El səni soracaq "Zabul-segah"dan...
İslam Rzayev sənətsevərlərin yaddaşında bənzərsiz xanəndə, mahir pedaqoq, bacarıqlı ansambl rəhbəri, ən ümdəsi isə gözəl insan kimi qalmışdır. Klassik muğam ifaçılarına xas olan keyfiyyətləri özündə cəmləşdirən və musiqi sənətimizi öz dəst-xətti ilə zənginləşdirən İslam Rzayevin oxuduğu mahnılar, ifa etdiyi ariya, ayrı-ayrı filmlərdə səslənən nəğmələr həmişəyaşar müsiqi xəzinəmizə daxil olmuş əvəzsiz incilərdir. İfasında səslənmiş 200-ə yaxın muğam, təsnif, xalq, bəstəkar mahnıları musiqi xəzinəmizin qızıl fondunda saxlanılır.
Füzuli rayonunda anadan olmuş İslam Rzayevin ilk ifasını Seyid Şuşinski dinləmişdir. İslam ustad xanəndənin təkidi ilə sənədlərini A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsinə vermişdir. Seyid Şuşinski, Fikrət Əmirov, Süleyman Ələsgərov tərəfindən onun ifası bəyənilib. Məktəbi uğurla başa vuran İslam Rzayev Azərbaycan Dövlət Filarmoniyasına işə qəbul olunub. O, Filarmoniyanın "Azərbaycan təranələri" ansamblının müşayiəti ilə ifası çətin, məlahətli səs, səriştə tələb edən mürəkkəb quruluşlu "Bayatı-Şiraz", "Cahargah", "Rast", "Mahur-Hindi", "Bayatı-Kürd" müğamlarını özünəməxsus tərzdə və şirinliklə ifa etmişdir. İslam Rzayevin 1956-cı ildə Filarmoniyada ilk çıxışı ona hüsn-rəğbət qazandırmışdır.
Bəstəkar-dirijor Niyazi Filarmoniyada İslam Rzayevin ifasını dinləmiş və onun barəsində demişdir: "...Muğamlardan "Bayatı-Şiraz"-1, "Cahargah"-1, "Rast"-1 yerli-yataqlı oxudu, səsi məlahətlidir. Ümidverici gələcəyi var..."
Səid Rüstəmov isə İslam Rzayevin ifaçılığı ilə bağlı fikrini belə ifadə etmişdir: "...Onun repertuarında ləngərli muğamlar, ifası çətin olan lirik bəstəkar mahnıları özünə yer tapıb... Müğənninin bu yaradıcılıq əzmi sözsüz ki, alqışa layiqdir".
Musiqi aləminə 50-ci illərin ortalarında gələn İslam Rzayev Arif Məlikovun, Xəlil Cəfərovun, Hacı Xanməmmədovun, Ramiz Mirişlinin, Adil Bəbirovun lirik bəstələri ilə repertuarını zənginləşdirmişdir.
Öz dəst-xətti, öz yolu olan orijinal sənətkar təkcə muğam ustası kimi yox, həm də lirik mahnılar, romanslar, simfoniya, xor, kantata üçün yazılmış mürəkkəb quruluşlu, xüsusi professonal ifaçılıq qabiliyyəti tələb edən müğənni kimi formalaşmışdı.
XIX əsrdə Malıbəyli Həmid, Şükür, Məşədi Cəmil, Çəmənli Məşədi Cəfər "Rast"ı özlərinə məxsus yeni bir üslubda ifa etmişlər. Elə xanəndələr də olub ki, bu muğamı dəsgah şəklində oxuyublar. Amma dəstgahdakı "Mayeyi-Rast", "Hüseyni", "Vilayəti", "Şikəsteyi-Fars", "Əraq", "Pəncgah" şöbələrini dürüst oxumaq hər xanəndəyə nəsib olmayıb. İslam Rzayev "Rast" və "Cahargah" muğamlarını tamam-dəstgah ifa etmişdir.
İslam Rzayev mahir pedaqoq kimi də yaddaşlarda qalıb. Dərs dediyi İxtisaslaşdırılmış xüsusi musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasında onlarca tələbə İslam Rzayevdən muğam və vokal ifaçılığı sənətini öyrənmişdir. Məzunu olduğum Dövlət Musiqi Akademiyasında ustad xanəndə İslam Rzayevin sinfini bitirmişəm. Ondan əxz etdiyim muğam və təsnifləri bu gün tələbələrimə həvəslə öyrədirəm.
İslam Rzayev bacarıqlı ansambl rəhbəri kimi də yaddaşlarda qalacaqdır. Onun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə onlarla gənc ifaçı səhnəyə, televiziya ekranlarına çıxmışdır.
Onun şəxsi təşəbbüsü və səyi nəticəsində Bakıda ilk peşəkar Dövlət Muğam Teatrı yaradılmışdır. İslam Rzayev müsiqi mədəniyyətimizdəki xidmətlərinə görə 1967-ci ildə əməkdar artist fəxri ada, 1989-cu ildə xalq artisti, 2007-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. Ustad xanəndə İslam Rzayevin oxuduğu mahnılar zamanın ahəngindən doğan və yaddaşlara həkk olunan ifalardır. Elə buna görə də bu mahnılar zaman, məkan məhdudiyyəti və sərhədi bilməyəcək, sərt sınaqardan uğurla çıxacaqdır.
İslam Rzayev vokal ifaçılıq sənətinin incəliklərini bilən müğənni, insanın ürəyinə, hiss və duyğularına hakim kəsilən ustad sənətkar idi. Səsinin mayasında qərarlaşmış yanğı, həzinlik ustad xanəndənin torpaq həsrəti ilə alışıb- yanan qəlbinin fəryadı idi. Elə bu yanğı, bu nisgil ilə də dünyadan köçdü İslam müəllim...
Ruzə İBİŞOVA,
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi
Azərbaycan.- 2009.- 23 may.- S. 6.