Ekoloji tarazlıq sağlam
gələcək üçün
mühüm şərtdir
Ölkəmiz müstəqillik
əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin
ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə
qayğıkeş münasibəti nəticəsində 2001-ci
il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yaradılmışdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı sərəncama əsasən isə,
ölkəmizdə hər il 23 may Ekologiya və Təbii Sərvətlər
Nazirliyi işçilərinin peşə bayramı
günü kimi qeyd olunur.
İndiki və gələcək
nəsillərin sağlamlığının təmin edilməsi,
iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli
istifadə edilməsi nazirliyin qarşısında duran
başlıca məsələlərdir. Bu struktur
yarandığı vaxtda hələ sovet dövründən
qalmış bir sıra ekoloji problemlərin həlli, ətraf
mühitin çirklənməsinin qarşısının
alınması, ekoloji tarazlığın bərpası həllini
gözləyən işlər idi. Azərbaycan hökuməti
bu problemlərin aradan qaldırılması üçün zəruri
tədbirlər həyata keçirmişdir. Azərbaycan
Prezidentinin 2003-cü ildə təsdiq etdiyi "Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Meşələrin
bərpa edilməsi və artırılmasına dair" milli
proqramları və "Azərbaycan Respublikasında
hidrometeorologiyanın inkişafına dair" Dövlət
Proqramı çərçivəsində ölkəmizdə
ekoloji çirklənmənin aradan qaldırılması və
ekoloji tarazlığın bərpa edilməsi istiqamətində
mühüm işlər görülmüşdür.
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər
Planı"nda bir çox tələblərlə
yanaşı, meşələrin seyrəkləşməsinin,
torpağın erroziyasının, meşə massivlərinin
azalmasının və təbii biosenozların yoxa
çıxması təhlükəsinin yaranmasının
qarşısının alınması barədə tədbirlərin
də həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Ötən illərdə bu istiqamətdə bir
sıra işlər görülmüşdür. Cari ildə
də həmin işlər davam etdirilmiş, yanvar-mart aylarında
1052 hektar sahədə meşə bərpa işləri
aparılmışdır.
Tədbirlər planı
çərçivəsində ölkənin gərgin ekoloji
vəziyyətdə olan bölgələrində, xüsusən
Bakı şəhərinin və Abşeron
yarımadasının sağlamlaşdırılması
istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.
Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər
Əliyev Beynəlxalq Hava Limanının ətrafının,
Abşeron yarımadasındakı göllərin, neftlə
çirklənmiş torpaqların, çay suları
altında qalmış sahələrin və digər istehsalat
tullantıları ilə çirklənmiş ərazilərin
ekoloji vəziyyətinin yaxşılaşdırılması,
Bakı və Sumqayıt şəhərlərində
tullantıların idarə olunmasının təkmilləşdirilməsi
və başqa tədbirlərin həyata keçirilməsi
üçün Azərbaycan Prezidenti İlham Əliyevin
göstərişinə əsasən maliyyə vəsaitlərinin
ayrılması bu problemlərin vaxtında həll edilməsini
reallaşdırmışdır.
Aprel ayının 22-də
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında digər problemlərlə yanaşı,
ölkə başçısı ekoloji məsələlərə
də toxunmuş, Bakıda, Abşeron yarımadasında 3
milyon ağac əkilməsi ilə bağlı tədbirlər
hazırlandığını bildirmişdir. Prezidentin 3 milyon
ağac əkmək təşəbbüsü ilə
çıxış etməsi hər yerdə bir canlanma
yaradıb. Şəhərin bir sıra rayonlarında bununla
bağlı xüsusi qərargahlar təşkil olunub və tədbirlər
həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin kollektivi əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş ətraf mühitin
sağlamlaşdırılması və təbii sərvətlərdən
davamlı istifadə olunması siyasətini uğurla davam
etdirərək üzərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlmək, respublika əhalisinin
sağlam ətraf mühitdə yaşamasının təmin
edilməsində bütün imkanlarını səfərbər
etmək əzmindədir.
Azərbaycan.- 2009.- 23 may.- S. 5.