Mayın 22-də Zərifə
Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun yeni binasının açılışı
olmuşdur.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva mərasimdə iştirak
etmişlər.
İnstitutun kollektivi
dövlətimizin başçısını və
xanımını hərarətli alqışlarla
qarşıladılar.
Mehriban xanım Əliyevaya
gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev
əvvəlcə binanın baş planı ilə
tanış oldu.
Baş nazirin müavini
Abid Şərifov məlumat verdi ki, binanın inşasına
1985-ci ildə ulu öndər Heydər Əliyevin
tapşırığı ilə başlanmışdır. On
ilə yaxın müddətdə davam edən inşaat
işləri müəyyən səbəblərə görə
dayandırılmışdı. 2004-cü ildə Prezident
İlham Əliyevin göstərişi ilə tikinti prosesi bərpa
olunmuşdur. İnşaat işlərini Türkiyənin
"Yenak" şirkəti həyata keçirmişdir.
Bir neçə korpusdan
ibarət mərkəzləşdirilmiş institutun yeni
binası ən müasir tələblərə cavab verən
tibbi müəssisə kimi layihələndirilərək
inşa edilmişdir. Bu, bir daha göstərir ki, Azərbaycanda
səhiyyənin inkişafı, onun maddi-texniki bazasının
gücləndirilməsi daim diqqət mərkəzində
saxlanılır. Regionda və MDB məkanında analoqu olmayan
Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun yeni binasının istifadəyə verilməsi
ölkəmizdə oftalmologiya sahəsində mühüm
hadisədir.
Bu, həm də Azərbaycan
oftalmologiyasını bütün dünyada tanıdan akademik
Zərifə xanım Əliyevanın xatirəsinin ədəbiləşdirilməsi
istiqamətində atılan mühüm addımdır.
Xəstəxananın
binası müasir texnologiyalar və qabaqcıl təcrübələr
əsasında tikilmişdir.
Ən müasir
standartlara uyğun inşa edilmiş bu kompleksdə əsas
bina, poliklinika, iki stasionar korpus, o cümlədən əməliyyat,
reanimasiya, 85 çarpayılıq sağ və 72
çarpayılıq sol yataq blokları, cərrahiyyə bloku
və bu korpusları birləşdirən üçmərtəbəli
keçid bloku, aptek, yeməkxana, oftalmologiya kafedrası,
müxtəlif yardımçı təsərrüfat korpusları,
o cümlədən iki transformator yarımstansiyası,
generator, qazanxana, nasosxana, dörd yeraltı su anbarı və
avtomobil dayanacağı vardır.
İnstitutun ümumu
torpaq sahəsi 5,6478 hektardır. Binaların ümumi sahəsi
13.346 kvadratmetr, servis yolunun sahəsi 17.824 kvadratmetr, piyada
yolunun sahəsi 868 kvadratmetr, yaşıllığın sahəsi
20.656 kvadratmetr, avtomobil dayanacağının sahəsi isə
6.165 kvadratmetrdir.
Binada gün ərzində
ambulator şəraitdə ümumilikdə 750-dək xəstəyə
diaqnostik müayinə və müalicə xidmətləri
göstərmək mümkündür. Binada quraşdırılmış
ən müasir avadanlıq imkan verir ki, xəstələr
ambulator şəraitdə
əməliyyat olunsunlar
və həmin gün də evə yazılsınlar. Otaqlarda və palatalarda temperatur xüsusi termostat vasitəsilə tənzimlənir.
Xəstələrin tibbi
heyətlə əlaqəsi
üçün çağırış
siqnalı və telefon danışıq sistemi quraşdırılmışdır.
Kompleksdə ABŞ, Yaponiya
və Almaniyadan gətirilən ən müasir avadanlıq quraşdırılmışdır.
Yeni binada həm xəstələrə
yüksək səviyyədə tibbi xidmət göstərmək,
həm də tibbi heyətin fəaliyyəti üçün
hər cür şərait yaradılmışdır. Bundan
başqa, Cənubi Qafqaz regionunda yeganə olan elmi tədqiqat
oftalmoloji müəssisədə bu sahədə tədqiqatlar
aparmaq üçün də lazımi şərait
yaradılmışdır.
İnstitutun 500 nəfərə
yaxın işçi heyəti, o cümlədən 280 həkimi
vardır.
Binanın kommunal xidmətləri,
su təchizatı, müasir tipli avtomatik idarə olunan
havalandırma, eləcə də videomüşahidə sistemləri
kompüter vasitəsilə həyata keçirilir.
Sonra Prezident İlham Əliyev
institutun yeni binasının açılışını
bildirən lenti kəsdi və bina ilə yaxından
tanış oldu.
Dövlətimizin
başçısı akademik Zərifə Əliyevanın
binanın foyesindəki büstünə baxdı, görkəmli
oftalmoloq alimin xatirəsinə yaradılmış muzey ilə
tanış oldu. Muzeydə akademik Zərifə Əliyevanın
vaxtilə istifadə etdiyi tibbi cihazlar, o cümlədən
yarıq lampa, eynək seçmək üçün dəst,
görkəmli alimin fotoşəkilləri, sənədlərinin
surətləri, müəllifi olduğu və ona həsr edilmiş
kitablar nümayiş olunur.
Prezident İlham Əliyev
institutun şöbələrini gəzdi, cərrahiyyə
blokundakı reanimasiya bölməsinə, otaqlara baxdı.
Qeyd olundu ki, 190 yerlik iki
yataq bloku ilə yanaşı, ikimərtəbəli əməliyyat
blokunda da yüksək şərait yaradılmış,
palatalarda ən müasir cihazlar
quraşdırılmışdır.
Altıncı mərtəbədə
yaradılan şəraitlə tanış olan Prezident
İlham Əliyevə burada quraşdırılan cihazlar barədə
məlumat verildi. Bildirildi ki, bu avadanlıq ən ağır cərrahiyyə
əməliyyatlarının aparılmasına imkan yaradır.
Bu cihazların əsas üstünlüyü ondan ibarətdir
ki, onlar gözdəki sərt mirvari sularının cərrahiyyəsinə
imkan verir və xəstələr əməliyyatdan bir
neçə saat sonra evə buraxıla bilərlər. Bu, Azərbaycan
oftalmologiyasında yeni istiqamət olmaqla, həm də ölkəmizdə
göz xəstəlikləri arasında ən çox
müşahidə olunan katarakta xəstəliyinin yeni
üsullarla müayinə və müalicəsinə imkan
verir.
Dövlətimizin
başçısı ikinci mərtəbədə
yaradılan şəraitlə də tanış oldu. Məlumat
verildi ki, burada quraşdırılmış cihazların
köməyi ilə gözün buynuz qişasının
bütün deformasiyalarını aradan qaldırmaq
mümkündür.
Bina ilə
tanışlıqdan sonra Prezident İlham Əliyev tibb ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Sonra dövlətimizin
başçısı institutun akt zalında kollektiv
qarşısında çıxış etdi.
Azərbaycan.-
2009.- 23 may.- S. 1.