Naxçıvan Dövlət Universitetində Tələbə
Gənclər Təşkilatının
hesabat-seçki konfransı
olmuşdur
Naxçıvan Dövlət
Universitetinin Tələbə Gənclər Təşkilatının
hesabat-seçki konfransı keçirilmişdir. Tədbirdə
çıxış edən rektor, akademik İsa Həbibbəyli
ölkədəki ictimai-siyasi proseslərdə, elmin və təhsilin
inkişafında, Azərbaycanın beynəlxalq miqyasda layiqincə
təmsil olunmasında gəncliyin rolundan
danışmışdır.
Universitetin tədris
işləri üzrə prorektoru, əməkdar elm xadimi
Hüseyn Həşimli gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyə olunması, yüksək ixtisaslı
mütəxəssislər kimi yetişməsi istiqamətində
həyata keçirilən tədbirlərdən söhbət
açmışdır. Universitet Tələbə Gənclər
Təşkilatının sədri Mehdi Əliyev hesabat məruzəsi
ilə çıxış edərək təşkilatın
gördüyü işlər barədə ətraflı məlumat
vermiş, tələbə gənclərin dövlətçilik
və vətəndaşlıq mövqeyindən
çıxış edərək universitetin ictimai-siyasi tədbirlərində,
beynəlxalq konfrans və simpoziumlarda, xaricdəki elmi-istehsalat
təcrübələrində fəal iştiraklarından
danışmışdır. Tələbə Gənclər Təşkilatının
son illərdəki fəaliyyəti müsbət qiymətləndirilmişdir.
Universitetin magistratura üzrə dekanı, tarix elmləri namizədi
Elbrus İsayev və fəal tələbələr
ümummilli lider Heydər Əliyevin və onun layiqli
davamçısı, ölkə başçısı
İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafına
göstərdikləri diqqət və qayğıdan, bununla
bağlı imzaladıqları mühüm tarixi fərman və
sərəncamlardan bəhs etmişlər. Çıxış
edənlər təşkilatın tələbələrlə
universitet rəhbərliyi arasında əlaqələndiricilik
funksiyasından razılıqla danışmışlar.
Sonra seçkilər
keçirilmiş, tarix-filologiya fakültəsinin III kurs tələbəsi,
Heydər Əliyev təqaüdçüsü Arzu Abdullayev təşkilatın
yeni sədri seçilmişdir. Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının təsis
konfransında NDU-nu təmsil edəcək 8 nəfərdən
ibarət nümayəndə heyəti müəyyənləşdirilmişdir.
Mehriban SULTAN,
NDU-nun mətbuat
şöbəsinin müdiri
Azərbaycan.- 2009.- 23 may.- S. 4.