Prezident İlham Əliyev Göygöl Rayon Mərkəzi Xəstəxanasının
açılışında iştirak etmişdir
Mayın 25-də Göygöl Rayon Mərkəzi
Xəstəxanasının açılışı
olmuşdur.
Prezident İlham Əliyev
açılışda iştirak etmişdir.
Səhiyyə ocağının
kollektivi dövlətimizin başçısını hərarətli
alqışlarla qarşıladı.
Göygöl rayon mərkəzi xəstəxanasının
inşasına 2007-ci ilin əvvəlində
başlanmışdır. Obyekti Səhiyyə Nazirliyinin
sifarişi ilə "Terminal" istehsal-tikinti müəssisəsi
inşa etmişdir. İnşaat işləri zamanı xaricdən
gətirilmiş tikinti materialları ilə yanaşı, yerli
xammaldan da istifadə edilmişdir.
Xəstəxananın ümumi sahəsi
4 hektara yaxın, tikintinin sahəsi isə 1,5 hektardır.
Burada əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanası,
infeksion, patoloji-anatomiya və tibbi ekspertiza şöbələri
fəaliyyət göstərir. 180 çarpayılıq səhiyyə
ocağının xarici görünüşü də
yüksək zövqlə işlənmişdir. Ərazidə
avtomobil dayanacağı, texniki xidmət və mətbəx
binaları da inşa olunmuşdur. Ümumilikdə, kompleksdə
altı ikimərtəbəli, üç dördmərtəbəli
və bir üçmərtəbəli tikili vardır. Texniki
və içməli su üçün hər birinin tutumu 200
ton olan hovuz inşa edilmiş, su nasos stansiyası və
içməli suyu təmizləmək üçün isə
müasir avadanlıqla təchiz olunmuş qurğu
quraşdırılmışdır. Burada, həmçinin transformator
stansiyası, qəza zamanı avtomatik işə düşən
generator qurğusu və müasir qazanxana da vardır.
Xəstəxananın həyətində
geniş abadlıq işləri aparılmış, 9500
kvadratmetr asfalt örtüyü salınmış, 2,2 hektar
sahə yaşıllaşdırılmışdır. Ərazidə
1400-ə yaxın meyvə ağacı, habelə müxtəlif
gül və dekorativ kollar əkilmişdir.
Dövlətimizin
başçısı İlham Əliyev tibb
ocağının açılışını bildirən
lenti kəsdi və xəstəxana ilə yaxından
tanış oldu.
Məlumat verildi ki, birinci mərtəbədə
qəbul şöbəsi, poliklinika, manipulyasiya, rentgen,
sanitar-təmizləmə, sarğı, müayinə və
növbətçi həkim otaqları yerləsir. Poliklinikada
analiz qəbulu, ümumi laboratoriya, fizioterapiya, ultrasəs
müayinəsi, terapevt, elektroensefaloqramma, elektrokardioqramma,
stomatologiya, ginekologiya, endokrinologiya, otolarinqologiya, oftalmoloq və
terapevt otaqları ən son avadanlıqla təchiz
olunmuşdur. Şüa-diaqnostika şöbəsində
fotolaboratoriya, flüoroqrafiya və rentgen otaqları fəaliyyət
göstərir.
Qeyd olundu ki, terapiya şöbəsinin
kardioloji bölümündə eyni vaxtda 20 xəstə
müalicə oluna bilər. Palataların hamısı
müasir səviyyəsi ilə diqqəti cəlb edir.
İkinci mərtəbədə
30 çarpayılıq uşaq xəstəlikləri,
ginekologiya və doğum şöbələri, izolyator, əməliyyat
otağı yerləşir. 15 çarpayılıq doğum
şöbəsində doğuş zalı, yeni doğulan
körpələr üçün xüsusi otaq da yüksək
səviyyədə qurulmuşdur.
Reanimasiya və cərrahiyyə
şöbələri, cərrahi əməliyyat bloku isə
üçüncü mərtəbədədir.
Xəstəxananın
avadanlığı Yaponiya, Koreya Respublikası, Almaniya və
digər ölkələrdən gətirilmişdir.
Bu səhiyyə ocağında 47
həkim çalışacaqdır. Ümumilikdə isə
burada işlə təmin olunanların sayı 230 nəfərə
yaxındır. Xəstəxanada Göygöl sakinləri ilə
yanaşı, ətraf rayonlardan gələnlərə də
müasir səviyyədə tibbi xidmət göstəriləcəkdir.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü.
* * *
Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələrini və tibb işçilərini təbrik edərək dedi:
- Sizi gözəl xəstəxananın
açılışı münasibətilə ürəkdən
təbrik edirəm. İndi bu xəstəxana demək olar ki,
dünyanın ən yüksək standartlarına cavab verir.
Burada quraşdırılmış avadanlıq ən
qabaqcıl şirkətlər tərəfindən təmin
edilibdir. Binanın həm xarici görünüşü
gözəldir, həm müalicə üçün
bütün şərait var, həkimlərin iş şəraiti
də yaxşıdır. Burada ən yüksək tibbi xidmət
göstərilməlidir.
Mən sizi ürəkdən təbrik
edirəm. Doğrudan da, bölgənin inkişafı
üçün, Göygöl rayonunun inkişafı
üçün bu xəstəxananın çox böyük
əhəmiyyəti var. Çünki insanların
sağlamlığı, sosial problemlərin həlli bir
nömrəli məsələdir və indi Azərbaycanın
hər yerində gözəl tibb ocaqları yaradılır, ən
müasir avadanlıq, ən gözəl şərait. Burada
olan şərait dünyanın ən inkişaf etmiş
ölkələrində olan şəraitə bərabərdir,
bəlkə də ondan üstündür. Burada
quraşdırılmış avadanlıq dünya şöhrətli
firmaların ən son istehsalıdır. Əlbəttə, ən
önəmlisi odur ki, burada müalicə və diaqnostika
yüksək səviyyədə təşkil edilsin. Nazir mənə
məlumat verdi ki, həkimlər də təlim kurslarından
keçiblər və bu kurslar daim aparılmalıdır.
Çünki bütün elmlər kimi, tibb elmi də
inkişaf edir, yeniliklər meydana çıxır, yeni
avadanlıqlar yaradılır. Diaqnostika aparmaq
üçün də yaxşı şərait var və mən
Göygöl sakinlərindən xahiş edirəm ki, onlar ildə
bir dəfə gəlib burada müayinədən keçsinlər.
Laboratoriya da var, qan analizləri versinlər. Burada ən
qabaqcıl avadanlıq var ki, hər bir insan ildə bir dəfə
müayinədən keçə bilər. Bilirsiniz, əvvəllər
də, yəni, sovet vaxtında dispanserləşdirmə var
idi, sonra unuduldu. Amma o, əslində, çox gözəl bir
tədbir idi. Flüoroqrafiya - sovet vaxtında məcburi qaydada
hamı flüoroqrafiyadan keçirdi. Sonra bu da unuduldu. Burada
flüoroqrafiya avadanlığı var. Yəni, siz də, icra
hakimiyyəti orqanları da elə etməlisiniz ki, insanlar bax,
bu yeni reallıqlara, necə deyərlər,
uyğunlaşsınlar. Əvvəllər şərait yox
idi, bu barədə heç düşünmək də gərəksiz
idi. Bu gün şərait olduğu halda, mütləq hər
bir yerdə müayinədən keçmək lazımdır.
Səhiyyə sistemində
aparılan islahatlar haqqında fikirlərimi mən bu
yaxınlarda Bakıda Göz Xəstəlikləri Elmi Tədqiqat
İnstitutunun açılışında söyləmişəm.
Bu gün bu gözəl xəstəxananın timsalında bunu
nəinki Bakıda, hər bir rayonda, hər bir bölgədə,
rayonun böyüklüyü, kiçikliyindən
asılı olmayaraq, ən ucqar yerlərdə bir daha
görürük. Göygöl əhali baxımından
böyük rayon deyil, rayon mərkəzində haradasa, 25 min
insan yaşayır. Buna baxmayaraq, burada ən gözəl xəstəxana,
180 çarpayılıq xəstəxana istismara verilir və
bütün başqa yerlərdə, başqa bölgələrdə
bu siyasət davam etdirilir.
Sosial məsələlərin həlli,
bir daha demək istəyirəm ki, prioritet məsələdir.
Bütövlükdə, Göygöl rayonunun inkişafı
son illər uğurla gedir. Yaxşı işlər
görülür, müəssisələr tikilir, şəhər
abadlaşır. Rayonda quruculuq işləri aparılır,
parklar salınır, insanların yaşaması, istirahəti,
işləməsi üçün bütün şərait
var, daha da yaxşı olmalıdır.
Sizi bu gözəl hadisə
münasibətilə, xəstəxananın istifadəyə
verilməsi münasibətilə bir daha təbrik edirəm,
sizə uğurlar arzulayıram.
Həkim Bağda CƏFƏROVA
rayon sakinlərinin ürək sözlərini dövlətimizin
başçısına çatdıraraq dedi:
- Əfsanəvi
Göygölün adını verdiyiniz bu diyara xoş gəlmisiniz.
Sizin bizim rayona hər gəlişiniz böyük bir
bayramdır. Ulu öndərimiz Heydər Əliyevin təməlini
qoyduğu sosialyönümlü siyasəti Siz uğurla davam
etdirirsiniz və onun əsasında insanların
sağlamlığı durur. İnsanların
sağlamlığı uğrunda çox böyük işlər
görürsünüz. Bunun üçün
respublikamızın bütün əhalisi Sizə minnətdardır.
Hər şey göz qabağındadır. Sizin rəhbərliyinizlə
başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində
də çox mühüm dəyişikliklər
aparılır. Yəni, bu işlərin əsas məqsədi
əhaliyə, uşaqlara və analara yüksək səviyyədə
tibbi xidmətin göstərilməsi, ahıl, yaşlı
insanların müalicəsi, xəstəxanaların təzə
avadanlıqla təmin edilməsi, yeni tibb müəssisələrinin
tikilməsi və onların maddi-texniki bazasının gücləndirilməsidir.
Ulu öndərimiz demişdi: "Mən elə bir sənət
tanımıram ki, həkimlik sənəti qədər
insanlara lazımlı olsun". Bizim eldə bir məsəl
var, deyirlər, sağlamsansa xoşbəxtsən. Deməli,
biz həkimlər təkcə insanların
sağlamlığını yox, həm də onların
xoşbəxtliyini qoruyuruq. Bu, bizim məsuliyyətimizi bir daha
artırır.
Biz Sizi prezident seçildiyiniz
andan izləyirik. Elə ay yoxdur ki, Siz bir səhiyyə müəssisəsinə
gəlməyəsiniz. Yəni, son bir ayda 3 böyük səhiyyə
müəssisəsinin açılışında şəxsən
iştirak etmisiniz. Bu səhiyyə müəssisələri həm
də Mehriban xanım Əliyevanın iştirakı ilə,
Sizin öz iştirakınızla
açılmışdır. Siz Talassemiya Mərkəzinin,
Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun, Psixonevroloji Uşaq Evinin
açılışında şəxsən iştirak
etmisiniz. İndi növbəti səhiyyə bayramı
bizimkidir. Siz gəzdiniz, gördünüz, biz çox
şadıq, çox minnətdarıq. İndiyə qədər
bizim xəyallarımız olan belə bir xəstəxananı
tikdiniz, ən yüksək tələblər səviyyəsində
təchiz etdiniz və bizə bəxş etdiniz. İndiyə
qədər bu, həm göygöllülərin, həm də
biz göygöllü həkimlərin xəyalı idi. Biz bu xəyalla
yaşayırdıq. Bilmirdik ki, bir gün xəyalımız
belə həyata keçəcək, Azərbaycan
Respublikasının Prezidenti bu açılışa gələcək,
bu cür hərarətlə bizi təbrik edəcək.
Çox sağ olun.
Göygölə xoş gəlmisiniz,
Sizə bir daha göygöllülər adından,
bütün tibb işçiləri adından minnətdarlığımızı
bildiririk, Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Bir
daha sizi təbrik edirəm. Burada insanlara çox gözəl
xidmət göstərilməlidir və insanlar burada şəfa
tapmalıdırlar. Onu da qeyd etmək istəyirəm ki,
keçən dəfə mən rayona gələndə rayonun
adı başqa idi və ondan sonra mən fikirləşdim ki,
bu rayona daha da gözəl ad verilməlidir. Ancaq o da həqiqətdir
ki, Göygöl adını rayon sakinləri özləri
seçdilər. Mən demişdim ki, rayonda bir müzakirə
getsin, diskussiyalar getsin, fikir mübadiləsi aparılsın:
hansı ad daha da münasibdir və ya hansı adın daha da
böyük tarixi və mədəni əhəmiyyəti var?!
O vaxt bir neçə ad müzakirə edilirdi və mən
çox şadam ki, məhz rayon sakinləri tərəfindən
Göygöl adı seçilibdir. Bu, doğrudan da, gözəl
addır. Göygöl gözəl göldür. Bu rayonun və
nəinki rayonun, Azərbaycanın ən gözəl təbii
sərvətlərindən biridir, Göygöl gölü. Rayonun
adı artıq Göygöldür və əminəm ki, bu
adla rayon sürətlə inkişaf edəcəkdir.
Bir daha demək istəyirəm ki, bax, bu xəstəxanada dünyada, dünyanın ən qabaqcıl ölkələrində hansı avadanlıq varsa, burada da var. Onu da təmin etməliyik ki, tibbi xidmət də yüksək səviyyədə olsun. Bu işlərdə sizə uğurlar arzulayıram. Bütün Göygöl sakinlərinə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
* * *
Sonda Prezident İlham Əliyev tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.3.