Folklorşünas alim və
jurnalist Şamxəlil Məmmədovun dərs vəsaiti kimi
yenicə çapdan çıxmış "Azərbaycan
folkloru" adlı kitabında ali məktəb proqramına
müvafiq olaraq şifahi xalq ədəbiyyatının
müxtəlif janrları təhlil edilmişdir. Yeni nəşrin
elmi redaktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın
müxbir üzvü Azad Nəbiyevdir. Kitabda Azərbaycan
şifahi xalq ədəbiyyatı ətraflı
araşdırılmış, folklorun qədim janrları
haqqında mükəmməl məlumatlar öz əksini
tapmışdır.
Yeni nəşrdə
verilmiş "Ön söz"də oxuyuruq: "Dünya
xalqlarının bədii mədəniyyət tarixinin
araşdırılması göstərir ki, şifahi xalq ədəbiyyatı,
ümumiyyətlə, mədəniyyətin qaynaqlarından
biri, bəlkə də başlıcası olmuş, kütləvi
mədəniyyət yaranıb formalaşdıqdan sonra da bu ədəbi
tarixi funksiyanı daşımışdır. Bu gün də
folklor həm bədii yaradıcılıqda mənbə, forma
və vasitə kimi rol oynayır, həm də mədəniyyətin
daimi komponenti kimi inkişaf edərək zənginləşir".
Müəllifin fikrincə, folklorun ən mühüm
xüsusiyyətlərindən biri onun kollektiv
yaradıcılıq məhsulu olmasıdır. Şifahi şəkildə
yaranıb, şifahi şəkildə yayılan el sənət
nümunələri öncə milliliyi, xəlqiliyi ilə
seçilən qiymətli xəzinədir.
Bu topluda "Kitabi-Dədə
Qorqud", "Koroğlu", "Qaçaq Nəbi" kimi
dastanlardan tutaraq totemlərə qədər Azərbaycan
folklorunun keçdiyi tarixi inkişaf mərhələlərindən
söz açılır.
Müəllif Azərbaycan
folklorunun yazılı ədəbiyyatdakı qaynaqlarına da
toxunaraq müxtəlif ədəbiyyatşünas alimlərin,
sənətkarların, yazıçı və
dramaturqların folklora olan münasibətlərindən
söz açmışdır. Mövcud ədəbiyyatın
öyrənilməsi və təhlili müəllifə bu
fikri deməyə əsas vermişdir ki, folklordan istifadə
klassik və çağdaş ədəbiyyat
üçün tipoloji məziyyətdir. Daha dəqiq söylənilsə,
sənətkarlığın əsas əlamətidir. Buna
görə də şifahi xalq ədəbiyyatındakı zənginlik
tarix boyu şair, yazıçı, dramaturq, bəstəkar və
rəssamların diqqətini cəlb edib. Xaqanidən, Nizamidən
üzü bəri yazılı ədəbiyyatın görkəmli
nümayəndələri nağıl, dastan, əfsanə, rəvayət,
lətifə, atalar sözləri, bayatı və sair folklor
nümunələrindən bəhrələniblər.
Müəllifin
çoxillik pedaqoji təcrübəsi və
axtarışları nəticəsində ərsəyə gələn
"Azərbaycan folkloru" kitabı təkcə tələbələr
üçün deyil, həm də şifahi xalq ədəbiyyatı
ilə maraqlananlar üçün faydalı və zəngin mənbədir.
Zəkurə QULİYEVA
Azərbaycan.- 2009.- 23 may.- S. 8.