Heydər Əliyev irsi öyrənilir

 

Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzi ötən ilin sentyabrında istifadəyə verilib. Mərkəzin açılışı münasibətilə keçirilən mərasimdə ölkə Prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı burada görülən işlərdən razı qalıb. Çıxışında deyib: - "Dogrudan da, mərkəzin həm xarici görünüşü, həm daxili tərtibatı çox gözəldir. Misal üçün, Heydər Əliyev Muzeyində olan fotoşəkillər çox nadir şəkillərdir. Hətta mən dedim ki, onlardan bəzilərini Bakıya, Heydər Əliyev Fonduna göndərsinlər. Çünki, o şəkillər müxtəlif vaxtlarda çəkilib ola bilsin, onların bəziləri bizdə arxivdə yoxdur."

O vaxtdan burada müxtəlif tədbirlər həyata keçirilir. Yerli əhali , rayona gələnlər görülən işlərə xüsusi maraq göstərirlər. Mərkəzin əməkdaşı Vəfadar İsmayılov söhbət əsnasında dedi ki, Mərkəzin ümumi ərazisi həyətyanı sahə ilə birlikdə 3,7 hektardır. Binanın özünün sahəsi 3517 kvadratmetrdir. Burada 450 yerlik konsert, 20 50 yerlik konfrans, kino, sərgi salonları, elektron kitabxana, linqafon internet otaqları var. Həyət Hollandiyadan gətirilmiş gül ağac kolları ilə bəzədilmişdir. Bir-birinə bitişik üç korpusdan ibarət tikintinin sifarişçisi Heydər Əliyev Fondu, podratçı isə "Akkord" şirkətlər qrupudur.

Mərkəzdə Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Muzey üç salondan ibarətdir. Birinci salonda 1971-79 cu illəri əhatə edən 48 şəkil sərgilənib. Məlumdur ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olarkən Qazax, Ağstafa bölgələrinə səfər etmiş, Ağstafa dəryaçasının, habelə 1979-cu ildə Qazaxdakı mədəniyyət sarayının açılışında iştirak etmişdir. Salonda toplanan şəkillərdə o unudulmaz günlərin maraqlı anları öz əksini tapmışdır.

İkinci salonda 137 fotoşəkil nümayiş etdirilir. Onlar Heydər Əliyevin gənclik illərində, Azərbaycan DTK-da Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrlərdə (1969-1982-ci illər) çəkilən şəkillərdir.

Üçüncü salonda 142 ədəd şəkil var. Onlar 1990-cı ildən 2002-ci qədər olan dövrü əhatə edir. Əsasən ulu öndərin Naxçıvandakı fəaliyyəti, 1993-cü ilin iyun ayının 15-də Bakıya qayıdışı həmin ildən 2002-ci ilə qədər xarici ölkələrə rəsmi səfərləri zamanı çəkilib.

Heydər Əliyev Mərkəzindəki kompüter zalından yaşlılar da, gənclər istifadə edirlər. Burada linqafon otağı da var. Məktəblilər kompüter vasitəsi ilə ingilis danışıq dilini öyrənirlər.

Mərkəzdə müasir tələblərə cavab verən kitabxana, rəsm dərnəyi fəaliyyət göstərir. Kitabxanada Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən kitablar toplanmışdır. Buradakı internet vasitəsi ilə lazımi məlumatlar da əldə etmək mümkündür.

Mərkəzdə intellektual oyunlar üçün yer ayrılıb. Burada məktəblərarası intellektual yarışlar keçirilir.

Əlamətdardır ki, ölkənin ümumi inkişaf ahəngi insanlarda qurub yaratmaq əzmini daha da gücləndirir onları gələcəyə ümidlə baxmağa sövq edir. Bu xoş duyğuları Heydər Əliyev Mərkəzinə gələn gənclərin simasında xüsusilə aydın hiss olunur.

 

 

Eldar Nəsibli

 

Azərbaycan.-2009.-24 may.-S.6.