Cavid ölməzliyi

 

Akademik Milli Dram Teatr Hüseyn Cavidin "Şeyda" faciəsini tamaşaçılara göstərdi. İlk baxışda bu, adi xronikadır. Əslində isə Hüseyn Cavidə müraciət etməyin özü yaradıcılıqda yeni mərhələdir. Çox az dramaturq tapılar ki, onun pyesləri səhnə meydanında ölçü meyarına çevrilsin. Bu səbəbdən də hər teatr Cavid pyeslərinə yaxın düşə bilmir. Bəli, qürurla demək olar ki, doğma Azərbaycanımız bir daha Cavid sınağından keçmişdir. Bu münasibətlə bütün yaradıcı kollektivi təbrik edirik.

Bəli, Hüseyn Cavid dramaturgiyasının özü bir teatr məktəbidır. Hüseyn Cavid faciələri zahirən Avropa teatrını xatırlatsa da, əslində, bu pyeslər Yaxın Şərq ünvanlı türk soylu, doğma millətin müdrikliyi ilə cilalanmış Azərbaycan dramaturgiyasıdır. Cavid faciələrini tamam-kamal qavrayıb canlandırmaq üçün həvəsdən, istedaddan əlavə, əflatuni vergi və Füzuli şairliyi də lazımdır. Bunlarsız Cavid zirvəsinin fəthi mümkün deyildir. Şükürlər olsun ki, Cavid yaradıcılığına layiq bu keyfiyyət bizim doğma milli dram teatrımızda var. Cavid dramaturgiyasına vaxtaşırı müraciət etməsi də və hər dəfə Cavid sınağından uğurla çıxması da məhz bu akademik keyfiyyətdir.

"Şeyda" xalqlar həbsxanası sayılan çar Rusiyasının ən qarışıq, bulanıq dövründə Bakı zəhmətkeşlərinin zülmə və ədalətsizliyə qarşı getdikcə güclənən hərəkatından söhbət açır. Hadisələr mətbəələrdən birində gedir. Real həyat hadisələrinin ölüm-dirim səviyyəsinə çatmasına baxmayaraq bütün əsər boyu böyük sənətkarın romantik ruhu hiss edilməkdədir. Hüseyn Cavid cəmiyyətin siyasi, iqtisadi mübarizəsi fonunda insanların möhkəm dostluğunu da, etibarlı yoldaşlığını da, ülvi məhəbbət səhnələrini də gah nəsr qələminin, gah da poetik ilhamının təkrarsız boyaları ilə canlandırmışdır.

Mətbəədə baş redaktorluq edən Şeyda Rəmzi həm də şairdir. Respublikanın əməkdar artisti Sabir Məmmədov həyatın rəhmsiz sərtliyi ilə ülvi hisslər burulğanında çırpınan mürəkkəb obrazın ilahi təbiiliyini pozmadan yaradır. Əsərin başlanğıcında dostu Raufun "Şeyda!" Yenə nə düşünürsən?" sualına "Halım çox fəna... rəisi şaşırmış bir gəmiçi kimi nə yapacağımı bilmirəm..." - deyir. Bütün əsər boyu Şeyda Rəmzi canında ilahi qüvvəyə çevrilmiş şair təbiətinin əmri ilə yaşayır. "Bitib-tükənməyən boşluğa" düşdüyünü desə də, bu boşluqdan zor gücünə çıxmağa can atmır. Bir azad quş kimi bir budaqdan başqa budağa qonaraq yenidən nəğmələnir.

Sanki bu zərif lirizmin qarşılığı olaraq müəllif zindan və çəkic sədasi verən, son ümidi güllənin hökmünə çatan Qara Musa (artist Rövşən Kərimduxt) obrazını təqdim edir. Ömrü boyu "hörmət əvəzinə rəzalət" görən, ədalət və mərhəmət əvəzinə mətbəə müdirindən hədələr və təhqirlər eşidən, iş prosesində qolunu itirən, qurğuşun tozundan vərəm olmuş qardaşı Yusifə kömək etmək üçün əli heç yerə çatmayan Qara Musa məcbur olub tək əlinin hökmünü göstərir.

Əsərdə ən baxımlı obrazlardan biri Rozadır. O dövrdə Azərbaycan mətbuatında alman rəssamlar da fəal iştirak etmişlər. Məşhur "Molla Nəsrəddin" jurnalında çalışmış Şmerlinçi və Rotteri yada salmaq kifayətdir. Roza da milliyətcə alman olan Maks Müllerin qızıdır. Roza (əməkdar artist Məsmə Aslanqızı) elə də mürəkkəb olmayan obrazdır. Məktəbli təbiətini hələ tam dəyişməyən, yenicə sevməyə başlayan qızdır. Belə yaşda insan var ki, gözlərdən ürəyə gedən yolu asan tapır, insan da var həmin yolda çaşıb qalır, hətta əlavə məsləhətə ehtiyac da duyur. Rozanın ilk məsləhətçisi doğma anası Mariya (artist Dilarə Nəzərova) olur. Həyatın çox üzünü görüb ciyərparasının ancaq və ancaq xoşbəxt taleyini arzulayan Mariya Şeyda ilə Əşrəf bəy seçimində qalmış qızına Əşrəf bəyi məsləhət görür. Mariya üçün pulun atəşi şairin atəşindən daha təsirlidir. Əşrəf bəy əvvəla, Avropada təhsil almış, ən ümdəsi, sahibkar Məcid Əfəndinin yeganə oğludur. Təbiidir ki, Roza da Şeyda Rəmzi şeirinin romantikasından çox, doğma ana məsləhətinin real işığı ilə gedir. Məhz böyük səadət vəd edən real işıq da Rozanı real ölümə aparır. Roza faciə əsərinin ilk qurbanı olur.

Akademik Milli Dram Teatrının yeni tamaşası bir daha sübut etdi ki, romantik əsəri başlayan da, aparan da, tamamlayan da romantik obrazlardır. Bu mənada qara geyimli Mələk də (əməkdar artisit Sevinc Əliyeva) qeyd olunmalıdır. Qara Mələk ədalətsizlik və rəhmsizlik girdabında can verənlərin üstünə qanad açmaqla romantik bir əhval yaradır. Və süjetin inkişafında lakonikliyə kömək edir. Mələk qanadları ilə Roza kimi talesizlərin heç olmasa ruhunu real dünyanın qəddar oyunlarından qoruyur.

Ən yaxşı aktyoru bir rol üçün, rejissoru isə bütün tamaşa üçün qiymətləndirirlər. "Şeyda" faciəsində uğurlu aktyor oyunları da, uğurlu dekorlar və geyimlər də, uğurlu musiqi də, işıqlar da tam halda quruluşçu, rejissor xalq artisti Mərahim Fərzəlibəyovun müvəffəqiyyətidir.

 

 

ƏFQAN

dramaturq, əməkdar

incəsənət xadimi

 

Azərbaycan.- 2009.- 23 may.- S. 6.