Yeni musiqi beşiyi

 

Cənnət Qarabağa yenə bahar gəlib. Yaşıl ormanlar, əlvan çətirli bağça-bağlar üzə gülür. Quşların civiltisi, suların şırıltısı, yarpaqların pıçıltısı qəribə bahar simfoniyası yaradır. Bu yerlərdə təbiətin qeyri-adi bir nızamı var. Sanki hər şey musiqi üstə köklənib. Min illər boyu burada durna gözlü bulaqlar nəğmə ilə çağlayır, küləklər musiqi ilə əsir, səhərlər musiqi ilə açılır, gecələr ay da nəğmə ilə doğulur. Bu yerlərin möcüzəli suyunu içib, məlhəm havasını udub, müqəddəs torpağına qədəm basıb necə nəğməkar olmayasan?! Dünya şöhrətli bəstəkar Üzeyir bəyin heyrətamiz istedadının mayasını başqa şeydə axtarmaq sadəlövhlük olardı.

Qarabağda, bu diyarın nəğməli ürəyi olan Ağcabəbidə doğulan Üzeyir bəy musiqimizi sevə-sevə onu bütün dünyaya tanıtdı. Qədirbilən Qarabağ camaatı dahi nəğməkarı böyük məhəbbətlə sevir, əziz xatirəsini həmişə uca tutur. Bu hörmət və ehtiramın məntiqi ifadəsidir ki, Ağcabədi şəhərinin mərkəzində 2 hektar sahəni əhatə edən böyük bir ərazidə salınmış gözəl və yaraşıqlı parka Ü.Hacıbəyovun adı verilmişdir. Park son dərəcə yüksək zövqlə qurulmuş, hər şey zərgər dəqiqliyilə nəzərə alınmışdır. Milli-mənəvi dəyərlərimizin ən böyük hamisi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə burada xüsusi layihə əsasında tikilmiş Qarabağ Muğam Mərkəzi Üzeyir Hacıbəyov dünyasına misilsiz ehtiramın parlaq ifadəsi kimi bütün bölgədə razılıqla, minnətdarlıqla qarşılanmışdır.

Qarabağ Muğam Mərkəzinin istifadəyə verilməsi bölgədə milli musiqimizin inkişafında yeni intibah dövrünün başlandığı anlamını verir. Bu fikir həqiqətdir. Mərkəz çox qısa vaxtda musiqi beşiyinə çevrilmişdir. Hazırda burada Ağcabədi, Ağdam, Beyləqan, Kəlbəcər, Laçın, Oğuz və Bərdə rayonlarından 96 nəfər tələbə muğam dərsi alır. Yeniyetmələrlə bacarıqlı müəllimlər məşğul olur. Ü.Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinin direktoru Aydın Məmmədov deyir:

- Mənəvi dəyərlərimizin, milli musiqimizin üzünə gün doğmuşdur. Muğam sənətinə ikinci həyat verilmişdir. Təkcə biz sənətkarlar yox, bütün xalqımız Mehriban xanımın tarixi xidmətlərini yüksək qiymətləndirir. Son illərədək əlinə qaval götürməyə utanan gənclər indi xalq musiqisinə böyük maraq göstərirlər. Başdan-başa yenidən qurulub gözəl görkəm alan Ağcabədidəki Muğam Mərkəzi şəhərin ümumi mənzərəsini çox uyarlı bir şəkildə tamamlayır.

 Park da, burada göz oxşayan Muğam Mərkəzi də musiqisevərlər üçün müqəddəs yerdir. Bir də, Qarabağda musiqini kim sevmir?! Parkda bütün günü xalq musiqisi səsləndirilir. Rayon ictimaiyyəti qarşısında bir neçə dəfə hesabat konserti vermişik. Birinci Beynəlxalq uşaq muğam festivalına ciddi hazırlıq görürük. Yaradılmış nümunəvi şərait, göstərilən qayğı və diqqət bizə qol-qanad verir. Əminliklə deyirəm ki, yeni-yeni istedadların aşkar edilib yetişməsində Muğam Mərkəzi nəyə qadir olduğunu tezliklə göstərəcəkdir.

Qarabağ Muğam Mərkəzi milli musiqimizə ucaldılmış əzəmətli abidəyə bənzəyir. Burada hər şey ürək açır, göz oxşayır. Müasir tipli binanın 2 konsert zalı fəaliyyət göstərir. Yay və qış zallarının hər biri 150 nəfərlikdir. Burada 7 sinif, 2 qrim və 2 inzibati otaq vardır. Zallar və otaqlar müasir avadanlıqla təchiz olunmuşdur.

Başı qarlı dağları, bol məhsullu, bərəkətli düzləri, qiymətli təbii sərvətləri ilə məşhur olan Qarabağ həm də bizim mənəvi dünyamızdır. Bu gün Muğam Mərkəzindən ərşə qalxıb qanadlanan "Qarabağ şikəstəsi", "Mənsuriyyə", "Heyratı" muğamları yurdun ərənləri üçün sanki səfərbərlik marşıdır. Bu ecazkar musiqidəki döyüş ruhu yağı tapdağında, düşmən caynağında qalan torpaqlarımızı azad etməyə çağırır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 22 may.- S. 7.