Sağlamlıq mənbələri

 

Heyva. Bir sıra müalicəvi xusiyyətlərə malikdir. Dərman maddəsi kimi qədimlərdə onun meyvəsindən və toxumlarından mədə-bağırsaq və ürək-damar xəstəliklərinin müalicəsində işlədiblər. Agacın yarpaqlarının da müalicəvi xüsusiyyətləri var. Dezinfeksiyaedici xassəyə malikdir. Heyvanın yarpaqlarından hipertoniya xəstəliklərinin müalicəsində istifadə edilir. Bu məqsədlə heyvanın yarpaqlarından aşağıdakı qaydada çıxarış hazırlamaq lazımdır. 10 qram yarpaq xırda-xırda doğranır 200 qram suda qaynama dərəcəsinə çatana kimi dəmlənir. Alınan dəmləmə sarı rəngdə olur, azacıq büzücü xüsusiyyətə malikdir. Qan təzyiqi yüksək olanların bu dəmləmədən istifadə etməsi məsləhətdir. Bunun üçün həmin dəmləmədən gündə üç dəfə, hər dəfə də yeməkdən əvvəl 50 qram qəbul etmək lazımdır. 7-8 gündən sonra xəstənin vəziyyəti nisbətən yaxşılaşır, təzyiq 10-15 dərəcə aşağı düşür. Bu dəmləmə içki içənlərə, papiros çəkənlərə az kömək edir. Heyva yarpaqlarının dəmləməsindən təngnəfəslikdə, astma xəstəliklərində istifadə olunur. Meyvələri ödqovucu, sidikqovucu xüsusiyyətə malikdir. Ürək döyünmələri, vərəm xəstəlikləri və qan azlığı zamanı istifadə etmək məsləhətdir.

ƏNCİR. Tərkibində şəkər, vitaminlər, karotin, zülal maddələri, yağlar, üzvi turşular, dəmir, mis, saponin, qlükozit, qatran maddəsi, şirəsinin tərkibində isə həlledici ferment var. Alimlərin fikrincə, ürək-damar sistemi çatışmazlığına, mədə-bağırsaq sistemi pozulmasına, qan azlığına, hipertoniya və qaraciyər xəstəliklərinə, bronxial astmaya qarşı müsbət təsir göstərir. Tərkibindəki su da adi sulardan fərqlidir. Belə ki, həmin su orqanizmdə əmələ gələn zəhərli maddələri neytrallaşdıra bilir, daha doğrusu, orqanizmdən xaric edir. Təbabətdə əncirdən Requlaks adlı dərman da alırlar. Əncirin şirəsi də faydalıdır. Ağır xəstəlik keçirən şəxslərin ondan istifadə etməsi məsləhətdir.

CÖKƏ. Ölkəmizdə bu ağacın dörd növü yayılıb. Onlardan ən əhəmiyyətlisi Qafqaz cökəsi sayılır. Cökənin tərkibində bir sıra qiymətli dərman maddələri - şəkər, efir yagı, üzvi turşular, selik və sair var. Cökədən xalq təbabətində hələ eramızdan əvvəl istifadə edilib. Onun qurudulmuş çiçəklərini çay kimi dəmləyir, tərlədici, hərarətsalıcı və ağrıkəsici kimi işlədirlərmiş. Dəmləməni çay kimi isti-isti gündə üç dəfə qəbul edirlərmiş. Gökə çayı tənəffüs yollarının iltihabında, qrip, öskürək, qaraciyər, böyrək və mədə-bağırsaq xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. Belə çayı hazırlamaq üçün 5 qram qurudulmuş və xırdalanmış cökə çiçəklərindən götürmək, onu təmiz kağızın üzərində 2 qram sığırquyruğu və 3 qram kəndalaş çiçəyi ilə qarışdırmaq, alınan qarışığın üzərinə qaynar su əlavə etmək və odun üzərində 15 dəqiqə saxlamaq lazımdır. Cökə ağacının yarpaqlarından baş ağrıları zamanı da istifadə olunmuşdur. Şiddətli baş ağrısı zamanı cökə yarpağını gicgah nahiyəsinə qoyaraq möhkəm bağlayar və 2-3 saat saxlayarlarmış. Nəticədə baş ağrısı sakitləşər və xəstə özünü yaxşı hiss edərmiş. Çökənin toxumlarının da müalicəvi əhəmiyyəti var. Onlar zülal maddəsi ilə də zəngindir.

TUT. Meyvəçilik məqsədilə qədimdən becərilir. Xalq seleksiyası tərəfindən müxtəlif növləri yaradılıb. Müalicəvi əhəmiyyəti böyükdür. Xalq təbabətində geniş istifadə edilir. Qaraciyər, böyrək, mədə-bağırsaq, yüksək qan təzyiqi, ürək xəstəliklərində, revmatizmin müalicəsində tutun meyvəsindən, ondan hazırlanmış məmulatlardan istifadə olunur. Bundan başqa, xalq təbabətində bağırsaq qurdlarına qarşı da işlədilir. Bu məqsədlə tut ağacının köklərindən toz və məhlullar hazırlanır. Tut ağacının yarpaqlarından Famidol dərman preparatı da düzəldilir. Həmin preparat ekzema, revmatizm xəstəliklərinin müalicəsində işlədilir. Bundan əlavə, tutun tərkibində vitaminlər, mikroelementlər, fermentlər və başqa orqanik maddələr var. Tutdan hazırlanmış məhluldan yaraların sağalmasında da istifadə olunur.

 

 

Azərbaycan.-2009.-24 may.-S.7.