Nüvə texnologiyaları Azərbaycanda

 

Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radiologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri aktual xarakter kəsb edir. AMEA-nın Radiasiya Problemləri İnstitutunun fəaliyyəti geniş və çoxsahəli olduğundan onun beynəlxalq əlaqələri də xüsusi əhəmiyyətə malikdir.

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Adil Qəribovun rəhbərlik etdiyi institutda bir çox dünya səviyyəli tədqiqatlar aparılır. Eyni zamanda, müvafiq elmi qurumlar burada fəaliyyət göstərir. Elə institut nəzdində AEBA-nın nüvə elmləri sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi üçün 2008-ci ildə yaradılan Beynəlxalq Nüvə Məlumatlar Mərkəzi dediklərimizə sübutdur. Mərkəzdə elmin ən son nailiyyətləri barədə informasiyalar toplanır, Azərbaycanda bu sahədə olan vəziyyət dünyanın elm ictimaiyyətinə çatdırılır.

Ümumiyyətlə, institut istər respublikada, istərsə də beynəlxalq aləmdə nüfuzlu quruma çevrilmişdir. Beynəlxalq əlaqələrə gəldikdə isə, dünyanın bir çox aparıcı elmi qurumları azərbaycanlı həmkarları ilə mütəmadi əlaqələr qurur və onlarla çalışmaq, birgə tədqiqatlar aparmaq istədiklərini bildirirlər. İnstitutun direktoru, professor Adil Qəribovla söhbətimiz də elə bu barədədir.

- Radiasiya Problemləri İnstitutunun Azərbaycan Respublikasını təmsil etdiyi qurumlar, eləcə də institutda fəaliyyət göstərən beynəlxalq qurumlar barədə nə deyə bilərsiniz?

- Azərbaycanı təmsil etdiyimiz qurumlardan Beynəlxalq Nüvə Məlumatları Sistemi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA, İNİS), MDB ölkələri arasında radiobiologiyanın müasir problemləri üzrə beynəlxalq elmi şuranı, MDB-də nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə dövlətlərarası beynəlxalq komissiyanı qeyd edə bilərəm.

İnstitutumuzda fəaliyyət göstərən qurumlardan Fiziki Ətraf Mühitin Tədqiqi Mərkəzi - ABŞ CRDF Fondunu göstərmək olar. Mərkəzdə müasir xromatoqrafik ekstraksiya və mikrobiologiya avadanlıqları, metodları qurulmuşdur. CRDF Fondunun xüsusi proqramı əsasında marketinq-menecment strukturu yaradılmışdır. Mərkəzin İSO-9001-2000 sertifikasiya olunma prosesi başa çatmışdır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, ABŞ-ın Energetika Nazirliyi, Milli Nüvə Təhlükəsizliyi Administrasiyası, ABŞ-ın Arqon milli laboratoriyası, Sandio milli laboratoriyası, Batell Memorial İnstitutu (ABŞ), Avstriyanın Zalsburq Universiteti, Avropa Komissiyasının Birgə Tədqiqatlar Mərkəzi, Transuran Elementləri İnstitutu ilə çalışmalarımız uğurlu olmuşdur.

Türkiyə Atom Enerji Qurumu, NATO, Belarus Milli Elmlər Akademiyasının "Ekologiya və təbii sərvətlərdən istifadə problemləri" İnstitutu alim və mütəxəssisləri ilə tədqiqatlarımızın faydası az olmayıb.

Radiasiya Problemləri İnstitutunun "Radiasiya və plazma-hidrogen prosesləri" laboratoriyasının Rusiyanın "Kurçatov İnstitutu" Elmi Mərkəzinin Hidrogen Energetikası və Plazma Texnologiyası İnstitutu ilə birgə aparılan işlər atom hidrogen energetikası problemlərinin həllinə yönəldilmişdir. Su ilə soyudulan nüvə reaktorlarında hidrogen təhlükəsizliyi və radiasiya materialşünaslığın problemlərinə dair tədqiqatlarımız da yaxşı nəticə vermişdir.

Fizika-riyaziyyat elmləri doktoru A.Məhərrəmovun rəhbərlik etdiyi Elektroaktiv kompozit materialların radiasiya fizikası laboratoriyası Semyonov adına REA Fiziki Kimya İnstitutu ilə, polimerlərin radiasiya fizikası (laboratoriyanın müdiri texnika elmləri doktoru, professor M.Bağırovdur) laboratoriyasının M.N.Emmanuel adına Biokimyəvi Fizika İnstitutu ilə əməkdaşlığının nəticələri ürəkaçandır. Bundan əlavə, Lomonosov adına MDU-nun biologiya və fizika fakültələrinin Biofizika kafedrasının biofizika radiasiya, radioekologiya, radio və fotobiologiya sahəsində elmi-texniki əməkdaşlıq haqqında razılaşma əldə edilmişdir. Eyni zamanda, MDU-nun torpaqşünaslıq fakültəsi ilə Radiasiya İnstitutu arasında elmi-texniki əməkdaşlığa hazırlıq işləri aparılır.

- Bəs institutda beynəlxalq proqramlar, qrantlar üzrə icra olunan layihələr və sazişlər nə vəziyyətdədir?

- İnstitutda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi radioekologiya istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, ABŞ-ın Nüvə Təhlükəsizliyi Departamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu ilə beynəlxalq profillər çərçivəsində işlər uğurla davam etdirilir. Hazırda AEBA ilə texniki əməkdaşlıq proqramı çərçivəsində Radioniklidlərin monitorinqi üçün milli imkanların inkişafı layihəsi həyata keçirilir.

ABŞ Energetika Nazirliyi Arqon milli laboratoriyası ilə ikitərəfli müqaviləyə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları üçün xüsusi təlim kurslarının keçirilməsi üzrə layihə hazırlanmışdır. Keçən ilin sonunda ilk təlim kursu keçirilmişdir.

Radiasiya Problemləri İnstitutu Avropa Şurasının TACİS Proqramı çərçivəsində 2008-ci ildə "Nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması" çoxölkəli layihəni sənədləşdirmə işləri tamamlanmışdır. Layihədə AMEA Radiasiya Problemləri İnstitutuna texniki yardım və avadanlıqların verilməsi də nəzərdə tutulmuşdur.

NATO Elm Fondu - "Kür və Araz çaylarında ağır metallar və radionuklidlərin monitorinqi" layihəsini də qeyd etmək istərdim. Biz, həmçinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində iki layihə üzrə tədqiqatlar aparırıq. Bunlar tədqiqat nüvə reaktorunun quraşdırılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və "Radiasiya texnologiyaları vasitəsilə qida məhsullarının, tibbi materiallar və vəsaitlər, polimer və tikinti materiallarının sterilizasiya edilməsi üçün qamma-şüalanma kompleksinin yaradılmasıdır. Hər iki layihənin müddəti 2009-2011-ci illərə qədər nəzərdə tutulur.

İnstitutun respublika daxili əlaqələri genişdir. Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Gigiyena Epidemiologiya Milli Mərkəzi, Milli Onkoloji Mərkəz, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Sənaye Energetika, Dövlət Neft Şirkəti, qaz emalı zavodu, neftayırma zavodları, sement zavodu bu qəbildəndir.

İnstitutumuzun əməkdaşları elmi tədqiqat işləri ilə yanaşı, beynəlxalq simpozium və konfranslara dəvət olunurlar. Tədqiqatçılar əldə etdikləri nəticələr barədə məlumat verirlər. Mən Avstriyanın Vyana şəhərində texniki əməkdaşlıq üzrə layihənin müzakirəsində iştirak etmişəm. Professor İ.Mustafayev Mərakeşdə NATO tərəfindən keçirilən "Suların inteqrasiya olunmuş istifadəsi və insan təhlükəsizliyi" üzrə seminarda, eləcə də Almaniyanın Köln, Xorvatiyanın Zaqreb, Hindistanın Trivandrum şəhərlərində beynəlxalq tədbirlərdə məruzələrlə çıxış etmişdir.

Radiasiya Problemləri İnstitutu hər iki ildən bir Türkiyə Atom Enerji Qurumu ilə birlikdə türkdilli ölkələrin "Nüvə elmləri və onun təbliği" mövzusunda konfrans keçirir. Ötən ilin oktyabrında Ankarada keçirilmiş elmi məclisdə institutun 17 aparıcı alimi məruzələrlə çıxış etmişdir.

Məhz bu təşkilatlarla birgə əməyin nəticəsidir ki, institut MAQATE çərçivəsində tanınır və dünyada əsas elmi qurumlardan sayılır.

 

 

Şükufə TAĞIZADƏ

 

Azərbaycan.- 2009.- 22 may.- S. 7.