Təbiəti qorumaq borcumuzdur

 

Xeyli müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Ziyanvericilərlə və Xəstəliklərlə Mübarizə Mərkəzi yaradılmışdır. Mərkəz hansı işləri görür, ziyanvericilərə qarşı necə mübarizə aparılır? Bu və digər suallarla müəssisənin direktoru, biologiya elmləri namizədi Arif Qəribova müraciət etdik. O dedi:

- Məlumdur ki, son vaxtlar ölkəmizdə böyük quruçuluq işləri aparılır, yeni yollar çəkilir, onların kənarında meşə zolaqları salınır. Biz də işlərimizi müasir tələblərə cavab verə biləcək səviyyədə qurmağa çalışırıq. Digər tərəfdən, respublikamız ekoloji cəhətdən zəngindir. Bitkilər, heyvanlar aləminin müxtəlifliyi də çoxdur. Bu aləmin kifayət qədər ziyanvericiləri də mövcuddur.

Yeni zolaqların salınmasında, bu zolaqlarda əkilən ağacların sağlam inkişaf etməsində, zərərvericilərdən qorunmasında təşkilatımızın köməyi az deyil.

Yaşıllıqlar təkcə respublikamızdakı meşə müəssisələrində yetişdirilən yerli tinglərdən salınmayıb. Bir sıra xarici ölkələrdən, o cümlədən Bolqarıstan, Hollandiya və İrandan palma, şümşad, muşmula və başqa ağac tingləri də gətirilib əkilib. Xarici ölkələrdən gətirilmiş bu ağacların yerli şəraitə uyğunlaşması çox vaxt və zəhmət tələb edir.

Yeni zolaqlardan biri Qaradağdan başlayaraq Kürdəmirə qədər uzanır. Artıq xeyli müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işlə məşğuldur. Ağacı təkcə əkməklə qurtarmır. Ona vaxtlı-vaxtında qulluq eləmək lazımdır.

Əvvəllər belə təsəvvür var idi ki, bura şoran zonadır. Burada yaşıllıq salmaq olmaz. Ancaq hazırda yolların ətrafındakı yaşıllıqlar göstərir ki, bu fikirlər özünü doğrultmayıb. Yoldan keçənlər elə bilir ki, bu ağaclar burada bir il bundan əvvəl yox, üç-dörd ildir əkilib.

Müəssisəmizin əməkdaşları da bu işdə bacarıqlarını əsirgəməyiblər, öhdələrinə düşən vəzifəni yerinə yetirməyə çalışıblar. Adıçəkilən zolaq çəyirtkələrin vaxtaşırı hücumuna, akasiya yarpaqyeyənin, müxtəlif növ mənənələrin təsirinə məruz qalır. Bunu aradan qaldırmaq üçün ziyanvericilərə qarşı mübarizə aparmışıq. İndi ağaclar sağlam inkişaf dövrünü keçirir.

Hazırda aeroport yolunda yeni zolaq salınır. Müəssisəmizin əməkdaşları da orada fəaliyyət göstərirlər.

Məlumdur ki, ziyanvericilərə qarşı mübarizədə müasir aparatlardan, kimyəvi preparatlardan istifadə olunur. Doğrudur, kimyəvi preparatlar floraya xeyirlidirsə, faunaya ziyanlıdır. Ancaq onsuz da keçinmək olmur. Ziyanvericilərə qarşı mübarizədə onlardan istifadə edirik. Ziyanvericilərin ocaqlarını məhv etməyə çalışırıq. Zolaqlardakı ağacları ziyanvericilərdən qorumaq üçün qısa müddətdə müasir aparatlar vasitəsilə, xüsusilə də Almaniyada hazırlanmış TF-35, TF-60 markalı termoçiləyicilərdən istifadə edirik. Nəticə də qənaətbəxşdir. Son dövrdə əkilən ağacların, demək olar ki, hamısı inkişaf edir.

Müəyyən problemlərimiz də var. İdarəmizə məxsus minik vasitəsi olmadığından lazım olan dərmanları yol maşınları ilə, avtobuslarla aparmalı oluruq. Halbuki kimyəvi preparatları bu qayda ilə aparmaq qadağandır. Elə aparatlar var ki, maşınların üstünə yerləşdirilməlidir.

Məlumdur ki, respublikamızın rayonlarında 48-ə qədər meşə müəssisəsi var. Onlarla müntəzəm əlaqə saxlayırıq. Müraciət olan kimi lazımi yerlərdə əməliyyatlar aparır, müalicə tədbirləri həyata keçiririk.

Qış aylarında Qəbələ, Zaqatala, Qax, Oğuz rayonlarından məlumat gəldi ki, həm həyətyanı sahələrdə, həm də meşə ərazisində olan şabalıd ağaclarında quruma gedir. Ekologiya və təbii sərvətlər naziri komissiya təşkil etdi. Müayinələr zamanı müəyyən edildi ki, doğrudan da ağaclarda çox ciddi surətdə quruma gedir. Qeyd edək ki, bu, təzə xəstəlik deyil, yəni bir ilə, beş ilə əmələ gəlmir.

Çoxları elə başa düşür ki, nə qədər həyat var, həmin ağaclar da o cür qalmalıdır. Bu belə deyil. Onların da yaşama müddəti var. Şabalıd ağacının normal barvermə müddəti 70-80 ildir. Doğrudur, 5 yüz, 6 yüz il yaşayan ağaclar da var. Ancaq bəzi adamlar belə ağaclardan da məhsul götürmək istəyirlər. Hətta deyirlər ki, bu ağacları kəsmək olmaz. Məsələ burasındadır ki, o ağaclar kəsilməsə, bütün meşə ərazisində olan şabalıd ağaclarının hamısı məhv olacaq. Bu elə bir xəstəlikdir ki, kənardan müşahidə etməklə onu müəyyənləşdirmək mümkün deyil.

Tədqiqatlardan sonra bu qənaətə gəldik ki, ağaclara düşən bəla şabalıd xərçəngi xəstəliyidir. Müəyyən dövrlərdə, havalar soyuq keçəndə ağacın gövdəsində çatlar əmələ gəlir. O çatlardan göbələklər, xüsusilə şabalıd göbələyi ağacın qabığının altına girir və qida yollarını məhv edib sıradan çıxarır.

Ona görə də məsləhət görülür ki, bu xəstəlik aşkarlanan ağaclar nömrələnsin, qeydiyyata alınsın, erkən yazda kəsilib ərazidən çıxarılsın.

Bir sözlə, respublikamızın təbiəti zəngindir. Bu zənginliyi və rəngarəngliyi, yaşıl örtüyü qoruyub saxlamaq bizim hər birimizdən çox asılıdır.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.- 2009.- 22 may.- S. 7.