Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır beynəlxalq müstəvidə haqlı mövqeyini daim dəstəkləyir

 

Mayın 22-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Qətər dövlətinin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Casim Al Tani ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına böyük təkan verdiyini, hüquqi əməkdaşlığa dair geniş perspektivlər olduğunu bildirmişdir.

Qətər və Azərbaycan arasında münasibətlərin inkişaf etdiyini bildirən səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq aləmdə onun haqlı mövqeyini daim dəstəklədiyini vurğulamış, Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirmişdir.

Qonaq respublikamızda aparılan məhkəmə-hüquq islahatlarının müsbət nəticələrindən xəbərdar olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin inkişafında Qətər tərəfinin marağını diqqətə çatdırmışdır.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunmuş, ədliyyə sahəsində müqavilə-hüquq bazasının yaradılması üçün əməkdaşlıq sənədlərinin layihələrinin hazırlanıb tərəflər arasında razılaşdırılması məsələləri müzakirə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 may.- S. 6.