanmışdır), 20 sual isə namizədlərin məntiqi
nəticə çıxarma qabiliyyətini müəyyən
edir (suallar TQDK tərəfindən
hazırlanmışdır). Test imtahanında 90 bal toplamaq
mümkündür.
Namizədlərin
balları hesablandıqda hüquq və ədliyyə fəaliyyəti
ilə bağlı qanunvericilik sahəsinə aid test
tapşırıqları üzrə hər düzgün cavab
1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini
müəyyən edən test tapşırıqları üzrə
hər düzgün cavab 0,5 balla qiymətləndirilmişdir. Nəticələr
hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə
təsir göstərməmişdir.
Saat 13.00-da başa
çatan imtahanın nəticələrinə görə
imtahanda iştirak etmiş 204 namizəddən 82 nəfəri
55 və daha artıq bal toplayaraq müsabiqənin ikinci mərhələsinə
- söhbətə buraxılmışdır.
Söhbətin nəticələri
üzrə namizəd mümkün balın 60 faizini və daha
çox bal topladıqda söhbətdən müvəffəqiyyətlə
keçmiş hesab olunacaqdır.
Aşkarlıq şəraitində,
şəffaf üsullarla, beynəlxalq standartlara uyğun
keçirilən imtahanı 30-a yaxın yerli və beynəlxalq
müşahidəçi, həmçinin kütləvi
informasiya vasitələrinin nümayəndələri izləmişdir.
İmtahanın nəticələri
Ədliyyə Nazirliyinin və TQDK-nın internet saytlarında
yerləşdirilmişdir.
Azərbaycan.-2009.-24 may.-S.5.