Transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması dövrün zəruri tələbidir

 

Son illər dünya həmkarlar hərəkatı qarşısında bir sıra çətin problemlərin dayandığı heç kimə gizli deyil. Siyasi analitiklər və müşahidəçilər bu problemləri yaradan başlıca səbəbləri qloballaşma prosesinin getdikcə sürətlənməsi ilə əlaqələndirirlər. Bir sıra ölkələrdə həmkarlar hərəkatı fasiləsiz hücumlara məruz qalır, əməkçilərin hüquqlarının pozulması halları, həmkarlar liderlərinə qarşı təzyiqlər, özbaşınalıq bəzən dözülməz həddə çatır. İşəgötürənlərin işçiləri istismar etmələri nəticəsində milyonlarla adam müdafiəsiz qalaraq istismar obyektinə çevrilir. Bu hallar özünü ən çox transmilli şirkətlərin strukturlarında göstərir.

Transmilli Şirkətlərlə (TMŞ) milli və yerli müəssisələrin fəaliyyətində oxşar cəhətlər çoxdur. Çox zaman onlar əmək şəraitinin yaxşılaşdırılmasına və inkişafına daha hazırlıqlı olurlar. Çünki TMŞ-lər hər hansı ölkəyə investisiya qoymazdan əvvəl o ölkənin daxili bazarını, işçi qüvvəsini, qanunlarını, yerli şəraitini, iqtisadi potensialını daha yaxşı öyrənirlər.

Transmilli şirkətlər qloballaşma proseslərinin hərəkətverici mərkəzidir. Beynəlxalq statistikaya görə, dünyada 75 min işçinin çalışdığı 60 mindən çox TMŞ fəaliyyət göstərir. Bu şirkətlərin birbaşa xarici yatırımları bütün sərmayələrin 90 faizini təşkil edir. Azərbaycan ərazisində 2998-dən çox TMŞ və xarici müəssisə fəaliyyət göstərir.

Azərbaycanda keçən əsrin 90-cı illərində xarici yatırımlar yalnız neft-qaz kompleksinə qoyulurdusa, XXI əsrin əvvəllərindən başlayaraq sərmayələrin qoyulduğu sahələrin dairəsi genişlənməkdədir.

Neft-qaz kompleksi ilə yanaşı, TMŞ-lər son vaxtlar daha çox yeyinti sənayesi, metallurgiya, ticarət, rabitə, inşaat sahələrində fəaliyyət göstərməyə başlamışdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da xarici müəssisələrin sayının artması iki mərhələ ilə şərtlənir. Birincisi, XX əsrin sonlarında iqtisadi tənəzzül yaşandığı və ölkədə bazar münasibətlərinin formalaşmadığı bir dövrdə iqtisadiyyatın inkişafı üçün xarici kapitalın cəlb olunması zəruriyəti yaranmışdı. İkincisi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən Azərbaycana tərəf lokalsızlaşdırma prosesi başlandı. Bu zaman respublikada yoxsulluq və işsizlik şəraiti hökm sürürdü, əhalinin sosial müdafiəsi zəif idi, həmkarlar ittifaqlarının xarici iş adamları və investorlarla münasibət qurmaq, yeni iş yerləri açmaq təcrübəsi yox idi.

Yaranmış vəziyyət sahə həmkarlar ittifaqlarından transmilli şirkətlərdə sosial-əmək münasibətlərinin tənzimlənməsinə diqqəti artırmaq, işçilərin sosial müdafiəsi üçün kollektiv danışıqların yeni formalarının işlənməsini, real vəziyyətə uyğun kollektiv müqavilələrin və sazişlərin bağlanılmasını təxirəsalınmaz vəzifə kimi qarşıda dururdu.

Azərbaycan Həmkarlar İttifaqları ilk vaxtlardan beynəlxalq təcrübədən bəhrələnərək bu istiqamətdə müəyyən işlər görmüşdür. Xarici sərmayə ilə işləyən müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının və üzvlərinin sayının ildən-ilə artması da bunun sübutudur. Respublikada fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqlarının təşkilat quruluşunun digər müəssisələrdə fəaliyyət göstərən ənənəvi həmkarlar ittifaqı strukturuna uyğunlaşdırılması xüsusi önəm daşıyır. Eyni zamanda, həmin təşkilatlarda həmkarlar ittifaqının strukturunu yeniləşdirməklə, ittifaq üzvlərinin sayını artırmaqla yanaşı, həmkarlar ittifaqı demokratiyasının xarakteri nəzərə alınır, bu strukturu inzibati-istehsalat münasibətlərindən fərqləndirmək üçün cəhdlər göstərilir.

Faktlara müraciət edək. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının yeni təşkilatı - beynəlxalq qazma şirkətləri işçilərinin birləşmiş həmkarlar ittifaqı yaradılmışdır. Adıçəkilən təşkilata xarici müəssisələrdə təsis olunmuş 13 həmkarlar ittifaqı təşkilatı daxil edilmişdir.

"Azəralüminium" ASC-nin Britaniya ilə birlikdə Gəncə, Daşkəsən və Sumqayıt şəhərlərində yerləşən 3 sərbəst müəssisənin bazasında təsis olunmuşdur. Vaxtilə bu müəssisələrdə mövcud olan həmkarlar ittifaqlarının bazasında yeni həmkarlar ittifaqı formalaşdırılmışdır ki, bu da işçilərin sosial problemlərinə vahid mövqedən yanaşılmasına müsbət təsirini göstərir. Bu həmkarlar ittifaqı təşkilatının strukturu tam şəkildə təsərrüfat orqanının strukturuna uyğunlaşdırılmışdır. Sahələrin nümayəndələrindən ibarət həmkarlar ittifaqı təşkilatının təmsilçiləri sahələrdə fəaliyyət göstərən sex strukturuna uyğun komitələrə rəhbərlik edirlər. Bu müəssisədə vahid kollektiv müqavilə, əmək mübahisələri komissiyası və digər komissiyalar fəaliyyət göstərir.

İşəgötürənlə həmkarlar ittifaqı komitəsi arasında bağlanmış kollektiv müqaviləyə əsasən, Əmək Məcəlləsinin və kollektiv müqavilənin tələbləri yerinə yetirildiyi təqdirdə ASC-nin həmkarlar ittifaqı komitəsi müəssisənin fəaliyyətinə müdaxilə etmir. Əks halda, həmkarlar ittifaqı komitəsi qanun çərçivəsində işəgötürənin fəaliyyətini araşdıra və lazımi tədbirlər görülməsini tələb edə bilər.

TMŞ-nin fəaliyyətini öyrənən və təhlil edən beynəlxalq həmkarlar təşkilatları bu sahədəki neqativ halların aradan qaldırılması üçün bir sıra vacib normativ sənədlərin hazırlanıb qəbul edilməsinə nail olmuşdur. BMT tərəfindən 1973-cü ildə qəbul edilən TMŞ-lər üçün davranış kodeksi, beynəlxalq əmək təşkilatının hazırladığı çoxmillətli korporasiyalara və sosial siyasətə aid üçtərəfli deklarasiya, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının çoxmillətli korporasiyalar üçün rəhbər prinsipləri, şirkətlər üçün yerinə yetirilməsi zəruri olan BMT-nin Qlobal Paktı və digərləri belə sənədlərdəndir.

Avropa İttifaqı Komissiyası isə Avropa Şurasına üzv dövlətlərdə fəaliyyət göstərən transmilli korporasiyalarda qarşılıqlı sosial fəaliyyətin daha dəqiq mexanizmini yaratmağa imkan verən "Avropa müəssisələrinin komitələrinin (şuralarının) yaradılması barədə Direktiv" sənəd qəbul etmişdir.

MDB Parlamentlərarası Assambleyası və Avrasiya İqtisadi Birliyinin Parlamentlərarası Assambleyası Ümumhəmkarlar İttifaqları Konfederasiyası tərəfindən işlənib hazırlanan, əhalinin məşğulluğu, yaşayış minimumu, əmək mühafizəsi, kollektiv müqavilələr və sazişlər barədə model qanunlar da bu sahədə mühüm önəm daşıyır. Adıçəkilən beynəlxalq və regional sənədlər sosial-əmək münasibətlərinin tənzimlənməsi məsələsində respublika Həmkarlar İttifaqları ilə TMŞ-lər arasında qarşılıqlı fəaliyyətin əsası olmuşdur. Hazırkı şəraitdə həmkarlar ittifaqlarının TMŞ-lər səviyyəsində sosial tərəfdaşlığının müxtəlif formaları vardır.

Məsələn, ağac emalı və inşaat, kimya, dağ-mədən sənayesi, energetika, metal, qida sənayesi işçiləri həmkarlar ittifaqları beynəlxalq federasiyaların TMŞ-lərlə danışığı əsasında 4 milyona yaxın işçini əhatə edən 43 qlobal sazişin imzalanmasına nail olmuşlar.

Respublikada fəaliyyət göstərən əksər sahə həmkarlar ittifaqları Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan federasiyaların imkanlarından istifadə etməyə çalışırlar. Həmçinin Avropada sosial dialoq aparmaq üçün vahid təcrübə mövcuddur. Bu məqsədlə Avropa müəssisələrinin komitələri (şuraları) yaradılır və Avropa İttifaqı ölkələrinin hər hansının ərazisində yerləşən TMŞ-lər müəssisənin işçiləri ilə məsləhətləşmələr və danışıqlar aparmağa məcbur edilir. TMŞ-yə daxil olan və MDB ərazisində yerləşən müəssisələrin həmkarlar ittifaqı komitələri şurasının yaradılması sosial-əmək münasibətlərinin tənzimlənməsi barədə dövlətlərarası sazişdə öz əksini tapmışdır. Ölkəmizdə də TMŞ-lərə daxil olan təşkilatlarda həmkarlar ittifaqları şuralarını yaratmaqla işçilərin hüquqlarının müdafiəsi önə çəkilir.

Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq təşkilatların qəbul etdiyi normalara istinad etməklə TMŞ-lə münasibətlərin tənzimlənməsini və şirkətlərin müəssisələrində işçilərin sosial müdafiəsini təmin etmək məqsədilə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına səy göstərir.

Son illər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən qərarların sosial yönümlülüyünün güclənməsi həmkarlar ittifaqlarının fəaliyyətinə ciddi təsir göstərmişdir. Nəticədə həmkarlar ittifaqları tərəfindən muzdlu işçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının müdafiəsi sahəsində xeyli işlər görülmüş, əmək qanunvericiliyində həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının məhdudlaşdırılması halları aradan qaldırılmışdır.

İqtisadi islahatların həyata keçirilməsi və xarici sərmayələrin ölkəyə axını nəticəsində xarici və birgə müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün dövlət tərəfindən normal şərait yaradılmışdır. Dünyanın 14 aparıcı şirkətinin iştirakı ilə bağlanmış "Əsrin müqaviləsi"nə əsasən Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində transmilli şirkətlərlə 24 müqavilə imzalanmışdır.

Xarici şirkətlərin iştirakı ilə işləyən bir sıra müəssisələrdə biznes mədəniyyəti inkişaf edir, yeni texnologiyalar tətbiq olunur, işçilərin peşə hazırlığı yüksəlir, dövlət müəssisələri ilə müqayisədə daha yüksək minimal sosial zəmanətlər həyata keçirilir. Bu da çox vaxt işəgötürənlə həmkarlar ittifaqları arasında aparılan kollektiv danışıqlar, imzalanan kollektiv sazişlər və müqavilələr vasitəsilə əldə edilir.

"Şirvan Oyl" BMMM, "Bakı Steel Kompani" HİB, Britaniya-Azərbaycan "Azərboru" birgə müəssisəsi, "Azəralüminium" ASC, "Evrotel" Türkiyə-Azərbaycan, "Azərsun-Holdinq" MMC, "European Tobacco-Baku" ASC-də işəgötürənlər ilə həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlıq yaxşı səmərə verir. Həmkarlar ittifaqları təşkilatları ilə törəmə müəssisələrin müdiriyyəti arasında müəssisənin normal işinin təmin olunması, işçilərin əməkhaqlarının artırılması, güzəştli kompensasiyaların verilməsi məsələləri bağlanan kollektiv müqavilələrdə öz əksini tapmışdır.

Məlum olduğu kimi, qloballaşma prosesi praktiki olaraq bütün istiqamətlərdən həmkarlar ittifaqı hərəkatının mövqelərinə geniş hücumlarla, işçilərin həmkarlar ittifaqlarında təşkilatlanmalarına maneə törədilməsi ilə səciyyələnir. Bu xarici və birgə müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması məhz ona görə çətinləşir ki, bir tərəfdən bu prosesə şirkətlərin rəhbərləri mane olur, digər tərəfdən isə iş yerlərini itirməkdən qorxan işçilərin özləri bu prosesə fəal maraq göstərə bilmirlər.

Yerli işçi və mütəxəssislərə əcnəbi işçilərdən az əməkhaqqı verilsə də, zərərli və təhlükəli iş yerləri təklif olunsa da, iş yerini itirmək qorxusu altında olan işçilər bəzən belə hallara qarşı etiraz səslərini qaldırmırlar. Təəssüflə bildirməliyik ki, əcnəbi işçilərin eyni işə görə aldığı maaş yerlilərin maaşından 10-20 dəfədən də artıq təşkil edir.

Sahə həmkarlar ittifaqı orqanlarının ciddi səylərinə baxmayaraq, işəgötürənlərin kəskin etirazı və laqeydliyi ucbatından bir sıra iri transmilli şirkətlərdə hələ də həmkarlar ittifaqı təşkilatları yaradılmamışdır. Təşkilat yaradılan müəssisələrdə isə çox vaxt onun hüquqları pozulur. Kollektiv danışıqlardan yayınma halları baş verir və kollektiv müqavilələr bağlanmır. Bu gün sahə ittifaqlarının nüfuz dairəsində fəaliyyət göstərən 51 transmilli şirkətin həmkarlar ittifaqı təşkilatlarında 33 kollektiv müqavilə bağlanıb.

AHİK və onun üzv təşkilatları ardıcıl olaraq işəgötürənlərlə danışıqlar aparır, onları "Həmkarlar ittifaqları haqqında" qanuna riayət etməyə çağırır. Yerlərdə işçilərin təşəbbüsləri hər vasitə ilə müdafiə edilir. Görülən işlər sayəsində son bir ildə "Macdermott", "Azfen" şirkətlərində, ""European Tobacco-Baku" ASC, "Bakı Steel Kompani", Siemens, "Atillo-Özəlton", "Azərsun Holdinq" MMC, "Baltika-Bakı" MMC, "Sokar-KPŞ" MMC, "Azərbaycan Şipyard Kompani" LTD və digər transmilli şirkətlərin müəssisələrində həmkarlar ittifaqı təşkilatları yaratmaq mümkün olub.

Bu günlərdə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının apardığı çoxillik, məqsədyönlü fəaliyyəti nəticəsində "MakDonalds" restoran şəbəkəsinin işçiləri konfrans keçirərək həmkarlar ittifaqı təsis etmişdir. Son illər ərzində AHİK və onun üzv təşkilatlarının respublikanın kütləvi informasiya vasitələri, o cümlədən televiziya kanalları ilə apardıqları təbliğat işinin nəticəsində həmkarlar ittifaqlarının nüfuzu xeyli yüksəlib. Təsadüfi deyil ki, respublikanın həmkarlar ittifaqlarına bir çox hallarda xarici şirkətlərdə işləyən, hüquqları pozulmuş, hətta həmkarlar ittifaqı üzvü olmayan şəxslər də müraciət edirlər. Biz isə onları narahat edən məsələləri araşdırır, lazımi hüquqi yardım göstəririk.

Əmək müqaviləsi dayandırılarkən kompensasiyaların ödənilməməsi ilə bağlı "Boşşelf" şirkətində keçirilən etiraz aksiyası ilə əlaqədar ARDNŞ-nin iştirakı ilə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şirkət rəhbərliyi ilə apardığı danışıqlar müsbət nəticəsini verib. Danışıqlar nəticəsində üçtərəfli (Həmkarlar İttifaqı, bp, ARDNŞ) protokol imzalanıb. İmzalanmış protokola əsasən, bp-nin layihəsində işləyən 6 podrat şirkətin işçilərinə əmək müqaviləsinə xitam verildikdə tarif maaşının 3 misli həcmində müavinət verilməsi qərara alınıb. Bu, həmkarlar ittifaqlarının böyük uğuru hesab olunmalıdır. Eyni zamanda, bu protokoldan yalnız "Boşşelf" şirkətinin həmkarlar ittifaqı üzvləri deyil, həmçinin həmkarlar ittifaqı olmayan bir sıra şirkətlərin işçiləri də faydalana biləcək.

Respublikanın neft sənayesində 50-dən çox iri neft şirkətinin fəaliyyət göstərməsinə baxmayaraq, onların yalnız 21-də həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Uzun müddətdir ki, "Coca-Cola LTD", "Pepsi-Kola" MMC, "Caspian Fish Co Azərbaycan", "Ramstor" restoran və mağaza şəbəkələri, "Azərcell" və "Baksell" mobil telefon şirkətləri və başqa xarici şirkət, firma və müəssisələrdə işəgötürənlər sahə həmkarlar ittifaqlarının işçilər arasında təşkilati iş aparmasının qarşısını almağa çalışırlar.

TMŞ-lərdə mövcud olan həmkarlar ittifaqlarına şirkət rəhbərliyi təzyiqlər göstərir, bəzi hallarda isə hətta onların fəaliyyətinin dayandırılmasına nail olurlar. "Salyan Oyl" və "QaraSu" əməliyyat şirkətləri rəhbərliyinin qeyri-qanuni müdaxiləsi nəticəsində bu qurumlarda fəaliyyət göstərən həmkarlar ittifaqlarının "əl-ayağı bağlanmışdır". AHİK və onun üzv təşkilatı olan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bu məsələyə ciddi müdaxiləsindən sonra "Salyan Oyl" şirkətində həmkarlar ittifaqının fəaliyyəti bərpa edilmiş, "QaraSu" əməliyyat şirkətində isə bu istiqamətdə iş davam etdirilir.

Azərbaycan Həmkarlar İttifaqları işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi ilə bağlı respublikada fəaliyyət göstərən mövcud TMŞ rəhbərlikləri ilə sivil münasibətlər - konstruktiv əlaqələr qurmağa hər zaman hazırdır. Lakin əməkdaşlıqdan boyun qaçıran transmilli şirkətlərə qarşı həmrəyliyimizin gücünü göstərməklə bu məsələdə həmkarlar ittifaqlarının beynəlxalq təcrübəsindən istifadə edir, operativ informasiya mübadiləsi aparırıq. Sözsüz ki, bu sahədə uğur əldə etmək üçün həmkarlar ittifaqlarının özlərinin dəyişməsi və yeniləşməsi lazımdır. Yalnız güclü və nüfuzlu, peşəkar həmkarlar ittifaqları təşkilatları vahid məqsəd uğrunda birgə fəaliyyət göstərsələr, uğur əldə edə bilərlər. AHİK bu məqsədlə Beynəlxalq Həmkarlar İttifaqları Birlikləri ilə müxtəlif tədbirlərin həyata keçirilməsinə üstünlük verir. 2008-ci il oktyabr-dekabr aylarında Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə "Həmkarlar ittifaqları və transmilli kampaniyalar" mövzusunda keçirilən layihə də bu məqsədə xidmət etmişdir. Layihə çərçivəsində keçirilən tədbirlərdə tərəfdaşların - müvafiq icra strukturlarının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və respublikada fəaliyyət göstərən sosialyönümlü qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin olunmuşdur.

Üç ay ərzində transmilli şirkətlərdə həmkarlar ittifaqlarının mövqeyi və strategiyasının müəyyən olunması, sosial dialoqun aparılması ilə bağlı işlər davam etdirilmiş, İşəgötürənlə həmkarlar ittifaqı arasında bağlanan kollektiv müqavilənin nümunəsi və "Sosial əməkdaşlıq haqqında" qanun layihəsi hazırlanmışdır. Qəbul edilmiş tövsiyələrdə TMŞ-lərdə həmkarlar ittifaqı yaradarkən "Həmkarlar ittifaqları haqqında" qanuna əməl edilməsi, şirkətlərin strukturunun, onların maliyyə imkanlarının, perspektiv planlarının, işçilərin peşələr üzrə bölgüsünün, fərdi əmək müqavilələrinin və digər məsələlərin təhlili, işçilərin əmək hüquqlarının qorunması məsələlərinin, İşəgötürənlə qarşılıqlı əlaqələrin yaradılmasının, kollektiv müqavilələrin bağlanmasının, danışıqlar aparılmasının vacibliyini önə çəkmək və bu işlərin görülməsində sahə həmkarlar ittifaqlarının nizamnaməsinə və beynəlxalq normativ sənədlərə istinad edilməsi nəzərdə tutulur.

Azərbaycan Həmkarlar İttifaqları bu gün əvvəlki illərlə müqayisədə demək olar ki, olduqca geniş imkanlara malikdir. Həm Əmək Məcəlləsi üzrə həmkarlar ittifaqlarına verilən hüquqlar, həm də üzv olduğu beynəlxalq təşkilatların əməli dəstəyi, xarici ölkələrin həmkarlar ittifaqları ilə yaradılan işgüzar əlaqələr uğur qazanmaq üçün mühüm stimuldur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ümumdünya iqtisadi və maliyyə böhranının hökm sürdüyü mürəkkəb bir vaxtda transmilli şirkətlərdə işçilərin konstitusiya hüquqlarının müdafiəsi, əməyin və sağlamlığın mühafizəsi ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər görməyi nəzərdə tutur. Maliyyə böhranının ayrı-ayrı sahələrə göstərə biləcəyi təsirin mümkün dərəcədə qarşısının alınmasını və istehsalat risklərinin düzgün idarə olunmasını təmin etmək, işçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsi məqsədi ilə həmkarlar ittifaqları müntəzəm monitorinqlər aparır, lazımi işlər həyata keçirir.

Bir sözlə, respublikamızda fəaliyyət göstərən bütün transmilli şirkətlərdə, xarici və özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılması Azərbaycan Həmkarlar İttifaqlarının başlıca vəzifələrindəndir. Mülkiyyət münasibətlərindən asılı olmayaraq, respublika ərazisində işçilərin hamısının sosial-iqtisadi hüquqlarının yüksək səviyyədə qorunması üçün bütün imkanlardan istifadə edəcəyik.

 

 

Səttar MEHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 23 may.- S. 7.