"Qarabağ" üçüncü dəfə futbol üzrə Azərbaycan kubokuna sahib oldu

 

Futbol üzrə Azərbaycan kuboku yenə "Qarabağ" komandasına qismət olmuşdur. Mayın 23- Tofiq Bəhramov adına Respublika Stadionunda futbol üzrə ölkə kubokunun final mərhələsində Bakının "İnter" Ağdamın "Qarabağ" komandaları qarşılaşmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən matç 1:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatmışdır. Matçda yeganə qolu 57-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə Vaqif Cavadov vurmuşdur.

Bu matçda Avropa kuboku yarışlarına dördüncü vəsiqənin taleyi həll edilirdi. Avropa Liqasında (UEFA kuboku gələn mövsümdən etibarən belə adlanacaqdır) təmsil olunmaq üçün "Qarabağ"ın ölkə kubokunu qazanması zəruri idi. Beləliklə, Ağdamın "Qarabağ" komandası üçüncü dəfə Azərbaycan kubokunun sahibi olmuşdur.

Qalib komandaya kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim etmişdir. Futbol Federasiyası azarkeşləri unutmamışdır. Belə ki, Azərbaycan kuboku uğrunda final matçında azarkeşlərdən biri avtomobilə sahib olmuşdur. Həmçinin müxtəlif məişət texnikası da oynanılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 may.-S.8.