Mayın 22-də
"Yeni Azərbaycan" qəzetinin redaksiyasında qəzetin
təşkilatçılığı ilə Azərbaycanın
Orta Asiya ölkələri ilə əlaqələrinin
mövcud durumu və gələcək inkişaf perspektivlərinə
həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə
çıxış edən Azərbaycan Prezidenti
Administrasiyasının sektor müdiri Qafar Əliyev
bildirmişdir ki, bu günlərdə xalqımızın
ümummilli lideri Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü münasibətilə Özbəkistan
və Tacikistanda keçirilən tədbirlərdə
iştirak etmək üçün Azərbaycandan nümayəndə
heyəti bu ölkələrə səfər etmişdir. Nümayəndə
heyətinin tərkibinə onunla yanaşı, Milli Məclisin
deputatı Vasif Əliyev, tarixçi alim, AMEA-nın müxbir
üzvü Vəli Əliyev, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu və xalq artisti Zaur Rzayev
daxil olmuşlar.
Azərbaycan nümayəndə
heyəti səfər çərçivəsində ulu
öndərlə bağlı keçirilmiş konfranslarda
iştirak etmiş, ölkəmizlə bu dövlətlər
arasında əlaqələrə dair geniş müzakirələr
aparmışdır. Həmçinin nümayəndə heyətimizin
üzvləri Qafar Əliyevin tacik dilinə tərcümə
olunmuş ulu öndərin dövlətçilik fəaliyyətindən
bəhs edən "Müasir Azərbaycanın banisi, qurucusu və
xilaskarı" kitabının təqdimat mərasimində
iştirak etmişlər. Özbəkistanda və Tacikistanda Azərbaycan
ilə əlaqələrə böyük önəm
verildiyini diqqətə çatdıran natiq əlavə
etmişdir ki, bu ölkələrdə dövlətimizə və
xalqımıza böyük hörmət və sevgi vardır.
Tədbirdə
çıxış edən Tacikistanın Azərbaycandakı
səfiri Zakir Vəzirov ölkəsinin Azərbaycan ilə əlaqələrə
verdiyi önəmdən danışmışdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir
vurğulamışdır ki, onun ölkəsi Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir və
münaqişənin bu prinsip çərçivəsində
həllinə tərəfdardır: "Bu, həm də beynəlxalq
hüququn norma və prinsiplərinin təmin olunması deməkdir".
"Yeni Azərbaycan"
qəzetinin baş redaktoru Hikmət Babaoğlu əlavə
etmişdir ki, səfər zamanı onlar ulu öndər Heydər
Əliyevin adının təkcə azərbaycanlılar
üçün deyil, eyni zamanda bütün keçmiş
SSRİ xalqları üçün doğma olmasının
bir daha şahidi olmuşlar. Ulu öndər SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini kimi bu xalqların taleyində
mühüm rol oynamış və bir rəhbər kimi
bütün respublikaların inkişafına töhfəsini
vermişdir.
"Dəyirmi
masa"da çıxış edən digər natiqlər də
dövlətlər arasında tarixi əlaqələrdən,
sovet imperiyasının süqutundan sonra bu münasibətlərin
müstəqil şəkildə yenidən qurulması və
inkişafından geniş bəhs etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 23 may.- S 4.