Tanınmış biznesmen Araz Ağalarova İtaliyanın ali mükafatı təqdim edilmişdir

 

Tanınmış Rusiya biznesmeni, Crocus Grupun prezidenti Araz Ağalarov İtaliyanın ali mükafatı ilə təltif olunmuşdur. İtaliyanın Rusiyadakı səfiri Klaudio Vittorio Surdo öz iqamətgahında ölkəsinin ali mükafatını - "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordenini Araz Ağalarova təqdim etmişdir.

Araz Ağalarov bu mükafata Rusiya ilə İtaliya arasında iqtisadi münasibətlərə əhəmiyyətli töhfələr verdiyi üçün layiq görülmüşdür. Orden şurasının başçısı İtaliya Prezidentidir. Müxtəlif illərdə həmin mükafata Rusiyanın birinci Prezidenti Boris Yeltsin, biznesmen Vahid Ələkbərov, rejissor Nikita Mixalkov başqaları layiq görülmüşlər.

İtaliya səfiri mükafatı təqdim edərək iki ölkə arasında münasibətlərin möhkəmlənməsində həmvətənimizin xüsusi rolunu vurğulamışdır. Səfirə minnətdarlığını bildirən A.Ağalarov demişdir ki, İtaliya şirkətləri ilə işlədiyi 20 il ərzində tərəflər arasında heç bir narazılıq olmamışdır görünür, o, "komandor" adına davamlı tarixi olan bu nadir münasibətlər sayəsində layiq görülmüşdür.

Təntənəli mərasimdə A.Ağalarovun ailə üzvləri, o cümlədən gəlini Leyla Əliyeva, Rusiya hökumətinin nümayəndələri, deputatlar, mədəniyyət incəsənət xadimləri, biznesmenlər iştirak etmişlər.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2009.-26 may.-S.5.