Parlament yeni neft sazişlərini təsdiq etdi
Mayın 22-də Milli Məclisin
növbəti plenar iclası keçirildi. Əvvəlcə
deputatlar cari məsələlərə dair fikirlərini səsləndirdilər.
İlk söz alan deputat Zahid Oruc ölkəmizdə sabitliyin
pozulması ilə bağlı səslənən qərəzli
məlumatlara etiraz edərək bu məsələyə
konkret münasibət bildirilməsini təklif etdi.
Cari məsələlərin
müzakirəsi zamanı Milli Məclisin rəhbərliyi tərəfindən
məscidlərlə bağlı səslənən fikirlərə
də münasibət bildirildi. Həm spiker Oqtay Əsədov,
həm Milli Məclis Sədrinin müavini Bahar Muradova qeyd etdilər
ki, Azərbycanda din sahəsində mükəmməl dövlət
siyasəti həyata keçirilir, məscidlər əsaslı
bərpa olunur və yeniləri inşa edilir. Amma bütün
bunları demədən, bir məscidin təmiri ilə
bağlı müvəqqəti bağlanmasına görə
dindarları ajiotaja salacaq çıxışlar etməyə
ehtiyac yoxdur.
Deputat Əli Əhmədov
isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarından
narahatlığını ifadə etdi. Konkret olaraq Minsk
qrupunun Fransadan olan həmsədrinin bu günlərdə
verdiyi bəyanata toxunan Əli Əhmədov dedi ki,
Dağlıq Qarabağ münaqişəsinin həlli və
Türkiyə-Ermənistan sərhədlərinin
açılması bir-birinə bağlı olan məsələlərdir
və bu, bütün cəmiyyətin mövqeyidir. Bu
mövqeyə qarşı çıxmaq vasitəçilik
missiyasına sığışmayan bir hərəkətdir. Əli
Əhmədov təklif etdi ki, deputatlar Minsk qrupu həmsədrlərini
münaqişəni nizamlama məntiqinə uyğun gəlməyən
mövqedən çəkinməyə
çağırsınlar.
Sonra gündəlikdəki
məsələlərin müzakirəsi başlandı. Milli
Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov
"Xəzər dənizinin Azərbaycan sektorunda
"Abşeron" Dəniz Blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,
"Total E&P Abşeron Bi.Vi" və ARDNŞ-in Ortaq Neft
Şirkəti arasında Sazişin qəbul və təsdiq
edilməsi, həyata keçirilməsinə icazə verilməsi
barədə" qanun layihəsini müzakirəyə təqdim
etdi. Layihə barədə məlumat verən Valeh Ələsgərov
dedi ki, "Abşeron" Dəniz Blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında ilk saziş "Şevron", "Total" və
ARDNŞ-in Ortaq Neft Şirkəti tərəfindən 1997-ci
ildə imzalanıb və həmin ilin sonunda qüvvəyə
minib. Sonrakı illərdə sazişə əsasən blokda
dərinliyi 6500 metrdən artıq olan kəşfiyyat quyusu
qazılıb. Amma alınan məlumatlar əsasında sonradan
podratçı şirkətlər kəşfiyyat işlərinin
dayandırılması və sazişə xitam verilməsi barədə
razılığa gəliblər. 2003-cü ildə sazişə xitam verilib.
Aradan bir müddət
ötdükdən sonra "Total" şirkəti yenidən
"Abşeron" Dəniz Blokunda kəşfiyyat işlərinin
aparılması qərarına gəlib və bu barədə
ARDNŞ-ə təkliflə müraciət edib. Azərbaycan
Respublikası Pezidentinin "Azərbaycan sektorunda "Abşeron"
Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında" 2008-ci il 17
noyabr tarixli sərəncamına uyğun olaraq 2009-cu il
fevralın 27-də Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti ilə "Total E&P Abşeron Bi.Vi" və
ARDNŞ-in Ortaq Neft Şirkəti arasında saziş
bağlanmışdır.
Sazişə əsasən
bu işdə ARDNŞ 40, "Total" isə 60 faiz paya sahib
olacaq. Tərəflərin ödəlikləri onların
sazişdəki payı ilə müəyyən ediləcək.
Sazişə görə, kontrakt sahəsində karbohidrogen
ehtiyatları müəyyən edilməsə və ya müəyyən
edilmiş karbohidrogen ehtiyatları kommersiya və ticari əhəmiyyətli
olmasa, podratçının hər hansı məsrəfi
ödənilməyəcək.
Müzakirələr
zamanı deputatlardan Mübariz Qurbanlı, İlyas
İsmayılov və Xanhüseyn Kazımlı bu sazişin
ölkəmizin milli maraqlarına cavab verdiyini qeyd etdilər.
Valeh Ələsgərov
deputatları maraqlandıran məsələlərə
aydınlıq gətirdikdən sonra sazişin təsdiq edilməsi
və həyata keçirilməsinə icazə verilməsi
barədə qanun layihəsi qəbul olundu.
Bundan sonra Valeh Ələsgərov
"Azərbaycan Respublikasında Kürovdağ
yatağının daxil olduğu blokun bərpası, işlənməsi
və hasilatın pay bölgüsü haqqında Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti, "Qlobal Enerji
Azərbaycan Limited" və ARDNŞ-in Ortaq Neft Şirkəti
arasında sazişin qəbul və təsdiq edilməsi, həyata
keçirilməsinə icazə verilməsi barədə"
qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki,
Azərbaycan Respublikası Pezidentinin "Azərbaycan
Respublikasında Kürovdağ yatağının daxil
olduğu blokun bərpası, işlənməsi və
hasilatın pay bölgüsü haqqında" 2008-ci il 17
noyabr tarixli sərəncamına uyğun olaraq 2009-cu il
fevralın 3-də Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti ilə "Qlobal Enerji Azərbaycan
Limited" və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında
saziş bağlanmışdır.
Layihə barədə məlumat verən Valeh Ələsgərov dedi ki, Kürovdağ yatağı 1955-ci ildə aşkar edilib. İndiyədək bu yataqda 1151 quyu qazılıb. Bunun özü yatağın nə qədər mürəkkəb olduğunu göstərir. İstismara başladığı vaxtdan yataqdan 39 milyon tona yaxın neft hasil edilib. Valeh Ələsgərov sazişin şərtləri, şirkətlərin payı və digər məsələlər barədə ətraflı məlumat verdikdən sonra qanun layihəsi təsdiq edildi.
Qısa fasilədən sonra Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Respublikasında Neftçala, Xıllı, Durovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının Cənub-Qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatn pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Neftçala İnvestments Limited" və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təqdim etdi. Komitə sədri bildirdi ki, Dövlət Neft Şirkəti ilə "Neftçala İnvestments Limited" və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında saziş 2009-cu il fevralın 3-də imzalanmışdır.
Komitə sədri qeyd etdi ki, tərəflər sazişdən irəli gələn məsələləri həll etməlidirlər. Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş və ya sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilir. Deputatlar layihənin qəbuluna müsbət münasibət bildirdilər.
Sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, qanun ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verəcəkdir.
Komitə sədrinin sözlərinə görə, 1997-ci ildə qəbul edilmiş "Bədən tərbiyəsi və idman haqqında" qanun müasir tələblərə cavab vermirdi və ötən müddət ərzində bu sahədə çox böyük irəliləyişlər olmuşdur. Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanın inkişafında da böyük uğurların əldə edildiyini deyən komitə sədri Hadi Rəcəbli yeni qanunun ən müasir tələblər səviyyəsində hazırlandığını diqqətə çatdırdı. Layihə hazırlanarkən Polşa, Çin, MDB PA-nın model qanunlarına nəzər salınmışdır. 11 fəsil 66 maddədən ibarət olan qanun layihəsində bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri, vətəndaşların hüquqları, yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, olimpiya hərəkatı, beynəlxalq əməkdaşlıq məsələləri geniş əhatə olunmuşdur.
Qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev bildirdi ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində son illər böyük işlər həyata keçirilir. İdmançılarımızın beynəlxalq miqyaslı yarışlarda qələbələr qazanması ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Deputat qanun layihəsində bədən tərbiyəsi və idman sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin konkret göstərilməsini təqdir etdi.
Deputat Ağacan Abıyev Azərbaycan idmançılarının dünya, Avropa miqyaslı yarışlarda qazandıqları uğurları ölkəmizdə aparılan məqsədyönlü idman siyasətinin məntiqi nəticəsi hesab etdi. İdmançılarımızın Pekində keçirilən olimpiya və paralimpiya oyunlarında əldə etdikləri yüksək nəticələr bunun əyani təsdiqidir. Deputat qanun layihəsində idman növlərinin qaydaları, məşqçilərin hüquq və vəzifələri, idman qurğuları barəsində ətraflı məlumatlar verilməsini yüksək qiymətləndirdi.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qanun layihəsi hazırlanarkən beynəlxalq qanunvericiliyə istinad edilməsini müsbət dəyərləndirdi, bununla yanaşı, layihənin əsas anlayışlar hissəsində dəqiqləşdirmələr aparılmasını da zəruri saydı.
Deputatlar "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsini birinci oxunuşda qəbul etdilər.
Azərbaycan.- 2009.- 23 may.- S. 3.