Şəmkir Olimpiya İdman Kompleksinin açılışı

 

Mayın 25-də Şəmkir Olimpiya İdman Kompleksinin açılış mərasimi olmuşdur.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, idmançılar dövlətimizin başçısını mehribanlıqla, hərarətli alqışlarla qarşıladılar.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə yaxından tanış oldu.

Məlumat verildi ki, tikintisi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bu kompleksin təməli 2006-cı il noyabrın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Obyektin layihəsini Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Azərinşaatlayihə" İnstitutu hazırlamışdır.

Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 682 tamaşaçı tutan zalda elektron tablo quraşdırılmışdır. Burada digər idman növləri üçün də meydançalar vardır. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilmişdir. Əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası vardır.

Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılmışdır.

Ərazidə geniş və yaraşıqlı istirahət parkı salınmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Dövlətimizin başçısı kompleksdə gənc idmançıların çıxışlarını, onların fiziki hazırlıq səviyyəsini izlədi.

 

* * *

 

 Sonra Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşdü.

Şəmkir güləş məktəbinin direktoru Mikayıl SADİQOV rayon sakinlərinin minnətdarlığını çatdıraraq dedı:

- Cənab Prezident, icazə verin Sizi bütün şəmkirlilər adından salamlayım və Şəmkirə "Xoş gəlmisiniz!" deyim.

Möhtərəm Prezident, şəmkirlilər bu günü çox səbirsizliklə gözləyirdilər. Çünki iki il bundan əvvəl Siz burada Olimpiya İdman Kompleksinin təməlini qoyanda çıxış edərək söz verdiniz ki, mən bu kompleksin açılışında şəxsən iştirak edəcəyəm. Sözünüzə əməl edib Şəmkirə gələrək olimpiya kompleksinin açılışında iştirak etdiyinizə görə Sizə bütün şəmkirlilər adından təşəkkürümüzü bildiririk.

Cənab Prezident, bu gün açılışını etdiyimiz Şəmkir Olimpiya İdman Kompleksi Sizin idmançılara hədiyyə etdiyiniz 19-cu olimpiya kompleksidir və tikilməkdə olan, yaxın vaxtlarda istifadəyə veriləcək kompleksləri də bunun üstünə əlavə etsək, onda bunların sayı 35-ə çatacaqdır. İnkişaf etmiş heç bir Avropa ölkəsində qısa müddət ərzində bu qədər idman obyektləri tikilib istifadəyə verilməmişdir.

Tikilən hər bir idman obyekti gənc nəslin, idmançıların, gənclərin sağlam böyüməsinə xidmət edir. Bunun üçün çəkdiyiniz zəhmətə görə Azərbaycan xalqı kimi, Şəmkir camaatı da Sizi ürəkdən salamlayır.

İndi dünya xalqları Azərbaycanı idman xarüqələri yaradan bir ölkə kimi tanıyır, çempionlar diyarı kimi tanıyır. Axırıncı Pekin Olimpiadasından başlayaraq, üzü bəri Azərbaycan idmançıları hansı bir mötəbər yarışlarda iştirak ediblərsə, həmişə Vətənimizə əlidolu qayıdıblar. Pekin Olimpiadasında idmançıların qazandığı böyük qələbələr və Sizin orada qürur hissi ilə ayağa qalxaraq idmançılarımızı salamlamağınız biz idmançıların və gənclərin hamısına böyük ruh gətirmişdir.

Buna görə də Sizin çəkdiyiniz zəhmət hədər getmir və çempionlarımızın sayı günbəgün çoxalır. Cənab Prezident, bu il güləş ili olub. Güləşçilərimiz ikinci dəfə dünya kubokunu Bakıya gətirdilər. Az sonra isə Pribaltika ölkələrində güləşçilərimiz misli görünməmiş qələbələr qazandılar. Belə ki, komanda heyətinə daxil olan 7 idmançıdan 6-sı Vətənə medalla qayıtdı və eyni zamanda, onların 4-ü qələbə kürsüsünün ən yüksək pilləsinə qalxdı. Onlar Azərbaycanın dövlət himnini dörd dəfə səsləndirərək bayrağımızı bütün bayraqlardan uca tutdular.

Cənab Prezident, bu uğurlar Sizin çəkdiyiniz zəhmətin göstərdiyiniz diqqət və qayğının bəhrələridir. Eyni zamanda, dünya idman federasiyaları öz yarışlarını, çempionatlarını və birinciliklərini Azərbaycanda keçirməyə məmnuniyyətlə razılıq verirlər. Çünki Azərbaycanda idmana dövlət qayğısı vardır. Azərbaycanın hər bir mötəbər yarışı keçirmək üçün böyük mədəniyyəti var, yarış keçirmə mədəniyyəti var, gözəl qonaqpərvərliyi var, eyni zamanda, Azərbaycanın hazırda çoxlu adlı-sanlı, ulduz idmançıları var.

Hörmətli Prezident, mən həyatımın 35 ilini idmana sərf etmişəm, gənc nəslin yetişməsinə həsr etmişəm. Dünya idmanında Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Şəmkir idmançılarının da azacıq da olsa payı var. Eyni zamanda, yetirmələrimdən İlqar Abdullayev, Saday İsmayılov, Rafael Qurbanov, Elçin Həsənov müxtəlif illərdə yeniyetmə və gənclər arasında dünya və Avropa birinciliklərinin mükafatçıları olmuşlar. Şahmatçımız Qədir Hüseynov, boksçumuz Aslan Bayramov müxtəlif illərdə yığma komandanın tərkibində dünya və Avropa birinciliklərinin mükafatçısı və qalibləri olmuşlar.

Mən onu da qeyd etmək istəyirəm ki, Azərbaycan səhiyyəsinin, təhsilinin, idmanının inkişafında Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Gimnastlarımız bu il Bakıda keçirilən Avropa çempionatında gözəl çıxış etdilər. Baxmayaraq ki, bu idman növü respublikamızda yenidir, gimnastlarımız dünya və Avropa birinciliklərində, eyni zamanda, olimpiadada gözəl çıxış etdilər və qazandıqları 3 medal və ümumi komanda hesabında ikinci yerə çıxmaları bizi sevindirdi. Bu qələbə münasibətilə Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik.

Cənab Prezident, mən Sizi əmin edirəm ki, bu gün açılışını etdiyiniz Şəmkir Olimpiya İdman Kompleksinə gənclərin böyük axını olacaqdır. Şəmkir idmançılar şəhəridir. Mən Sizi əmin edirəm ki, yaxın gələcəkdə Şəmkirdə, bax, bu idman zalında şəmkirli gənclər qısa müddət ərzində idmanın müxtəlif bölmələrində idmanla məşğul olub, öz ustalıqlarını artırıb, tezliklə Azərbaycan yığma komandasının tərkibində dünya birinciliklərində, Avropa birinciliyində bayrağımızı yüksəklərə qaldıracaqlar. Buna əmin ola bilərsiniz.

Mən Sizə şəmkirlilər adından bir daha uzun ömür, cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- Çox sağ olun, təşəkkür edirəm. Sizi gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.

İki il yarım bundan əvvəl, bax, bu yerdə, - bura boş bir yer idi, - təməl daşını bərabər qoyduq. Düz deyirsiniz, o vaxt demişdim ki, açılışında özüm gəlib iştirak edəcəyəm və bu gün çox böyük məmnuniyyət hissi ilə bu gözəl binanın qarşısında sizinlə görüşürük.

Doğrudan da, bu, Şəmkirə, şəmkirlilərə gözəl hədiyyədir və burada idmanla məşğul olmaq üçün gözəl şərait var. Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün gözəl imkanlar var - üzgüçülük hovuzu, açıq meydançalar, tennis, basketbol, futbol, voleybol zalı. Yəni, bura bir idman və gənclər mərkəzidir. Şəhərə də əlavə yaraşıq verir. Bu gözəl bina şəhərin girişində yerləşir. Əzəmətli binadır və burada ən müasir standartlar tətbiq olunubdur, gözəl memarlıq abidəsidir. Həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Mən əminəm ki, burada uşaqlar, gənc nəsil, idmançılar məşğul olacaqlar, öz peşəkarlığını artıracaqlar. Eyni zamanda, Şəmkir sakinləri üçün də burada yaxşı şərait var.

O ki qaldı, idmanın ümumi inkişafına, Azərbaycan idman dövlətidir. Bunu təkcə biz yox, bütün dünyanın idman aləmi deyir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, qeyd etdiyiniz güləş üzrə Avropa çempionatında, dünya kubokunda uğurlarımız deməyə əsas verir ki, Azərbaycan dünya miqyasında birincilər sırasındadır. Həm yeniyetmələr, həm uşaqlar, həm də ki, peşəkar idmançılarımız çox böyük istedada malikdir. Şəmkirdə də ənənəvi olaraq həmişə gözəl idmançılar olub. Bu gün idmanla məşğul olmaq üçün ən gözəl şərait də var. Mən çox istəyirəm ki, uşaqlar bu idman bölmələrinə - burada idman bölmələri təşkil edilsin, - gəlib idmanla məşğul olsunlar. Bu, həm ölkəmizin idman şöhrətinin ucaldılması üçün, həm də ki, hər bir gəncin sağlamlığı üçün, vətənpərvərlik ruhunda böyüməsi üçün çox lazımdır. Azərbaycanda idman artıq çox geniş yayılır, hər yerdə idman kompleksləri tikilir. Bu, uzunmüddətli proqramdır. Biz bütün yerlərdə, bütün şəhərlərdə gözəl idman infrastrukturu yaradırıq. Şəmkirdə bu gözəl idman kompleksi, deyə bilərəm ki, Azərbaycanda tikilmiş komplekslər içində birinci yerlərdədir.

Bizim böyük planlarımız var. Azərbaycanda indi müxtəlif beynəlxalq yarışlar keçirilir. Hətta biz Olimpiya oyunlarını Azərbaycanda keçirmək istədik. Ancaq bizim birinci müraciətimiz hələ ki, cavabsız qaldı. O da təbiidir. Dünyada elə hal olmayıb ki, ilk dəfə hansısa ölkə müraciət etsin və Olimpiya oyunlarını keçirməyə müvəffəq olsun. Amma bizim müraciətimiz onu göstərir ki, biz buna qadirik. Həm ölkənin iqtisadi inkişaf baxımından, həm də idman infrastrukturunun mövcudluğu baxımından buna qadirik. Azərbaycanda istənilən idman yarışı keçirilə bilər.

Ona görə mən bu gün idmançılara uğurlar və yeni qələbələr arzulayıram. Yəni, gənc nəsil sizə - bizim qəhrəman idmançılara, oxşamalıdır. Yaxşı nümunələr var, Şəmkirin yetirməsi Mövlud Mirəliyev də Pekin Olimpiya oyunlarında çox böyük nailiyyət göstərib.

Şəmkirin ümumi inkişafı da çox ürəkaçandır. Burada gözəl işlər görülüb, yeni müəssisələr, iş yerləri açılır, şəhər abadlaşır. Bu gün bura gəlməzdən əvvəl Şəmkirçay su anbarının təməl daşını qoyduq. Böyük bir layihədir. Bu layihə hələ Sovet İttifaqı zamanında dəfələrlə beşillik plana salınırdı, çıxarılırdı. Ona görə ki, vəsait yox idi. Son bir neçə il ərzində bu layihə üzərində biz çox ciddi işlədik. Düzdür, çox böyük vəsait tələb edir. İlkin hesablamalara görə, haradasa, 400 milyon manat dəyərində investisiya qoyulacaqdır. Amma biz qərara gəldik ki, bunu etməliyik. Çünki bu, bölgə üçün lazımdır. On minlərlə hektar torpaq suvarılacaqdır. Minlərlə insan işlə təmin olunacaqdır. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu tikinti zamanı yüzlərlə, minlərlə insan burada işləyəcəklər, özləri üçün iş yerləri tapacaqlar. Yəni, bu investisiya bütün rayon infrastrukturuna öz müsbət təsirini göstərəcəkdir. Ən önəmlisi isə kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir. Biz ərzaq təhlükəsizliyini təmin etmişik. Bu gün yeni sahələrin işə salınması, suvarma məsələlərinin həlli əlbəttə ki, Azərbaycanı ərzaq təhlükəsizliyi baxımından çox gücləndirəcəkdir. Bizim ərzaq məhsullarımız ixrac edilir, yaxın zamanlarda daha da geniş həcmdə ixrac ediləcəkdir.

Bu gün, eyni zamanda, qonşu rayonlarda da olmuşuq. Göygöldə yeni böyük xəstəxananın açılışında iştirak etdik, Şəmkirçay su anbarı, yeni şərab zavodu, Gəncədə yeni obyektlərin yaradılması ilə tanış oldum. Sabah Gədəbəy rayonunda Azərbaycan üçün yeni bir sənaye sahəsi açılır, qızıl sənayesi. Ora böyük investisiyalar qoyulur. Yəni, bu zonanın bütünlükdə inkişafı üçün çox gözəl şərait var, gözəl işlər də görülüb. Bütün görülən işlər münasibətilə mən sizi təbrik edirəm. Şəmkirlilərin bu işlərdə çox böyük əməyi olub, böyük fədakarlığı olub və həmişə mən də çalışacağam ki, rayon üçün önəmli olan problemləri birlikdə həll edək.

SAKİNLƏR: Yaşasın İlham Əliyev!

 

* * *

 

Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.4.