Göygöl rayonunda mədəniyyət
və istirahət parkının açılışı
olmuşdur
Mayın 25-də Göygöl rayon mərkəzində mədəniyyət və istirahət parkının açılışı olmuşdur.
Prezident İlham Əliyev açılışda iştirak etmişdir.
Əsaslı təmirinə bu il başlanılan parkın ərazisi 3 hektardır. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Müxtəlif mərasimlərin keçirilməsi üçün 300 nəfərdən çox tamaşaçı tutan Yaşıl Teatr parka xüsusi gözəllik verir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkda gənclər evi, stolüstü oyunlar zalı, tir fəaliyyət göstərir.
Bundan başqa, parkın ərazisində 200 kvadratmetr sahəsi olan idman meydançası, uşaqlar üçün xüsusi attraksionlar quraşdırılmış əyləncə meydançası da vardır.
Parkın ərazisinin 2 hektarında yaşıllıq sahələri salınmış, 2 mindən çox bəzək kolu və ağac əkilmiş, kənardan münbit torpaq gətirilmişdir. Yaşıllıq sahəsini suvarmaq məqsədi ilə hər bir xiyabana ayrıca su xətti çəkilmiş, parkda müasir işıqlandırma sistemi quraşdırılmış, 250 dekorativ işıq dirəyi qoyulmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.3.