Yerli meyvələr daha faydalıdır

 

Aprel ayında normadan artıq olan şaxtalı, qarlı-yağışlı hava bəzi yerlərdə təzəcə çiçək açmış alma, armud, ərik, şaftalı, gilas, gilənar kimi meyvə ağaclarının çiçəyini tökdü. Bununla bağlı Abşeron Regional Hidrometeorologiya Mərkəzinin direktoru Fikrət Babayev bildirdi ki, apreldə qar yağması, gecələr temperaturun normadan 4-5 dərəcə aşağı olması həmin ay üçün xarakterik deyil. Belə hava şəraiti təxminən 1977-1978-ci illərin aprelində baş verib.

Təbii havaların ötən ay belə keçməsindən əkin əkən, yer şumlayan, çörəyi torpaqdan çıxan kəndli də, fermer də, elə aqrar sahənin mütəxəssisləri də narahat idilər. Ən azı bu cür hava şəraiti pambıq və kartof əkinini nisbətən ləngitdi. Lakin bəzi mütəxəssislər nikbindilər, deyirlər ki, havanın qarlı-yağışlı keçməsi məhsul qıtlığına işarə deyil. Əvvəla ona görə ki, yağıntı və soyuq hava əsasən dağlıq və dağətəyi rayonlarda olub ki, onlar da respublikada meyvə-tərəvəz istehsalına bütövlükdə o qədər də böyük təsir göstərmir. Aran rayonlara o qədər də güclü şaxta düşməyib. Əgər mayalanma yaxşı gedibsə, bol məhsul olacaq. Taxılçılığa, üzümçülüyə və pambıqçılığa isə yağıntıların xeyri var.

Bəzi mütəxəssisləri narahat edən isə məhsul qıtlığı şəraitində bazarlarımızı zəbt edəcək idxal meyvə-tərəvəzin sağlamlığa ziyanıdır. İlin bütün fəslində, xüsusən də qış aylarında bu meyvələr ölkə bazarlarında üstünlük təşkil edir. Bu mövsüm də qıtlıq olsa, deməli, işbazlar yetərincə yararlanacaqlar. Doğrudan da hər il ölkəmizdə lazım olduğundan bir neçə dəfə də artıq meyvə-tərəvəz yetişdirilməsinə baxmayaraq, bazarlarda Fransadan, Almaniyadan, Hollandiyadan, Türkiyədən, Çindən və başqa ölkələrdən gətirilmiş alma, armud, portağal, narıngi, üzüm, tərəvəz məhsulları bol-bol satılır. Zahirən cəlbedici görünsə də, bu meyvələrin heç birinin dadı yoxdur və insan bunu gözüyumulu yeyərsə, hansı meyvə və ya tərəvəz olduğunu müəyyən edə bilməz. Çünki hamısının genetik tərkibi dəyişdirilmiş, kimyalaşdırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyir ki, xaricdən gətirilən məhsulların tərkibində müxtəlif modifikasiya olunmuş bitkilər var, hamısının da geni dəyişdirilib: "Yoxsa tonlarla almanı eyni ölçüdə necə yetişdirmək olar?! İndi dünyada gen mühəndisliyi geniş yayılıb. Xüsusən ABŞ, Hollandiya, Almaniya, Çin kimi ölkələrdə məhsuldarlığı artırmaq məqsədilə pomidorun, xiyarın, bibərin, badımcanın və qarğıdalının genetik tərkibi tamamilə dəyişdirilib. Biz dəfələrlə televiziya və mətbuat vasitəsilə müraciət edir, vətəndaşlarımıza bu məhsullardan az istifadəni məsləhət bilirik. Fikrimcə, maarifləndirmə işini daha da artırmaq lazımdır, çünki bazarlarımız belə məhsullarla dolub-daşır".

Hamımız şahidik ki, bazarlarımızda qablarşdırılmış şəkildə xaricdən gətirilmiş üzüm ayaq açıb yeriyir. Əslində üzüm elə bitkidir ki, soyuq yerdə saxlamasan, az vaxtdan sonra qıcqırır, dadını dəyişir, istifadəsi mümkün olmur. Lakin dənələri qoz boyda olan bu üzümlər nə qıcqırır, nə də xarab olur.

Elə isə niyə bu meyvə-tərəvəzlər ölkəyə daxil olarkən laborator müayinədən keçib tərkibi analiz edilmir? Sabir müəllim deyir ki, doğrudan da onların tərkibi yoxlanılmır, çünki ölkəmizdə hələlik bu texnoloji imkan yoxdur: "Amma Kənd Təsərrüfatı Nazirliyi yaxın gələcəkdə xarici meyvələrin xüsusi laboratoriyalarda yoxlanması istiqamətində tədbirlər görür". Həkimlər isə deyir ki, bu cür yeyinti və sənaye məhsullarının hər biri bir xəstəlik yuvasıdır. Sağlamlıq üçün olduqca təhlükəlidir. Geni dəyişdirilmiş məhsullar insanda yaddaş pozuntusu, tezyorulmalar, hətta xərçəng xəstəliyi yaradır. Həkim Azər İsmayılov narahatlıqla bildirir ki, nə qədər xəbərdarlıq etsək, vətəndaşlarımızı maarifləndirsək də, xeyri az olur. "Ən pisi də odur ki, geni dəyişdirilmiş bu məhsullar insanların genefonduna təsir edir, xüsusən hamilə qadınlar bu məhsullardan istifadə edərsə, dünyaya gətirdikləri uşaq mütləq qüsurlu olacaq. Xaricdə belə məhsulları fərqləndirirlər, ondan hamı istifadə etmir, bəzi ölkələrə isə onların gətirilməsi qadağandır".

Bəli, Azərbaycanda da belə məhsulların yetişdirilməsi qanunla qadağan olunub. Təəssüf ki, xaricdən gətirilməsi qadağan olunmayıb. Çünki bu, Azərbaycanın yaxın gələcəkdə daxil olmaq istədiyi Ümumdünya Ticarət Təşkilatının tələblərinə ziddir. Qurumun tələblərinə görə, ölkəyə belə məhsulların gətirilməsi qadağan olunmamalı, əksinə, gətirilən məhsulların üzərinə ayrıca etiketlər vurularaq digərlərindən fərqləndirilməlidir.

Əslində, kimyalaşdırılmış və genetik tərkibi dəyişdirilmiş məhsullardan qazanan bircə işbazlardır. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında göstərilir ki, ötən il 700 min tondan çox meyvə yığılıb ki, bu da tələbatdan 1,5 dəfə çoxdur. Lakin bu qədər məhsulun hamısı bazara çıxarılmır. Çünki saxlanma şəraiti yoxdur. Ona görə də tərkibi vitamin, zülal, yod və minerallarla zəngin olan meyvələrimiz çürüyərək xarab olur. Həm bu məhsulu yetişdirən kəndli-fermer itirir, həm də insanlarımız. Nazirliyin açıqlamasında da göstərilir ki, hər il 10 minlərlə ton meyvə-tərəvəz korlanır. Təkcə ötən il Qubada 100 min tona yaxın meyvə zay olub. Mövsüm boyu ağır zəhmətə qatlaşan kənd əməkçisi, fermer əvvəlcə məhsulun yaxşı bar-bəhər verməsi üçün dəridən-qabıqdan çıxır, sonra da onu satmaq üçün problemlərlə üzləşir, axırda da məhsulu əlində qalır.

Bəs necə etmək olar ki, məhsulun məhv olmasının qarşısı alınsın, yerli məhsullarımız xaricdən gətirilmiş kimyalaşdırılmış meyvələri bazardan sıxışdırsın? Bu sahədə mütəxəssislərin hamısının fikri birdir. Çıxış yolu saxlama kameralarının yaradılmasındadır. Çünki bu kameraların daxilindəki temperaturdan asılı olaraq meyvəni 4 aydan 2 ilə qədər saxlamaq mümkündür. Düzdür, burada 2 il qalan meyvələr nəmliliyinin və vitamininin bir hissəsini itirir, amma keyfiyyətinin 70 faizini özündə saxlayır. Belə olarsa, problemin bir hissəsi həll olunar, fermerlərin qazancı da artar, əkib-becərmək üçün həvəsləri də.

Öyrəndik ki, ötən il Qubada tutumu 1000 ton olan saxlama kamerası istifadəyə verilib. Müxtəlif temperatur rejimlərinə uyğun olaraq meyvəni 5-6 ay itkisiz saxlamaq olur. Lakin burada da bir problem mövcuddur. Əvvəla, bir kamera ehtiyacın mində birini ödəmir, sonra da ki, məhsulu kameralarda saxlamaq çox baha başa gəlir. Məsələn, 1 ton meyvənin bir gün saxlanma xərci 20 manat, 1 ay saxlanma xərci isə 600 manata başa gəlir.

"Aqrolizinq" Səhmdar Cəmiyyətinin mütəxəssisləri bildirirlər ki, 1000 tondan 3000 tonadək tutumu olan saxlama kamerasını qurmaq üçün 350 min manatdan 750 min manata qədər vəsait tələb olunur. Ona görə də bu cür kameraların yaradılması üçün iş adamlarına güzəştli kreditlər verilməsi məqsədəuyğundur. Belə olarsa, ölkənin bir çox bölgəsində iritutumlu anbarlar quraşdırılar, bazarlar isə özümüzün dərmansız və keyfiyyətli məhsullarımızla tam təmin olunar.

Builki məhsula gəldikdə, mütəxəssislər nikbindirlər. Deyirlər ki, narahatlığa əsas yoxdur, bölgələrimizin hər yerində növbənöv meyvələr yetişir və bolluq olacaq.

 

 

Rəsmiyyə Rzalı

 

Azərbaycan.-2009.-24 may.-S.7.