Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat
Göz Xəstəlikləri institutunun yeni binasının açılışı
olmuşdur
Azərbaycan prezidenti İlham Əliyevin
çıxışı
-
Hörmətli xanımlar
və cənablar!
Əziz dostlar!
Əziz səhiyyə
işçiləri!
Mən bu gün
hamınızı ürəkdən salamlayıram və
gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Bu gün doğrudan da, çox əlamətdar bir
gündür. Biz bu gün son illər ərzində Azərbaycanda
səhiyyə sahəsində əldə olunmuş ən
böyük uğurlardan birini qeyd edirik. Akademik Zərifə Əliyevanın
adını daşıyan Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun açılışına
toplaşmışıq və bu münasibətlə mən
sizi ürəkdən təbrik edirəm.
Bu gözəl,
müasir səhiyyə müəssisəsi Azərbaycan
xalqına xidmət edəcək və əminəm ki, burada
bütün işlər ən yüksək səviyyədə
qurulacaqdır. Bu institutun tikintisinin tarixi çox
maraqlıdır. Hələ 1985-ci ildə ulu öndər Heydər
Əliyevin göstərişi ilə Bakıda yeni,
böyük göz xəstəlikləri institutunun
binasının tikintisi haqqında göstəriş
verilmişdir. Ondan sonra, haradasa bir neçə ildən sonra
tikinti başlamışdır. Ancaq 1990-cı illərin əvvəllərində,
demək olar ki, tikinti dayanmışdı. Bütövlükdə, o illər Azərbaycanda böyük tənəzzüllər
müşahidə olunmuşdur.
Azərbaycanın həm
iqtisadi imkanları çox məhdud idi, eyni zamanda, maliyyə
vəziyyətimiz də çox ağır idi. Bütövlükdə,
1990-cı illərin əvvəlləri Azərbaycan xalqı
üçün böyük bir sınaq idi və hər bir
sahədə olduğu kimi, bütün tikintilər, o cümlədən
bu institutun tikintisi də dayanmışdı.
Ancaq ulu öndərin Azərbaycana
qayıdışından sonra burada yenidən canlanma
başladı, yeni təkliflər irəli sürüldü,
ilkin layihə daha da təkmilləşdirildi və müəyyən
müddətdən sonra institutun tikintisinin davam etdirilməsi
üçün lazımi tədbirlər də görülməyə
başlamışdır. Düzdür, bildiyiniz kimi, ilk mərhələdə,
o illərdə bizim maddi imkanlarımız yox idi. İlk mərhələdə
xarici kreditlər haqqında təkliflər irəli
sürülmüşdür. Ancaq əfsuslar olsun ki, o illərdə
Azərbaycana kredit vermək istəyən təşkilatlar
tapılmırdı.
Beləliklə, ölkəmiz
üçün, insanların sağlamlığı
üçün bu vacib tibb ocağının tikintisi
yalnız 2004-cü ildə yenidən
başlamışdır. Azərbaycan dövləti bu məqsədlər
üçün, bu böyük tikinti üçün vəsait
ayırmışdır, şirkət müəyyən
edilmişdir və deyə bilərəm ki, Azərbaycanda
qısa müddət ərzində yeni, gözəl, ən
yüksək dünya standartlarına cavab verən tibb
ocağı yaradılmışdır. Məndə olan məlumata
görə, bu bölgədə və keçmiş sovet məkanında
buna bənzər göz xəstəlikləri institutu tikilməmişdir.
Binanın 40 min kvadratmetrdən çox sahəsi var və
burada ən müasir avadanlıq
quraşdırılmışdır. Bu gün mən institutla
tanış olarkən bunu öz gözümlə
gördüm. İstənilən əməliyyatı burada
aparmaq mümkündür.
Əvvəllər bəzi
xəstələr müalicə almaq üçün, əməliyyat
olunmaq üçün xaricə üz tutmalı olmuşlar. Amma
bu gün bu gözəl mərkəzdə, deyə bilərəm
ki, oftalmoloji mərkəzində istənilən əməliyyatı
aparmaq mümkündür. Bu bizim böyük nailiyyətimizdir.
Böyük uğurumuzdur.
Bu mərkəz akademik Zərifə
Əliyevanın adını daşıyır. Zərifə Əliyeva
həm çox istedadlı, bilikli alim idi, eyni zamanda, çox
peşəkar və qayğıkeş həkim idi. Onun tərəfindən
çoxsaylı monoqrafiyalar, elmi işlər
yazılmışdır. Onun elmi fəaliyyəti o vaxt sovet məkanında
yüksək səviyyədə qiymətləndirilmişdir. Oftalmologiya
sahəsində ən yüksək mükafat - M.İ.Averbax
adına mükafat akademik Zərifə Əliyevaya
verilmişdir. Onun həkim-tədqiqatçı kimi də
çoxşaxəli fəaliyyəti var idi. 1970-80-ci illərdə
onun təşəbbüsü ilə bir neçə sənaye
müəssisəsində elmi tədqiqat laboratoriyaları
qurulmuşdu. O laboratoriyaların əsas məqsədi zərərli
istehsalın insanların görmə qabiliyyətinə mənfi
təsirinin öyrənilməsindən ibarət idi və adi
insanlar, fəhlələr o kiçik mərkəzlərdə
tibbi yardım alırdılar. Minlərlə insan Zərifə
Əliyevanın fəaliyyəti nəticəsində görmə
qabiliyyətini bərpa edə bilmişdi və eyni zamanda o,
bizim qəlbimizdə, yaddaşımızda unudulmaz insan kimi,
gözəl insan və çox xeyirxah həkim kimi
qalmışdır.
Bu gün onun
adını daşıyan bu gözəl mərkəzdə,
bir daha demək istəyirəm ki, ən çətin əməliyyatların
aparılması üçün bütün şərait
var. Həm elmi fəaliyyətlə məşğul olmaq
üçün imkan var, burada, eyni zamanda, kafedra da, uşaq
bölməsi də yerləşir. Yəni bu institut,
sözün əsl mənasında, region üçün əvəzolunmaz
tibb müəssisəsidir. Mən istisna etmirəm ki, xarici
ölkələrdən də buraya müalicə almaq
üçün insanlar gələcəkdir.
Ümumiyyətlə,
son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsi
işində çox böyük addımlar
atılmışdır, böyük işlər
görülmüşdür, müvafiq qərarlar
verilmişdir. Azərbaycanda son illər ərzində artıq
istifadəyə verilmiş və inşa edilən səhiyyə
müəssisələri bizim tələbatımızı,
demək olar ki, tam ödəyəcəkdir.
Bizdə indi Tibb
Universitetinin terapevtik və cərrahiyyə korpusları
tikilir. Hər ikisi özlüyündə böyük xəstəxanadır.
Orada ən müasir səviyyədə tikinti işləri
gedir. Eyni zamanda, Milli Onkoloji Mərkəzin tikintisi uğurla
davam edir və həmçinin onun nəzdində Uşaq
Onkologiya Mərkəzi tikilir. Azərbaycanda belə bir mərkəz
heç vaxt olmamışdır. Əminəm ki, orada da
tikinti ən yüksək səviyyədə
aparılacaqdır. Böyrəkköçürmə Mərkəzinin
tikintisi uğurla gedir. O mərkəz də nəinki Azərbaycan
üçün, bütün bölgə üçün ən
qabaqcıl mərkəz olacaqdır. Bu yaxınlarda Talassemiya Mərkəzinin
açılışını qeyd etdik və
insanlarımız üçün xas olan bu xəstəlikdən
əziyyət çəkənlərin vəziyyəti də
yaxşılaşdırılacaqdır. Eyni zamanda, o mərkəzin
əsasında gələcəkdə böyük qan mərkəzinin
yaradılması nəzərdə tutulmuşdur. Bunu etmək
üçün bütün imkanlar var.
Bu yaxınlarda hərbi
hospitalın, Daxili İşlər Nazirliyinin
hospitalının, Gömrük Komitəsinin
hospitalının istifadəyə verilməsi - bütün bu
addımlar da ümumi işimizə bir töhfədir. Yəni
Azərbaycanda çox böyük, müasir, ən yüksək
standartlara cavab verən mərkəzlər tikilir və Azərbaycan
vətəndaşları bu imkanlardan istifadə edirlər.
Bölgələrdə
bu istiqamətdə vacib addımlar atılır. Artıq hər
bir bölgədə müasir müalicə-diaqnostika mərkəzləri
fəaliyyət göstərir, onların sayı
artmaqdadır. Eyni zamanda, bölgələrdə əvvəllər
tikilmiş xəstəxanalar bərpa edilir və artıq elə
etməliyik ki, Azərbaycanın hər bir yerində ən
yüksək tibbi xidmət almaq üçün imkan olsun. Biz
bunun praktiki nəticələrini də görürük.
Artıq bölgələrdə ən ağır əməliyyatlar
aparılır. Açıq ürək üzərində əməliyyatlar
artıq Azərbaycanda bir ənənəyə
çevrilmişdir, halbuki bir müddət bundan əvvəl
heç Bakıda da belə əməliyyatların
aparılması qeyri-mümkün idi.
Səhiyyə sisteminin səmərəli
fəaliyyəti üçün keçən il təcili
tibb yardımı üçün ən müasir avtomobillər
alınıbdır. Onlar demək olar ki, şəhərimizin
bütün rayonlarını əhatə edir və növbəti
mərhələdə başqa şəhərlərə də
bu maşınlardan göndəriləcəkdir. Bu
maşınlar ən müasir avadanlıqla təchiz edilib,
onların bir neçəsi reanimobil funksiyasını
daşıyır. Onlarda ən müasir rabitə sistemi quraşdırılıbdır.
Qeyd etməliyik ki, bu
yaxınlarda Azərbaycan Dövlət Neft Akademiyasında
baş vermiş qanlı cinayətin qurbanları olan yaralı
insanları məhz atılan bu addımların nəticəsində
xilas etmək mümkün olmuşdur. Bu, böyük bir
nailiyyətdir. Mən bütün tibb işçilərini bu
böyük nailiyyət münasibətilə təbrik edirəm,
onlara öz minnətdarlığımı bildirmək istəyirəm.
Çünki o qanlı hadisə nəticəsində
yaralananların vəziyyəti çox ağır idi. Onların
tam əksəriyyəti çox ağır yaralı idilər
və onların sağalma perspektivi də çox qeyri-müəyyən
idi. Amma onların hamısı xilas edildi. Bu, bir də onu
göstərir ki, Azərbaycanda səhiyyə sistemində
aparılan köklü islahatlar öz bəhrəsini verir. Əgər
o yeni təcili tibbi yardım maşınları olmasaydı və
həkimlər dərhal hadisə yerinə gəlməsəydilər,
əminəm ki, yaralı insanları xilas etmək bəlkə
də mümkün olmazdı. Eyni zamanda, o hadisə ilə əlaqədar
mən Daxili İşlər Nazirliyinin fəaliyyətini qeyd
etməliyəm. Dərhal hadisə yerinə gəlmiş
xüsusi təyinatlı qüvvələrin müdaxiləsi
cinayətin daha böyük miqyas almasının
qarşısını alıbdır. Əgər onlar
vaxtında gəlməsəydilər, qurbanların sayı
daha çox ola bilərdi.
Yəni bu hadisələr
onu göstərir ki, Azərbaycanda bütün sahələrdə
işlər ən müasir səviyyədə qurulub,
dünya standartlarına cavab verir və bizim istəyimiz məhz
bundan ibarətdir. Bu, nəinki istəkdir, biz bunu gündəlik
həyatda görürük. Abadlaşan şəhərlər,
gözəlləşən binalar, infrastruktur layihələri,
insanların rahatlığı üçün, onların təhlükəsizliyi
üçün atılmış addımlar,
görülmüş tədbirlər Azərbaycanı
müasir dövlətə çevirir.
Bizim çox
güclü sosial siyasətimiz var. Baxmayaraq ki, 2009-cu il
dünya miqyasında böhranlı il kimi tarixdə qalacaq, biz
bütün sosial proqramları icra edirik. Heç bir sosial
proqramda heç bir məhdudiyyət yoxdur. Qəbul edilmiş
bütün qərarlar icra edilir. Azərbaycanda məktəb
tikintisi, səhiyyə ocaqlarının tikintisi davam etdirilir.
İnsanların həyat
səviyyəsinin yaxşılaşdırılması
üçün böyük infrastruktur layihələri icra
edilir. Sosial siyasət bizim fəaliyyətimizin əsas istiqamətlərindən
biridir. Çünki biz insanlar üçün
yaşayırıq və insanlara xidmət edirik. Ancaq o da həqiqətdir
ki, sosial proqramların icrası üçün güclü
iqtisadiyyat lazımdır. Biz bu güclü iqtisadiyyatı
yaratmışıq və Azərbaycanın iqtisadi nailiyyətləri
bu ilin birinci rübündə də özünü göstərir.
Bütün dünyada iqtisadi artım ya sıfır dərəcəsində,
ya da ki, aşağı düşübdür. Azərbaycanda
isə iqtisadi artım müşahidə olunur və bizim
iqtisadiyyat yüksək templərlə artır.
Azərbaycan xalqı
çox yaxşı görür və bilir ki, dünyanı
bürümüş maliyyə və iqtisadi böhran Azərbaycana
minimum təsir göstərmişdir. Bunun əsas səbəbi
vaxtında aparılan iqtisadi islahatlar, sosial islahatlar, sosial məsələlərin
həlli və ölkə iqtisadiyyatının hərtərəfli
inkişafıdır.
Biz indi belə gözəl
elmi və tibbi mərkəzlərin tikintisi ilə məşğuluq.
Biz dövlət tərəfindən investisiya layihələrini
nəinki məhdudlaşdırmırıq, əksinə,
onların sayını da artırırıq və ayrılan
vəsaiti də artırırıq. Çünki bu bizim
ölkəmiz üçün lazımdır, bizim
xalqımız üçün lazımdır.
Mən bu gün
bütün tibb işçilərinə, səhiyyə
sistemində fəaliyyət göstərən bütün
insanlara öz hörmətimi bildirmək istəyirəm. Siz
böyük və nəcib işlə məşğulsunuz,
insanların sağlamlığının bərpası,
sağlamlığının qaytarılması ilə məşğulsunuz.
Siz minlərlə, on minlərlə insana yeni həyat
vermisiniz, yeni imkanlar açmısınız. Biz - Azərbaycan
dövləti və Azərbaycan hökuməti elə etməliyik
ki, həkimlərin sosial məsələləri də həll
olunsun. Həkimlərin həm maaşları daha da çox
qaldırılsın, - bu istiqamətdə lazımi tədbirlər
görülür, - həm də iş şəraiti
yaxşılaşsın. Bu gözəl tibb mərkəzləri
təkcə xəstələrə xidmət etmir, eyni zamanda,
burada həkimlərin iş şəraiti də çox
yüksək səviyyədədir. Bu da Azərbaycan dövlətinin
siyasətidir. Hər bir yerdə iş şəraiti
yaxşı olmalıdır, bizim insanlarımız ən
müasir şəraitdə işləməlidir və
yaşamalıdır.
Mən bu gözəl
hadisə münasibətilə, gözəl oftalmoloji mərkəzin
açılışı münasibətilə bir daha sizin
hamınızı ürəkdən təbrik etmək istəyirəm.
Sizə gələcək işinizdə uğurlar
azrulayıram. Sağ olun.
* * *
Sonda dövlətimizin
başçısı institutun səyyar klinikasında
yaradılan şəraitlə də tanış oldu.
Qeyd olundu ki, səyyar
klinika istənilən yerdə müayinə və müalicənin
aparılmasına, hətta cərrahiyyə əməliyyatlarının
həyata keçirilməsinə imkan verir. Artıq Zərifə
Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun kollektivi səyyar klinika vasitəsilə bölgələrdə
ənənəvi uğurlu əməliyyatlar aparırlar.
Bütün bunlar
sübut edir ki, Azərbaycanda səhiyyə sisteminin
inkişafı istiqamətində həyata keçirilən
mühüm tədbirlər davamlı xarakter
almışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 23 may.- S. 1-2.