Moskvada ümummilli
lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr
olunmuş mini-futbol üzrə turnir keçirilmişdir
"Lujniki" Olimpiya Kompleksində Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş mini-futbol turniri keçirilmişdir. "Heydər Əliyev kuboku" uğrunda turnir Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilmişdir.
Kubokun təqdim olunması ilə əlaqədar keçirilmiş təntənəli mərasimi Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Baxış Zeynalov açaraq, turnir iştirakçılarını yarışların uğurla başa çatması münasibətilə təbrik etmişdir.
16 komandanın iştirakı ilə mayın 23-24-də keçirilmiş yarışların qalibi Moskva Dövlət Sosial-Humanitar İnstitutunun (MDSHİ) komandası olmuşdur. Komandaya qızıl medalları turnirin final oyunlarına tamaşa edən RAGT-ın sədri Leyla Əliyeva təqdim etmişdir. Leyla Əliyeva "Heydər Əliyev kuboku"nu MDSHİ komandasının kapitanı, ali məktəbin rektoru Vaqif Bayramova təqdim etmişdir.
İkinci yeri RF Maliyyə Nazirliyinin Ümumrusiya Dövlət Vergi Akademiyasının komandası tutmuşdur. Komandanın üzvlərinə medallar Rusiyanın məşhur futbolçusu Stanislav Çerçesov tərəfindən təqdim olunmuşdur.
Turnirin bürünc mükafatçılarına - Rusiya Dövlət Ticarət-İqtisadi Universitetinin və Moskva Açıq Universitetinin komandalarına medalları ölkəmizin Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova təqdim etmişdir.
Mini-futbol üzrə turnirin ən yaxşı
oyunçularına həvəsləndirici mükafatlar
verilmişdir. "Ən yaxşı
qapıçı" Rufit Heybətov, "Ən
yaxşı hücumçu" Vaqif Bayramov, "Ən
yaxşı oyunçu" isə Namiq Musayev hesab
edilmişdir.
Azərbaycan.-2009.-26 may.-S.5.