130 il bundan əvvəl
Gürcüstanın Qori şəhərində Zaqafqaziya
Müəllimlər Seminariyasının nəzdində Azərbaycan
şöbəsi açıldı və 40 il sonra
xalqımızın maarifpərvər ziyalısı,
seminariyanın ilk məzunu və müəllimi Firidun bəy
Köçərlinin ağır zəhməti nəticəsində
Qazax rayonuna köçürüldü. 40 il fəaliyyət
göstərən bu tədris ocağı Azərbaycana 250-dən
artıq müəllim, ictimai-siyasi, mədəniyyət xadimi,
böyük şəxsiyyətlər verib. Qori
seminariyasını bitirən hər bir azərbaycanlı həyatını
xalqımızın azadlığı və istiqlalı
uğrunda şam kimi əritdi. Onların hər biri bir tarix,
bir şəxsiyyət, ustad, işıqlı ziyalı idi. Halbuki
azərbaycanlılar üçün seminariyanın
açılması heç də asan olmamışdı...
...1877-ci ildə 60
yaşlı Mirzə Fətəli Axundov və 47 yaşlı
Tiflis müsəlman məktəbinin şəriət müəllimi
Mirzə Həsən Qayıbzadə xalqın maariflənməsi
uğrunda çalışır, seminariyanın nəzdində
Azərbaycan şöbəsinin açılmasından
ötrü get-gəldən yorulmur, hər cəfaya
qatlaşırdılar. Qafqaz canişini böyük knyaz Mixail
Nikolayeviç Romanovu yola gətirmək üçün
yalvar-yaxar edirdilər. Dövrünün böyük mütəfəkkiri
Mirzə Fətəli Axundov xalqımızı tanıtmaq məqsədilə
canişinə Mirzə Cəfər Topçubaşov, Həsən
bəy Zərdabi və Mirzə Kazım bəy haqqında
danışır: "Peterburq Universitetinin fəxri doktoru Mirzə
Kazım bəy də azərbaycanlıdır, bizim həmvətənimizdir.
O, təkcə Rusiya Elmlər Akademiyasının müxbir
üzvü deyil, həm də Londonda Böyük Britaniya və
İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali
Antikvarilər Kral Cəmiyyətinin üzvüdür. Üç dəfə Demidov mükafatı alıb..."
Çox çək-çevirdən
sonra canişin layihəni qarşısına çəkib -
Allahın köməyi ilə sizə və balalarınıza
uğurlar diləyirəm,- deyib yazmağa başladı. Sonra
canişin vərəqləri əlinə götürüb
dik tutdu və yazdığını oxumağa başladı:
"Ölkənin yalnız Azərbaycan əhalisi
üçün Zaqafqaziya Müəllimlər Seminariyası
yanında təcrübə məqsədilə üç il
müddətinə müstəqil Azərbaycan şöbəsi
açılsın. Təcrübə yaxşı nəticə
verərsə, üç ildən sonra həmin şöbəni
azərbaycanlılar üçün müstəqil seminariyaya
çevirib Qoridən Azərbaycanın mərkəzinə
köçürməli".
1879-cu il iyunun 14-də
Qafqaz Təhsil Dairəsinin göndərdiyi səkkiz min yeddi
yüz altmış iki nömrəli dəftərxana sənədi
Azərbaycan ziyalılarının arzularını həll
etdi. Qori Müəllimlər Seminariyasının direktoruna
göndərilən həmin sənəddə deyilirdi ki, sərdarın
müavininin əmri əsasında sizə
tapşırılan seminariyanın nəzdində təsis
olunacaq Azərbaycan şöbəsini yerləşdirmək və
onu lazımi əşyalarla təmin etmək üçün
Tiflis hökumət palatasına təklif edilmişdir ki,
Zemstvodan yığılmış məbləğdən
dörd min manat zati-alilərinizin sərəncamına verilsin.
1879-cu il sentyabrın 1-də seminariyanın nəzdində yeni
təsis edilmiş xüsusi tatar şöbəsini yerləşdirməkdən,
lazımi əşyaları almaqdan ötrü Zemstvo vergisindən
pul buraxıldığını zati-alilərinizə bildirməyi
hökumət palatası özü üçün şərəf
bilir. Sənədlər təsdiq olunduqdan sonra Aleksey
Osipoviç Çernyayevski Azərbaycan şöbəsinə
inspektor təyin edilir.
1879-cu ilin bahar
fəsli idi. Seminariyanın direktoru Dmitri Dmitriyeviç
Semyonov şamaxılı
Aleksey Osipoviç Çernyayevskini
yanına çağıraraq
narahatlığını bildirir
və deyir ki, Azərbaycan şöbəsini açmaqdan
peşman olmuşam.
Ərizə verənlərin sayı
artmır, belə getsə, şöbənin
bağlanma məsələsi
qoyulacaq. Çernyayevski isə ümidini üzməmişdi, ona görə də direktoru inandırır ki, yerlərə məktub yazıb göndərməklə kifayətlənmək
olmaz, bəzi qəza rəisləri heç məktubları camaata çatdırmır,
çatdıranlar da yaxşı başa sala bilmirlər ki, seminariyanın məqsədi, məramı
nədir. Bircə çıxış
yolu odur ki, özüm gedim, qapı-qapı, oba-oba, mahal-mahal gəzib camaatı başa salım. Mən Azərbaycan dilində ana dilim kimi
danışıram, yerli
əhalinin adət-ənənəsinə
yaxşı bələdəm.
İlk Azərbaycan
seminaristlərinin müəllimi və A.O.Çernyayevski
İrəvanda, Naxçıvanda, Şəkidə,
Şamaxıda və Şuşada olur. Birinci il Lənkərandan
Teymur bəy Məmməd bəy oğlu Bayrambəyov, Qazaxdan
İsmayıl ağa Mustafa oğlu Vəkilov, Məmməd
ağa İsmayıl ağa oğlu Şıxlınski,
Şuşadan Firidun bəy Əhməd ağa oğlu
Köçərli və Səfərəli bəy Vəlibəyov
seminariyada oxumağa gedirlər. Çernyayevski Azərbaycanı
qarış-qarşı gəzərək bildirirdi ki,
seminariyanın məqsədi Cənubi Qafqazda fəaliyyət
göstərən ibtidai Azərbaycan məktəbləri
üçün bilikli, təcrübəli müəllim
yetişdirməkdir: "Onlar çıraq olub Azərbaycan
xalqının qaranlıq yollarını
işıqlandırsınlar deyə hökumət hesabına
oxuyan tələbələr məktəbi bitirdikdən sonra ən
azı dörd il göndərişlə kənd məktəbində
işləməlidir". İlk təhsil ilində Azərbaycan
dilində dərs kitabı olmayan seminaristlərə
Çernyayevski "Vətən dili" kitabını tərtib
edir. Bu kitab onun ilk tələbələrindən olan Rəşid
bəy Əfəndiyevin gözəl xətti ilə
daşbasmada çap etdirilir. Kitabda Azərbaycan atalar
sözündən, tapmacalardan, zərb-məsəllərdən
istifadə etməklə yanaşı, həm də Azərbaycan
şairlərinin şeirlərindən parçalar
verilmişdi. "Vətən dili" kitabından sonralar təkcə
Qori seminariyasında yox, Azərbaycanın bütün qəzalarında
olan ibtidai rus-Azərbaycan məktəblərində azərbaycanlı
uşaqlar savad öyrənirdilər. Hələ "Vətən
dili"ndən əvvəl Çernyayevski dərslik son dərəcə
az olduğuna görə seminariyanın azərbaycanlı tələbələrinin
köməyi ilə həftəlik proqram tərtib etmişdi. Sövti-üsulla
məşğələ aparmaq üçün qiraət
materialları hazırlamışdılar. Bu barədə
1880-ci ildə Qafqaz Təhsil Dairəsinin hesabatını
hazırlayan qəyyum dövrün qəzetlərinin birində
yazırdı ki, seminariyanın Azərbaycan şöbəsində
Çernyayevskinin ustalıqla təşkil etdiyi tədris
prosesi azərbaycanlı məzunların pedaqoji
hazırlığı üçün ən yaxşı
baza oldu. "Vətən dili" kitabının ikinci hissəsini
bir neçə il sonra seminariyanın ilk məzunu və
sonralar müəllimi olan Səfərəli bəy Vəlibəyovla
birgə çap etdirirlər. Səfərəli bəy Vəlibəyov
seminariyanı əla bitirdikdən sonra 1881-ci ildə pedaqoji
şuranın qərarı ilə Qori seminariyasında "Ana
dili" müəllimi saxlanılır. Rus, fars və ərəb
dillərini yaxşı bilən Səfərəli bəy hələ
tələbə ikən "Xəzineyi-əxbar" adlı
ensiklopedik kitab tərtib edir. Mütərcimlik sənətinin
mahir bilicisi olan Səfərəli bəy Azərbaycan və
Şimali Qafqaz xalqlarının tarixindən bəhs edən
"Tarixi Dərbəndnamə" kitabını tərcümə
etməkdə ilk təşəbbüskar olur.
Firidun bəy
Köçərli iyirmi iki yaşında ikən
seminariyanı əla qiymətlərlə bitirmiş, şəriət,
pedaqoji, rus dili, hesab, həndəsə, yerölçmə,
tarix, coğrafiya, təbiət, hüsnxətt fənlərindən,
habelə təcrübi məşğələlərdən
müvəffəqiyyətlə imtahan vermişdi. Buna görə
də ona ibtidai xalq məktəbi müəllimi adı verilir.
Seminariyanı bitirən tələbələrdən fərqli
olaraq, şura Firidun bəy Köçərlini kənd məktəbinə
yox, İrəvan gimnaziyasına müəllim göndərir. Seminariyada
oxuduğu illərdə Firidun bəy Köçərli yunan
filosofu Sokratın həyatı və əxlaqi
görüşlərinə həsr olunmuş "Təlimati-Sokrat"
əsərini tərcümə edir, Saleh bəy Zöhrabbəyovla
birlikdə "Təlimati-lisani-türki" adlı dərslik
hazırlayır. Bundan başqa, Lermontovdan, Puşkindən,
Qoqoldan, Tolstoy və Kolotsovdan tərcümələr edir.
Yeri gəlmişkən
bir neçə gün əvvəl Azərbaycan Beynəlxalq
Universitetində Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyası Azərbaycan şöbəsinin
açılmasının 130 və seminariyanın Qazaxa
köçürülməsinin 90 illiyinə həsr
olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdi. Konfransda
Moskvadan, Samaradan, Rusiyanın başqa vilayətlərindən,
həmçinin Orta Asiyadan, Gürcüstandan nümayəndələr,
bir çox xarici ölkələrin Bakıdakı səfirliklərinin
təmsilçiləri iştirak edirdilər. Akademik Hüseyn
Əhmədov Qori seminariyasının Azərbaycana bəxş
etdiyi ziyalılardan, onların elmi, ictimai-siyasi, müəllimlik
fəaliyyətlərindən danışdı. Çıxışlarda
dəfələrlə vurğulandı ki, həmin dövrdə
Zaqafqaziya Müəllimlər Seminariyasının
yetişdirdiyi ziyalı nəsli Azərbaycan xalqının
tarixində misilsiz rol oynamış, elmin, mədəniyyətin
inkişafına əvəzsiz töhfələr vermişdir.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2009.- 23 may.-
S. 8.