"Torpaq
onu sevəni sevindirir"
Son dövrlər ölkədə
aqrar sahə üzrə nəzərdə tutulmuş tədbirlərin
uğurla həyata keçirilməsi bu sahənin
inkişafında mühüm rol oynayır. Dövlət qayğısı
sayəsində Qəbələ rayonu da kənd təsərrüfatı
sahəsində müəyyən irəliləyişlərə
nail olur. RİH başçısının aqrar məsələlər
üzrə müavini Rahib Əhmədovla bu barədə
söhbət etdik.
- Prezidentin "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi haqqında"
23 yanvar 2007-ci il tarixli sərəncamından irəli gələn
vəzifələrin icrası ilə bağlı nə deyə
bilərsiniz?
- Sərəncam kəndli
sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi
və minnətdarlıqla qarşılanmışdır. Rayon
komissiyası tərəfindən sərəncamın
icrası ilə əlaqədar 2008-ci ilin sonunda torpaq
mülkiyyətçilərinə dövlət büdcəsi
hesabına 842823 manat yardım hesablanmış və həmin
vəsait bu ilin I rübündə plastik kartlar vasitəsilə
sahiblərinə çatdırılmışdır.
Taxılçılıqda
son illər xeyli irəliləyiş nəzərə çarpır.
Bunu əkin sahələrinin ilbəil çoxalması
sübut edir. Əgər 2005-ci ildə 18100 hektarda taxıl əkilmişdirsə,
2009-cu ilin məhsulu üçün 26206 hektar sahədə səpin
aparılmışdır. Bu artım indiyədək əsasən
əkin dövriyyəsindən kənarda qalmış
torpaqların dövriyyəyə cəlb edilməsi
hesabına olmuşdur. Bundan əlavə, cari ilin məhsulu
üçün 190 hektarda kartof, 24 hektarda tərəvəz,
50 hektarda birillik və çoxillik otlar əkilmişdir. Yazlıq
bitkilərin əkini davam edir.
- Qəbələnin təbii
potensialını şərtləndirən amillərdən
biri də meşə təsərrüfatıdır. Meşə
əkinləri və bərpası işlərinin gedişi nə
yerdədir?
- Təkcə bu ilin 3
ayı ərzində Qəbələ Meşə Mühafizəsi
və Bərpası Müəssisəsi tərəfindən
Dövlət Meşə Fondu torpaqlarında 80 hektar meşə
əkini aparılmışdır ki, bunun da 24 hektarını
palıd, 56 hektarını qiymətli meşə cinsləri
olan qoz, şabalıd, göyrüş, ağcaqayın və
s. təşkil edir. Eyni zamanda meşələrin mühafizəsi
işlərinə də ciddi fikir verilir. Çünki hələ
də qanunsuz meşə qırılması halları
mövcuddur və bu sahədə işlərin gücləndirilməsinə
ciddi ehtiyac var.
Yeri gəlmişkən
qeyd edim ki, Qəbələ Rayon Dayaq Məntəqəsi 50
hektar ərazini əhatə edir. Onun 39 hektarını bağ,
11 hektarını əkin sahələri təşkil edir.
Bundan əlavə, məntəqədə 6 kənd təsərrüfatı
texnikası mövcuddur. Tinglik təsərrüfatı kimi fəaliyyət
göstərməli olan məntəqənin fəaliyyəti zəifdir.
Dövlətin tingçilik təsərrüfatları
üçün əlavə güzəştlər verdiyi
şəraitdə belə məntəqə bu güzəştlərdən
istifadə etmir. Müəssisədə işlərin
canlandırılması üçün zəruri tədbirlərə
ehtiyac var.
- Məhsul
istehsalçılarının mineral gübrələrlə
və texnika ilə təchizatı necədir?
- Qənaətbəxşdir. Bu sahədə "Aqrolizinq" ASC-nin Qəbələ rayon filialı mühüm rol oynayır. Hazırda filialın anbarında 283 ton fosfor və 300 ton azot gübrəsi var. Onlar güzəştli qiymətlərlə məhsul istehsalçılarına satılacaq. Filialda, həmçinin, 28 adda 57 kənd təsərrüfatı texnikası saxlanılır. Ümumiyyətlə, texnika ilə təminatda problem yoxdur. Hazırda rayon üzrə kənd təsərrüfatı işlərini tam təmin edəcək səviyyədə texnika var.
- Yəqin ki, heyvandarlığın inkişafı da diqqətdən kənarda qalmır...
- Doğrudur. Rayonumuzda heyvandarlıq sahəsində əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə qaramalın sayı artaraq 51674, davarın 216110, quşların sayı isə 314830 başa çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 992, süd istehsalı 5020 ton olmuşdur. Digər heyvandarlıq məhsulları istehsalı da çoxalmışdır. Onu da deyim ki, hazırda rayonda heyvandarlıq üzrə 3 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün isə rayonda 6 süni mayalama məntəqəsi fəaliyyətdədir və əlavə 3 məntəqənin yaradılması nəzərdə tutulur.
- Kəndli-fermer təsərrüfatlarının toxumla təminatı nə yerdədir?
- Dövlət Toxum Müfəttişliyi və 4 toxumçuluq təsərrüfatı kəndli-fermer təsərrüfatlarını toxumla təmin edir. Məsələn, il ərzində ayrı-ayrı torpaq mülkiyyətçilərinə "Həsrət" kəndli-fermer təsərrüfatı 480, "Səbuhi" kəndli-fermer təsərrüfatı isə 120 ton ikinci reproduksiyalı toxum satmışdır. İl ərzində "Həsrət" kəndli-fermer təsərrüfatı 2 yeni toxumsəpən aqreqat almışdır. Söz düşmüşkən, Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarının icrası ilə əlaqədar dövlət büdcəsi hesabına "Həsrət" toxumçuluq təsərrüfatına 33600, "Səbuhi" toxumçuluq təsərrüfatına isə 7936 manat subsidiya ödənilmişdir.
Bir sözlə, dövlət tərəfindən hər cür şərait yaradılır. Sadəcə, çalışmaq lazımdır.
Unutmamalıyıq ki, torpaq onu sevəni sevindirir.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 23 may.- S. 5.