Bal arıları
zəhməti və halallığı sevir
Göylərin tacı
günəşin ilıq nəfəsi təbiəti
qış yuxusundan oyadıb. Çölə, çəmənə
sanki əlvan xalı sərilib. Zəmilərin zümrüd rəngi
gözlərimizə qeyri-adi bir rahatlıq gətirir, əsəblərimizə
sığal çəkir. Bahar əlvan xonçası ilə,
bənövşənin, nərgizin, yasəmənin rayihəsi
ilə könlümüzdə xoş duyğular oyadır.
Min illər boyu hər gəlişi
ilə yeni olan bahar yenə də təzə çalarları
ilə göz oxşayır, könül açır. Yazın
gəlişi ilə bolluq həvəsli əkinçi taleyini
bağladığı torpaqla görüşə çıxıb.
Bərəkət nəğməsi yaz mehinin qanadlarında
çölə-çəmənə yayılır.
Yazın gəlişi ilə qeyri-adi peşə sahibi olan
arıçıların da qayğıları artıb. Təbiətin
möcüzəsi olan arılar hər tərəfin al-əlvan
rəngə büründüyü bu yaz günlərində
pətəklərdə qərar tutmur, bağçalara pərvazlanıb
çiçəkdən-çiçəyə qonurlar.
Nəvəsi
Nübarın həyətin günəxoşuna qoyduğu
stulda oturan Nübar xalanın xəyalı yenə doğma
yerləri dolanırdı. Alçaqdan zümzümə edir,
hərdən kövrəlib vətən, torpaq nisgilli
bayatılar da deyirdi. Laçında, doğma Şam kəndində
onun çox şeyi qalmışdı. Qayğısız
uşaqlıq çağlarının, qaynar gənclik illərinin
unudulmaz xatirələrini Şam kəndində qoyub
çıxmışdı. Nankor qonşularımız,
süfrəmizin artığı ilə dolanan qudurğan ermənilər
min illərlə tarixi olan böyük bir eli isti yuvasından
perik salmışdılar. Yüz illərdən bəri
bütün nəslin halal zəhməti ilə
qazandığı var-dövlətdən yaman gün
üçün bir şey götürə bilməyən, əslində
həsrət qaldıqları dağlardan da ağır olan
qaçqın, köçkün yükü çiyinlərində
onlara yad olmayan yeni bir ünvana üz tutdular. Pənah gətirdikləri
Bərdə rayonunun Qaradağlı kəndində məskunlaşdılar.
Gözləri yolda, qulaqları səsdə olsa da, binə
qurdular, ocaq qalayıb bir yerə kül tökdülər.
Nübar xala yeni yurd kimi
Bərdəni təsadüfən seçməmişdi. Ailənin
Bərdə camaatı ilə qohumluq, dostluq əlaqələri
vardı. Atası Əvəz Qurbanov keçən əsrin
30-cu illərində burada milis rəisi işləmiş,
çoxlarına arxa olmuş, əl tutmuşdu. Ömür-gün
yoldaşı Şəfa müəllimi hələ
Laçında yaşadıqları zaman itirən Nübar
xala 4 qız, 4 oğulun böyüdüyü bir ailəyə
həm ana, həm də ata olmuşdu. Hər zəhmətə
qatlaşıb, cəmiyyət üçün layiqli
övladlar böyütmüş, uşaqların
altısını oxutmuşdu. Onun
dünyagörüşü, həyata baxışı
çoxlarından fərqlidir. Ən çox nifrət elədiyi
xüsusiyyət ələbaxımlıqdır, el-obada
yazıqlıq hədəfinə çevrilməkdir.
Bu günlərin
söhbətidir. Qaz İstismarı İdarəsinin
işçiləri kənddə işlədilmiş qazın
pulunu yığırdılar. Qonşulardan pul alıb gedəndə
Nübar xala onları çağırıb deyir ki, ay bala,
bizdən niyə pul almırsınız, nə olsun ki,
adımız məcburi köçkündür. Övladlarını
qürurlu böyüdən, halal zəhmətə
alışdıran Nübar xala indi sevimli nəvələri
ilə nəfəs alır.
Başını
qaldırıb üfüqə boylandı. Günəş
xeyli qalxıb yağlanmış, hava isinmişdi. Meyvə
ağacları ilə dolu olan böyük həyətdə nəvəsi
Rafini səslədi:
- Ay bala, vaxtdı, gəl
körüyü odla, indi atan gəlib arılara baxacaq. Nənəsinin
hər sözünə həmişə diqqətlə
yanaşan Rafin ləngimədən quru kərmələrdən
kiçik bir ocaq qaladı. Müəllim işləyən
atasının məktəbdən döndüyü vaxtı dəqiq
bildiyindən bütün hazırlıq işlərini
gördü. İstifadə etdikləri alətləri
arıxananın yanına yığdı. Mütalib həyətə
girəndə arıların gur işlədiyini görüb
xoşhal oldu. Məktəbdən dönən müəllim
vaxt itirmədən həvəslə sevimli işinə
başladı. Bir kənardan başlayıb bir-bir yeşiklərin
qapağını açır, pətəklərdə
arıların vəziyyətini diqqətlə nəzərdən
keçirirdi.
Yaxşı qulluq
edildiyindən ana arılar gümrah idi. Əgər ana
sağlam və güclüdürsə, deməli, ailəyə
zaval yoxdur. Mütalibdə əksər dağ adamlarına məxsus
qəribə bir romantiklik də var. Öz ailələri ilə
arılar arasında bir oxşarlıq axtarır. Öz qənaətində
onu tapır da. Deyir ki, anamız bizi arıların qanunları
ilə tərbiyə edir. Yaşamaq üçün hamı
işləməli, hər kəs zəhmət çəkməlidir.
Hər şeydə halallıq gözlənməlidir. Arıya
haram əl uzansa, o mütləq məhv olmalıdır.
Arılar təbiətin
möcüzəsidir. Təsadüfi deyil ki, müqəddəs
"Qurani-Kərim"də bal arısı ilə
bağlı ayə də yer alır. Mütalib Novruzov sevimli
peşəsi ilə bağlı deyir ki, rəhmətlik Əfqan
əmim məşhur arıçı olub. Laçında hər
il tonlarla bal istehsal edərdi. Bu sənətin sirlərini ondan
öyrənmişəm. Neçə ildir ki, bacımın
yoldaşı Səfərlə birgə işləyirik. O da
bacarıqlı arıçıdır. Hazırda yüzdən
çox arı ailəsinə baxırıq. Yazın
yağışlı-yağmurlu keçməsi arıya sərf
etmir. Amma ümidsiz də deyilik. Qışda yağan qar
hesabına bu il dağlarda gül-çiçək
çoxdur. Biz həmişə dağ balı istehsal edirik.
Mayın əvvəllərində arıları yaylağa
köçürürük. Dağ balının min bir dərdin
dərmanı, əsl möcüzə olduğunu elm də təsdiq
edir. Kəklikotundan, qantəpərdən, cökədən,
baldırğandan çəkilən şirə bir çox
sağalmaz xəstəliklərin dərmanıdır. Hər
il tondan artıq balımız olur. Çoxları onu dərman
kimi alır.
Mütalib üzləşdikləri
çətinlikləri də dilə gətirdi. Dedi ki,
dövlət kənd təsərrüfatının digər
sahələrində olduğu kimi,
arıçılığa da dəstək verməlidir. İstehsal
etdiyimiz balı sata bilmirik. Halbuki dünya bazarlarında
heç bir bal keyfiyyətinə görə bizimki ilə
müqayisə oluna bilməz. Arıçılıqda istifadə
etdiyimiz dərmanlar bəzən saxta olur. Bunun nəticəsi
isə bizə çox baha başa gəlir. Belə saxta dərmanlar
arıları kütləvi şəkildə qırır.
Yaxşı olar ki, bu sahədə güclü nəzarət
yaradılsın. Yağışdan sonra göbələk kimi
artan baytarlıq aptekləri belə bir nəzarətdən kənardır.
Arıxanada iş
qaynayırdı. 17 yaşlı Rafin atasına kömək
edir, eyni zamanda yeni vərdişlərə yiyələnirdi. Nübar
xala bir kənarda oturub sevimli övladlarının işinə
maraqla göz qoyur, gördüyü mənzərədən
zövq alırdı. Geniş günyagörüşünə
malik bu zəhmətkeş qadın söz düşəndə
deyir ki, isti yuvamızdan, doğma ev-eşiyimizdən didərgin
düşsək də, halal zəhmətimizlə Bərdədə
yenidən həyat qurmuşuq. Ev tikmişik, xoş güzəran
yaratmışıq. Dolanışıq üçün
heç kəsə ehtiyacımız yoxdur. Bütün bunlar
üçün bal arılarına çox borcluyuq.
Lazım Quliyev
Azərbaycan.-2009.-24 may.-S.5.