Gen mühəndisliyi və insan
amili
XIX əsrin ortalarından başlayaraq insanın ətraf mühitə təsiri güclənməyə başladı. XX əsrdə Yer kürəsində biosferin yüksək dərəcədə çirklənmiş zonaları yarandı. Bu isə regional deqradasiya demək idi. Bütün bunlara Yer üzündə əhalinin sayının yüksək templə artması və urbanizasiyanın, yəni əhalinin və cəmiyyətin şəhərlərdə cəmlənməsi, bununla yanaşı, kəndlərin şəhər tipli qəsəbələrə çevrilməsi, energetik resurslardan istifadənin genişlənməsi, sənaye və kənd təsərrüfatı istehsalının intensiv inkişaf etməsi, nəqliyyat vasitələrindən kütləvi istifadə olunması, hərbi məqsədlərə və digər proseslərə çəkilən xərclərin yüksəlməsi səbəb olmuşdur.
Nüvə
obyektlərinin meydana gəlməsi, kimyəvi maddələrin
istehsalının genişlənməsi insanın ekoloji sistemə
dağıdıcı təsirini artırmışdır.
Nüvə silahlarının və digər növ
silahların
Dünya əhalisinin sürətlə artması energetikanın, sənayenin, kənd təsərrüfatı istehsalının, nəqliyyatın, hərbi-sənaye komplekslərinin irimiqyaslı inkişafı ilə nəticələndiyindən təbiətə texnogen güc də xeyli artmış, beləliklə də insanın fəal texnogen fəaliyyəti nəticəsində planetimizin bir çox regionlarında biosfer dağılmışdır.
Antropogen təhlükələri bir çox cəhətdən insan fəaliyyətinin nəticəsində əmələ gələn sənaye və məişət tullantıları törədir. Atmosferə, su hövzələrinə milyon tonlarla istehsalat və məişət tullantıları qarışır. Nəticədə canlı orqanizmlərin yaşaması üçün şərait pisləşir. Meşələrdə yırtıcı heyvanların ovlaması üçün quş, dovşan və s. tapa bilməməsi nəticəsində onların aclığa dözməyərək kəndlərə soxulması, bəzən də adamlara hücum etməsi adi hala çevrilmişdir. Atmosfer havasının da xarakteri çox dəyişdiyindən indiyədək görünməmiş hadisələr baş verir. İnsanlardan "küsən" təbiət öz tarazlığını qoruyub saxlamaq üçün adamların başına bəlalar açır. Eşidirsən ki, Afrikada qar yağıb, okean suları coşaraq yaşayış sahələrini basıb, günahsız balinalar sürü ilə sahilə atılıb, yazda qar yağıb və ağacların çiçəkləri buz örtüyünə bürünüb və s.
Hər il 6 mln. hektar suvarılan torpaq səhralaşır. Bunun səbəbi uzun müddət davam edən çox ağır hava şəraiti, yəni uzun müddət davam edən quraqlıq, habelə torpaqların insanın fəaliyyəti nəticəsində çirklənməsi və strukturunun korlanmasıdır. Əkin sahələrinə rahatlıq verilmədən dəfələrlə becərilməsi, onlardan mal-qara üçün otlaq kimi istifadə olunması, habelə meşələrin qırılması da səhralaşmaya şərait yaradılmasına gətirib çıxarır. Ekosistemin dəyişməsi və səhralıq sahələrinin genişlənməsi ilə əlaqədar ərzaq məhsulları istehsalı azalır, su mənbələri quruyur, həmin ərazilərdə yaşayan əhali daha əlverişli şəraiti olan rayonlara köçmək məcburiyyətində qalır. Bütün bunlar həm də insanın elmi-texniki tərəqqi metodlarının zərərli nəticələrinin sayəsində baş verir.
İnsanın özü də təhlükəli zonalara düşdükdə sağlamlığını itirir. Nəqliyyat magistralları, radio və teleötürücü qurğuların şüalanması, sənaye zonalarının uzunmüddətli təsiri insanın xəstələnməsinə şərait yaradır. Məişətdə geniş işlədilən texniki qurğular da insanın sağlamlığını əlindən alır. Müxtəlif markalı televizorlar, kompüterlər, soyuducular, sərinləşdirici qurğular (kondisionerlər), paltaryuyan maşınlar, tozsoranlar insanın sağlamlığı üçün ümdə şərtlərdən biri olan yüngül mənfi ionlarla, aeroionlarla havanı korlayır. Həmin qurğular böyük miqdarda müsbət ağır ionlar hasil edir, bu isə qapalı və havasız binalarda işləyənlərin halsızlıqlarına, başağrılarına, qan təzyiqinin yüksəlməsinə və s. səbəb olur. Kondisionerlər isə havanı "təmizləsə" də, onu mənfi yüngül ionlardan məhrum ölü havaya çevirir.
Alimlər hazırda 100 növdən artıq neqativ amilin mövcud olduğunu bildirirlər. Əlverişsiz mövcud meteoroloji şərait, hava mühitinin tozluluğu və qazlılığı, səs-küyün, infrasəs və ultrasəsin, vibrasiyaların, elektromaqnit sahələrinin, lazer və ionlaşdırıcı şüalanmanın varlığı və s. zərərli istehsalat amilləri sayılır. Bütün bunların nəticəsində son illərdə planetin əhalisinin sağlamlığına qidanın keyfiyyətinin və strukturunun getdikcə daha çox pis təsir göstərməsi aydınlaşdırılmışdır. Məlum olmuşdur ki, dünyada hər il aclıqdan və zülal-kalori çatışmazlığından 15 milyon adam dünyasını dəyişir.
Alimlərin proqnozlarına görə, dünya əhalisinin sayı 2050-ci ildə 9-11 milyarda çatacaq. Deməli, bu, dünyada kənd təsərrüfatı məhsullarının iki və hətta üç dəfə artırılmasını tələb edir. Qarşıda duran məsələnin həlli transgen bitki növlərindən istifadə etmədən mümkün deyildir. Bəs transgen bitki nədir?
Başqa bitki, yaxud heyvan növlərinin geni köçürülən və müvəffəqiyyətlə fəaliyyət göstərən bitki növlərinə transgen bitkilər deyilir. Genköçürmə əməliyyatı ona görə aparılır ki, respiyent bitki insanın istədiyi xassələri özündə cəmləşdirsin, yəni viruslara, herbisidlərə, bitki ziyanvericilərinin və xəstəliklərin təsirinə yüksək dərəcədə davamlı olsun. Geni dəyişdirilmiş bitkilərdən alınan qida məhsullarının dadı yaxşılaşdırılır, görünüşü qəşəng olur və uzun müddət saxlanıldıqda korlanmır. Belə bitkilər özlərinin təbii analoqlarına nisbətən daha zəngin və stabil məhsul verir. Genetik dəyişdirilmiş məhsul almaq üçün laboratoriya şəraitində müəyyən bir orqanizmdən götürülmüş gen digər bir orqanizmin hüceyrəsinə köçürülür. Məsələn, pomidorun və çiyələyin şaxtaya davamlılığını artırmaq üçün onların hüceyrələrinə şimal dənizlərində yaşayan balıqların genlərini yeridirlər. Qarğıdalını ziyanvericilərdən qorumaq üçün onun hüceyrəsinə ilan zəhərindən alınmış aktiv gen köçürürlər. Qaramalın tez kökəlməsi üçün ona dəyişdirilmiş boy maddəsi vururlar. Yazılanlara görə, bu zaman qaramalın südündə artan hormonlar xərçəng xəstəliyi törədə bilir. Paxla fəsiləsindən olan soya bitkisinə ziyanvericilərin təsirinin qabağını almaq üçün hüceyrəsinə petuniya deyilən çox zəhərli çiçəyin genini, habelə bəzi viruslar və bakteriyalar vururlar. Donuzların yaxşı inkişafını təmin etmək üçün onlara insan geni köçürülür. Soya qaramal yeminin və qida məhsullarının təqribən 60 faizinin əsas komponentlərindən biridir. Hazırda gen köçürülməsi yolu ilə modifikasiyalaşdırılmış soyadan Rusiyada və digər ölkələrdə bir çox növ ərzaq fitopendir, funksional qatışıqlar, quru süd əvəzediciləri, "Soyka-1" dondurması, soya zülalının 32 adda konsentratı, 7 növ soya unu, 8 növ soya zülalı məhsulları, 4 adda soya qida maddəsi, yağsızlaşdırılmış soya yarması, idmançılar üçün xüsusi ərzaqlar alınmışdır. Bazarlarda satılan gətirilmə çipslər, tomat sousları, konservləşdirilmiş qarğıdalı və Amerikanın toyuq budları da modifikasiya olunmuş genetik məhsullardandır.
Dünyada 1995-ci ildə 75 milyon, 1999-cu ildə 2,2 milyard dollarlıq genetik modifikasiyalaşdırılmış bitki məhsulu satılmışdır. Bu rəqəmin 2010-cu ildə 25 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Dünya alimlərinin fikrincə, belə qida məhsulları zamanəmizin ən böyük nailiyyətlərindən biridir. Geni dəyişdirilmiş ərzaqların tərəfdarları onlara yeni dad verilməsi imkanları ilə öyünürlər, dünyada aclıq probleminin həlli üçün önəmli məsələ olduğunu söyləyirlər.
Geni dəyişdirilmiş ərzaqların əleyhdarları isə onların insanın sağlamlığına öyrənilməmiş təsirindən qayğılanırlar.
Bununla belə, alimlərin ərsəyə gətirdikləri geni dəyişdirilmiş bəzi məhsullar müəyyən maraq doğurur. Elə götürək böyük gilələri olan üzümü. Yaponiya alimləri onu laboratoriya şəraitində apardıqları eksperimentlər sayəsində genetik kodu dəyişdirilmiş xüsusi üzümdən hasil etmişlər. Bu üzüm gilələrinin dadı heç bir dəyişikliyə məruz qalmamışdır. Belə üzümün bir giləsi adamın doyması üçün kifayət edir.
Genetiklər
üzümü almaya calaq etməklə üzüm-alma deyilən
qəribə hibrid almışlar. Həmin meyvə öz
ölçüsünə və formasına görə
almaya, qabığına görə üzümə
oxşayır. Meyvə həm
Gen dəyişməsi yolu ilə alınmış gavalı ilə ərik hibridinin şərti adı "gavərikdir". Öz əcdadlarının genləri ilə calaq nəticəsində alınmış bu meyvənin tərkibində xolesterin və natrium yoxdur, cəlbedici tamı var, C vitamini yetərincədir.
Genetika alimləri şirin mandarinlə acıtəhər qreypfrutu gendəyişmə yolu ilə calaq etməklə heydarin adlı hibrid almışlar. Cüzi acı tam verməklə yanaşı, şirinliyi ilə də seçilən bol şirəli hibridi sellüloza və C vitamini ilə zəngindir.
İsrail alimləri limonun və pomidorun genlərini calaşdırmaqla xalis genetik məhsul olan "limodor" adlı hibrid almışlar (bu yerdə Süleyman Ələsgərovun "Ulduz" komediyasında institutun direktor müavini Gülümsərovun limon ilə portağalı calaq etməklə "limpart" almaq arzusu yada düşür. Sən demə, komediya müəlliflərinin gülüş xatirinə işlətdikləri bu terminin böyük gələcəyi varmış).
Alimlər insulin genini kahıya tətbiq etməyi bacarmışlar. Daxil edilmiş insulin kahının hüceyrələri ilə həzm traktından birbaşa mədəyə keçərək təbii insulin istehsalı mexanizmini işə salır. Bu kəşf həmişə insulin inyeksiyası məcburiyyətində qalmış şəkərli diabet xəstələrinə çox kömək edə bilər.
Yaponiya genetikləri şəkərli diabet xəstələrini dərman aslılığından qurtarmaq üçün düyü sortu yaratmışlar. Genetik modifikasiyalı həmin düyü mədəaltı vəzinin məxsusi insulinini istehsal etmək imkanını stimullaşdırır.
Hazırda ABŞ-da bu və ya digər xəstəliklərlə, məsələn, soyuqdəymə, herpes, hepatit, Alsgeymer xəstəlikləri, vəba, xərçəng, qazanılmış immun defisiti sindromu ilə mübarizə üçün insan geni vurulmuş qarğıdalı, pomidor, çəltik, tənbəki və digər bitkilərin becərilməsi sahəsində üç yüzdən artıq eksperiment aparılmaqdadır.
Geni dəyişdirilmiş məhsulların geniş miqyasda alınması üçün ciddi elmi axtarışların səbəbi iqtisadi amillərlə izah olunur. Həmin məhsullar, eyni zamanda çox perspektivli biznesdir. Hazırda dünyanın 16 ölkəsində 60 milyon hektar sahədə transgen bitkilər becərilir. Bunun 656 faizi ABŞ-ın, 22 faizi isə Argentinanın payına düşür. Avropada isə transgen bitkilərin becərilməsinə və emalına qəti qadağa qoyulmuşdur.
Hazırda dünyada təqribən 6 milyard adam yaşayır. Onların 800 milyonu aclıq çəkir. Alimlərin hesablamalarına görə, 2020-ci ildə dünya əhalisinin sayı 7 milyard təşkil edəcəkdir. Yeni texnologiyaların tətbiqi gələcəkdə ərzaq çatışmazlığı probleminin həllinə imkan yaradacaq.
Geni dəyişdirilmiş məhsullar insan üçün nə dərəcədə təhlükəsizdir?
Transgen məhsullarının tərəfdarları təsdiq edirlər ki, insan orqanizminə hər gün yeməklə birlikdə yad dezoksiribonuklein turşusu daxil olur. Lakin qida ilə birlikdə orqanizmə düşən insan genotipinə daxil ola bilmir və buna görə də indiyəcən transgen qidanın ziyanı barədə sübuta yetirilmiş heç bir dəlil yoxdur.
Transgen qidanın əleyhdarları güman edirlər ki, genetik dəyişdirilmiş xammaldan yeyinti sənayesində cəmi 5-6 il bundan əvvəl istifadəyə başlandığına görə heç kim onun otuz-qırx ildən sonra hansı fəsadlar törədəcəyini deyə bilməz. Məlum olduğu kimi, yeni-yeni tibbi və bioloji preparatlar heyvanlar üzərində illərlə yoxlandıqdan sonra onlardan insanların istifadəsinə icazə verilir. Cəmi bir neçə il bundan əvvəl yaradılmış yüzlərlə adda transgen məhsullar dərhal açıq satışa buraxılır. Buna görə də onlardan istifadənin nə ilə nəticələnəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkünsüzdür. Belə maddələr insan orqanizmində mutasiyaya səbəb ola, təbiətdəki tarazlığı poza və ekoloji bəlalar törədə bilər.
Ümumiyyətlə götürülsə, genetik modifikasiyalı məhsullar XX əsrin biologiyasının nailiyyətlərindən biridir. Həmin məhsulların adamlar üçün təhlükəli olub-olmaması hələ ki, cavabsız qalıb. Vaxt vardı müxtəlif tərəvəzlərin və meyvələrin tərkibində zəhərli-kimyəvi maddələrin varlığı xalq arasında hey araşdırılırdı. Adamlar bir-birini kiminsə vaxtından əvvəl yetişdirilmiş qarpız yeyərək ölümcül zəhərlənməsi, şprislə dərman vurulmuş çiyələyin insan orqanizmində fəsadlar törətməsi barədə məlumatlandırırdılar. Genetik modifikasiyalı məhsullar meydana gələndən sonra həmin məlumatlar öz aktuallığını itirdi. XX əsrin 80-ci illərində genetik modifikasiyalı məhsullar haqqında elmi-fantastik hadisə kimi söhbət gedirdi. Hazırkı dövrdə isə həmin məhsullara mağazaların piştaxtalarında rast gəlmək mümkündür. Əvvəlki vaxtlarda adamlar təbiətin törətdiyi bədbəxtliklərdən, müharibələr olacağından əndişələnirdilər. İndiki zamanda genlərin dəyişdirilməsi əsasında əldə edilmiş ət və tərəvəz məhsullarını yemək də təhlükəli sayılır. Ona görə ki, texnologiya yüksəldikcə, risk də artır. Ancaq hər bir texnologiyanın müsbət və naməlum mənfi tərəflərinin olmasını da unutmaq lazım deyil. Zaman özü hər şeyi tənzimləyəcək.
Arif Hüseynov
Azərbaycan.-2009.-24 may.-S.7.