"Dədə Qorqud Kitabı" "Koroğlu" eposları Macarıstanda işıq üzü gördü

 

Bu günlərdə Macarıstanda Azərbaycan folklorunun ən möhtəşəm epik abidələrindən olan "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanları Azərbaycanın qəhrəmanlıq eposu seriyasından yüksək poliqrafik tərtibatda, nəfis şəkildə çapdan çıxmışdır. Çağdaş zamanda Azərbaycanın qədimliyinin yenilməz sübutu olan folklor soraqlarının dünyaya təqdimi baxımından bu, əhəmiyyətli bir hadisədir.

"Dədə Qorqud Kitabı"nın giriş sözünün müəllifi macar tədqiqatçısı Hobbal Mihalidir. AMEA-nın Folklor İnstitutunun direktoru, tanınmış alim, professor Hüseyn İsmayılov dastanın xəlqi, elmi-tarixi, habelə bəşəri mahiyyətini açan sanballı giriş sözü yazmışdır. "Dədə Qorqud" mövzusunda elmi tədqiqatların, ciddi araşdırmaların artdığından məmnunluqla danışan H.İsmayılov bildirir ki, burada təsvir edilənlər olduqca qədim dövrlərlə, türkün şanlı keçmişi ilə səsləşir: "İnanıram ki, dastan daim ciddi araşdırmalar mövzusu olacaq. Mübaliğəsiz demək olar ki, hazırda bütün dünyada "Kitabi-Dədə Qorqud" dastanına bərabər epos yoxdur. Qədimliyimizi bizə çox gözəl şəkildə çatdıran bu eposu oxumalı, öyrənməli, ənənəni gələcək nəsillərə çatdırmalıyıq. Bu dastan türkün qədim, zəngin ruha malik olduğunu sübut edir. Eposu oxuyan hər bir insan, şübhəsiz, fəxr edir ki, nə yaxşı belə bir mənəvi abidəmiz var".

Kitabın sonunda qeydlər, izahlar, şərhlər təqdim olunur. Burada qədim Azərbaycan-türk sözlərinin izahı diqqəti xüsusi çəkir.

"Koroğlu" eposu da macar alimi Hobbal Mihalinin giriş sözü ilə açılır. Bu kitabın da ön sözünün müəllifi Hüseyn İsmayılovdur. Macar tədqiqatçısı Adorian İmrenin dastanın poetikası, genezisi, strukturundan bəhs edən araşdırması dünya alimlərinin müasir dövrdə türkologiyaya ciddi səviyyədə münasibətinin yeni çalarlarının, dərkolunmasının formalaşması kimi meydana çıxır.

Sözügedən "Koroğlu" dastanı Məmmədhüseyn Təhmasibin variantı əsasında çap olunub. Hər qolla bağlı qeydlər, izah və şərhlər verilib. Qeyd edək ki, indiyədək macar alimlərindən Gusila Mesoros, İqnats Kunos, German Vambere "Koroğlu" eposunu araşdıran tədqiqatçılardır. Hər iki kitab AMEA-nın Folklor İnstitutu ilə Macarıstanda mərkəzi yerləşən Avropa Folklor İnstitutunun birgə əməkdaşlığı sayəsində işıq üzü görmüşdür. Nəşrlərin çapına Azərbaycanın Macarıstandakı səfirliyi yaxından kömək etmişdir.

 

 

Elçin Qaliboğlu,

AMEA-nın Folklor

İnstitutunun əməkdaşı

 

Azərbaycan.-2009.-24 may.-S.8.