Şəmkir çayı üzərində
inşa ediləcək
dəryaçanın təməlqoyma
mərasimi olmuşdur
Prezident İlham Əliyev Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısına su anbarının suvarma sxemi, bu dəryaçanın bəndinin baş planı və iqtisadi göstəriciləri barədə məlumat verildi.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Şəmkirçay su anbarı aqrar islahatlara əsaslı töhfə verəcəkdir. Bu, son illərdə respublikamızda reallaşdırılan ən mühüm layihələrdən biridir. Həmin dəryaçanın tikintisini ulu öndər Heydər Əliyev bu bölgə üçün çox vacib hesab edirdi. Layihə Şəmkirçayın keçdiyi Qaraqoç adlanan ərazidə, Seyfəli yaşayış məntəqəsinin yuxarı hissəsində reallaşdırılacaqdır. Su anbarı ilə yanaşı, burada su elektrik stansiyası, əsas kanal, qidalandırıcı kanal, sol və sağ sahil kanalları inşa olunacaqdır. Layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50 min 122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 20 min 834 hektar yeni sahənin suvarılması mümkün olacaqdır.
Su anbarının ümumi tutumu 160 milyon kubmetr, faydalı iş həcmi 135 milyon kubmetr, illik orta su axını 260 milyon kubmetr olacaqdır. Anbarın su səthinin sahəsi 504 hektara, suyun maksimal dərinliyi 122 metrə çatacaqdır. Hidrotexniki qurğunun üstdən uzunluğu 692 metr, eni 12 metr təşkil edəcəkdir. Təkcə bənd və bənd qovşağında 21 milyon kubmetrdən çox torpaq işi, 85 min kubmetr beton və daş-beton işləri görüləcək, tikintidə 7 min tondan çox metal konstruksiya və armaturdan istifadə olunacaqdır.
Altı aqreqatın quraşdırılacağı su elektrik stansiyasının illik enerji hasilatı 56 milyon kilovat/saat təşkil edəcəkdir. Tikintinin layihəsini yerli və türkiyəli mütəxəssislər hazırlamışlar. İnşaat işlərini isə Türkiyə şirkəti həyata keçirəcəkdir.
Məlumat verildi ki, layihə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən ekspertiza edilmiş və müsbət rəy verilmişdir. Bu su anbarının inşası ətraf rayonların suvarma sisteminin yenidən qurulmasına və əsaslı şəkildə inkişafına imkan yaradacaqdır. Nəticədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və məhsuldarlığın xeyli artırılması üçün əlavə imkanlar yaranacaqdır.
Layihə çərçivəsində bənd qovşağında nəqledici, enerji və qəza zamanı suburaxıcı tunellər də inşa olunacaqdır. Ən müasir standartlar səviyyəsində inşa ediləcək Şəmkirçay əsas kanalında suyun nəqli saniyədə 28 kubmetrə çatacaqdır. Uzunluğu 12 kilometr olan bu kanalın 7,8 kilometrlik hissəsi tuneldən ibarət olacaqdır. Qidalandırıcı kanal da mühüm hidrotexniki qurğulardandır. Uzunluğu 16 kilometrdən çox olan həmin kanalın keçdiyi ərazidə 7 min 706 hektar sahənin suvarılması asanlaşacaqdır. Sol sahil kanalı isə 14 min 253 hektar sahənin suvarılmasına imkan yaradacaqdır. Şəmkirçayın sağ sahilindəki 5547 hektar sahənin suvarılması sağ sahil kanalı vasitəsilə həyata keçiriləcəkdir. Layihə hazırlanarkən sel və daşqın təhlükəsi də nəzərə alınmışdır. Bu məqsədlə qəza suaxıdıcı tuneli inşa ediləcəkdir. Çayda güclü daşqın baş verərsə, qəza tuneli ilə saniyədə 697 kubmetr su bəndin aşağı hissəsinə ötürüləcəkdir.
Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı özülə buraxıldı.
Dövlətimizin başçısı yüksəklikdən tikinti meydançasını seyr etdi.
Prezident İlham Əliyevə tikinti meydançasında işçilərin səmərəli fəaliyyəti, qidalanmaları və mənalı istirahətləri üçün yaradılan şərait barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, bütün bunlar beynəlxalq standartlara tam uyğundur.
Dövlətimizin başçısı layihə ilə bağlı fikirlərini bildirdi, tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.4.