Ədəbiyyatın solmayan çiçəkləri

 

Parlaq yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbi prosesinin ön sıralarında şərəflə addımlayan xalq yazıçısı İlyas Əfəndiyev həm də görkəmli dramaturq kimi fəaliyyət göstərərək teatr sənətinin inkişafında özünəməxsus xidmətin, cəfakeşliyin sahibi idi. Böyük yazıçının yaradıcılığını ümummilli lider Heydər Əliyev yüksək dəyərləndirirdi. Həmişə Milli Dram Teatrında səhnə təcəssümü tapan əsərlərinin premyeralarında iştirak edər, öz fikirlərini bildirərdi. Belə tarixi görüşlərin birində ulu öndər demişdir: "İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir. Xalqımıza, mədəniyyətimizə, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdırE İlyas Əfəndiyevin əsərləri də, özü də həmişə xalqın qəlbində yaşayacaqdır".

Biz nəsil oxucuların fikir və duyğularında, həyata və insanlara münasibətində bir yazıçı kimi İlyas Əfəndiyevin özünəməxsus rolu olub. Kitabın çox oxunduğu, daha dəqiq desək, dəbdə olduğu vaxtlarda İlyas Əfəndiyevlə bərabər, bir çox yazıçı var idi. Amma bu, bir həqiqətdir ki, biz Mirzə İbrahimovun, İlyas Əfəndiyevin romanlarını oxumağı daha çox sevirdik. Hələ sovet imperiyası illərində müasirləri ilə müqayisədə İlyas Əfəndiyevin nəsrində ənənəvi mövzular - deyək ki, inqilabçılıq, təpədən-dırnağa üsyankar, hər şeyə asi, təkəbbürlü, ötənlərə arxa çevirən, dinsiz-imansız, yalançı müsbət qəhrəmanlar gözə dəymirdilər. İlyas Əfəndiyev nəsrimizə insan qəlbinin ən zərif nöqtələrinə təsir edəcək nəfəs gətirmişdir. Məhəbbət, dostluq, fədakarlıq, sevgi və nəhayət, ağayanalıq, böyüklük, müdriklik. İnana bilmirəm ki, o illərdə "Söyüdlü arx"ı, "Körpüsalanlar"ı, "Dağlar arxasında üç dost"u, "Sarıköynəklə Valehin nağılı"nı, "Geriyə baxma qoca"nı, "Üçatılan" kimi romanları oxuyaraq içindən keçirən oxucu həyatda o əsərlərdən gələn ideyaları, gerçəklikləri axtarmamış olsun. İlyas Əfəndiyev qəhrəmanlarının qəribə təsiretmə xüsusiyyətləri var. Yəqin ki, bu fikirlə çoxu razılaşar. Biz ətrafımızda olan insanlara müəllifin arzularından doğan bir istəklə baxırdıq. Bizi insanın insanlığı düşündürürdü. İlyas Əfəndiyev yaradıcılığının bu tərbiyəvi xüsusiyyəti böyük bir məktəb idi. Bu səbəbdən də çoxları yazıçının qəhrəmanına oxşamağı özünə həyat idealı seçirdi. Bu, gözəl bir nümunə idi. Təəssüf ki, belə nümunələrə maraq indi çox azalıb. Bunun bir neçə səbəbi var: bir tərəfdən gənclərin bədii mütaliəyə meyli yoxdur, digər tərəfdən də belə yazıçıların təbliğatı zəif qurulur. Halbuki telekanallarda elə şit, zəif əsərlərə çəkilmiş filmlər, süjetlər nümayiş etdirilir ki, bunun da insan əxlaqına, tərbiyəsinə, xüsusilə də gənclərin düzgün formalaşmasına mənfi təsirdən başqa heç bir əhəmiyyəti yoxdur.

Unudulmaz yazıçı Mirzə İbrahimov yazırdı: "Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstandırsa, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir". Bu qiymətli fikirlərdən bəhrələnərək cəsarətlə demək olar ki, ədəbiyyat gülüstanımızın solmayan çiçəklərdən müəyyən qisminin də bağbanı məhz İlyas Əfəndiyevdir. Bu, bir həqiqətdir ki, sağlığında unudulan, ölən əsərlərin müəllifi olanlar həmişə var. Amma əbədi ayrılığın uzun məsafəsi İlyas Əfəndiyevi öz oxucularından, onu sevənlərdən uzaqlaşdıra bilməyib. Əksinə, İlyas Əfəndiyev həmişə bizimlədir. Xalq yazıçımız elə mövzular seçib, elə əsərlərə imza atıb ki, onun unudulması mümkünsüzdür.

Onu hamı sevirdi. Qələm dostları da, musiqiçilər də, sadə insanlar da. Bəzi fikirləri araşdırarkən maraqlı düşüncə və münasibətlərin şahidi oluruq. Tənqidçi elə düşünüb ki, İlyas Əfəndiyev heç kimə bənzəməyən yazıçıdır. Şairə elə gəlib ki, İlyas müəllim sadəcə misraları yan-yana düzərək onu qəsdən nəsrə çevirib. Səid Rüstəmova görə, İlyas Əfəndiyev "bəstəkar qəlbli sənətkar" idi. Rəssamlar isə xalq yazıçısını sözlə nəhəng tablolar yaradan ustad hesab edirdilər. Xalq yazıçısı Süleyman Rəhimov yazırdı: "İlyas Əfəndiyevin yaradıcılığı istedadlı nasirlə mahir dramaturqu birləşdirib". Bunun da nəticəsində meydana nəhəng əsərlər çıxıb. Sənətşünaslar isə Akademik Milli Dram Teatrının ötən əsrdəki son 50 ilini İlyas Əfəndiyevsiz təsəvvür edə bilmirlər.

Öz sələflərinin ənənəsini zənginləşdirən İlyas Əfəndiyev Azərbaycan teatrının repertuar ağırlığını çiyinlərinə götürərək onu yarım əsrə yaxın bir zaman kəsiyində ləyaqətlə başa vurdu. Azərbaycan teatrına gətirdiyi uğurları araşdırarkən bir neçə önəmli faktın şahidi olursan. Birinci növbədə, İlyas Əfəndiyev öz məktəbini yarada bilmişdi. Azərbaycanın bir qrup aktyor nəslinin yetişməsində, kamilləşməsində ədibin dramaturgiyasının özünəməxsus xidməti olub. O, Azərbaycan səhnəsinə yeni poetik düşüncə, nəfəs və həyat gətirdi. Aktyorlar texniki cizgilərdən xilas edildilər. Ötən əsrdə Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin 20-dən artıq əsəri tamaşaya qoyulub. Bu tamaşalar ayrı-ayrı insanların, fərdlərin, tamaşaçılıarın əxlaqına, mənəviyyatına deyil, böyük bir nəslin dünyagörüşünə müsbət təsir edib. Hətta çoxu etiraf edir ki, onun həyat yolunun müəyyənləşməsində, daxilən dəyişməsində, bəlkə də mübarizə apara bilməsində, ləyaqətlə yaşamasında ədibin böyük xidməti olub.

Sovet dövründə səhnə həyatı almış "Billur sarayda" əsəri yəqin ki, çoxlarının xatirəsindən silinməyib. İlyas Əfəndiyev yeganə yazıçı idi ki, sovet quruluşunun sərt qanunlarının tüğyan etdiyi zamanda onun daxili ziddiyyətlərini, bəzi məmurların meşşanlığını, mənəviyyatla mənəviyyatsızlığın üz-üzə dayandığını açıb göstərirdi. Ömrü boyu ürəyinin diktəsi ilə yazıb-yaradan, həyat gerçəkliklərini, reallıqlarını ədəbiyyata gətirib ona bədii don geydirən İlyas Əfəndiyev həmişə insan taleyini düşünərək oxucunun qəlbindən xəbər verən mövzulara toxunmuş, dövrün ağrı-acılarını, yaşantılarını, problem və qayğılarını təfəkkürünün işığı, qələminin gücü ilə canlandırmağa çalışmışdır. Səhnə həyatı almış əsərləri bir tərəfdən əgər aktyorların yetişməsinə xidmət edirdisə, digər tərəfdən də rejissorların, bəstəkarların kamilləşməsində öz qüdrətini göstərirdi. Müəllifin bütün əsərlərində saflığa, mənəvi təmizliyə bir çağırış var idi. Bu çağırışın köklərində isə həyatın ağır sınağından qalib çıxmış İlyas Əfəndiyev müdrikliyi diqqət çəkirdi.

Unudulmaz nasirin dram əsərləri teatr sənətimizin incilərindən sayılır. "Unuda bilmirəm", "Sən həmişə mənimləsən", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Xurşud Banu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Billur sarayda" və başqa dramlarının hər birində həyatın öz rəngləri duyulur. "Hökmdar və qızı" pyesini səhnədə görmək İlyas Əfəndiyevə nəsib olmasa da, onun ideya və arzularının bir daha yaşadığını sübuta yetirdi. Teatrla yanaşı, kinofilmlərə, teletamaşalara köçürülmüş əsərlərində də İlyas Əfəndiyev həyata sadiqliyini, ideya və arzularını çox ustalıqla tamaşaçıya çatdıra bilmişdir.

1996-cı ildə İlyas Əfəndiyev dünyasını dəyişdi. Onun fəth etdiyi zirvəyə kimsə ucala bilmədi. Ölkə başçısı İlham Əliyevin 24 may 2004-cü ildə imzaladığı sərəncama əsasən, İlyas Əfəndiyevin anadan olmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə respublikada fəaliyyət göstərən dövlət teatrlarının əksəriyyəti demək olar ki, yenidən görkəmli yazıçının əsərlərinə müraciət etdi. Bunun da nəticəsində birdən-birə teatrlarda bir dirçəliş yarandı. Tamaşaçılar "nəhayət ki..." söylədilər. Teatr mühitinə yenidən cazibədarlıq gətirən İlyas Əfəndiyevin dramaturgiyasında aktyor və aktrisa öz istedadının, daxili potensialının nəyə qadir olduğunu nümayiş etdirmək imkanı qazandı. İlyas Əfəndiyevin pyeslərində sənətkara kömək edən məqam çoxdur. Rejissor Mərahim Fərzəlibəyova məxsus fikirdir: "Mən İlyas Əfəndiyevi hər şeydən əvvəl, ona görə sevirdim ki, o, yazdığı tarixi mövzulu əsərlərə çox həssaslıqla yanaşırdı... Onun pyeslərinin mərkəzindən qırmızı bir xətt kimi keçən vətəndaşlıq mövqeyini yüksək qiymətləndirirəm". Əsərlərində çoxlu təzadlar olduğuna görə onun dramlarının səhnə həlli güclü alınırdı. Bu gün də rejissorlar təəssüf hissi keçirirlər ki, İlyas Əfəndiyevin vəfatından sonra teatrda sanki bir boşluq əmələ gəlib. Bəlkə də buna görədir ki, vaxtilə ədiblə eyni əsər üzərində çalışmış rejissorlar bir fikri təkrarlamaqdan çəkinmirlər: "Biz İlyas Əfəndiyevin şinelindən çıxmış dramaturqları gözləyirik". Xalq artisti Amaliya Pənahova səhnəyə gəldiyi ilk gündən özünü İlyas Əfəndiyev teatrının şagirdi sayır. "Unuda bilmirəm"dən başlayan bu yol "Hökmdar və qızı"nda dayanacaq tapıb. Amaliya Pənahova İlyas Əfəndiyevin bütün dramlarında ona tapşırılan obrazların öhdəsindən layiqincə gəlib. Özü də etiraf edir ki, mən dünənimə boylananda fikirləşirəm: "Unudulmaz İlyas Əfəndiyevin dramaturgiyası olmasaydı, yəqin ki, bu gün Amaliya Pənahova kimi aktrisa yox idi".

Teatrşünas İnqilab Kərimov İlyas Əfəndiyevin teatrda qazandığı uğurların kökünü belə əsaslandırır ki, bu yazıçıda səhnə sənətinə olduqca aydın, ciddi və vicdani münasibət var idi. Öz sələfləri - Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Cəfər Cabbarlı kimi teatra müqəddəs məkan, məbədgah kimi baxırdı.

İlyas Əfəndiyev sözün həqiqi mənasında ötən əsr ədəbiyyatımızın klassikidir. O, bir tərəfdən gözəl romanlar, povestlər, hekayələr müəllifi kimi sevilirdisə, digər tərəfdən də tamaşaçılara bir-birindən maraqlı əsərlər bəxş edirdi. Bunlarla yanaşı, ədibin yaradıcılığı ilə maraqlandıqca, heyrətlənməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, ədəbi görüşləri ilə seçilən obyektiv tənqidçi olub. Yazıçının çapdan çıxmış yeddicildliyinin sonuncusunda onun tənqidi yazıları, müsahibələri, esseləri toplanıb. Ötən əsrin 40-ci illərindən başlayaraq ömrünün sonuna kimi İlyas Əfəndiyev ədəbi mühitlə bağlı maraqlı yazılar qələmə alıb. Klassiklərdən tutmuş müasirlərinə qədər İlyas Əfəndiyev demək olar ki, çox yazıçı, şair, sənətkar, aktyor, rejissor barəsində söz deyib. Ədəbi mühitə münasibətində, ən kəskin tənqidində, yazıçıların qurultaylarındakı məruzələrində, müsahibə və esselərində İlyas Əfəndiyev həmişə səmimi, obyektiv, həyat gerçəkliyinə sadiqliyi ilə seçilən qələm sahibi kimi öz təmkinini, müdrikliyini qoruyub.

"Geniş yaradıcılıq üfüqləri" adlı məqaləsində ədəbiyyatımızın böyük ənənələrinə toxunan yazıçı aktual mövzuları, konfliktləri təhlil edib. O, ədəbiyyatda yeniliklər arzusunda olduğunu bildirərək yazırdı: "Müasirlik ədəbiyyatımızın meyarıdır. Biz sələflərimizin qiymətli irsini öyrənməklə bərabər yeni ənənələr yaradırıq. Yeni xarakterlər təsvir edirik. Yeni duyğular tərənnüm edirik. Biz öz xalqımızın həyat və mübarizəsini qələmə almaqla gələcək ədəbiyyatın bünövrəsini qoyuruq". 1959-cu ildə yazılmış bir məqalədəki bu fikirlər indi də aktualdır. İlyas Əfəndiyevə görə, mücərrədçilərin, formalistlərin özlərini "novator" kimi qələmə vermələri saxtakarlıqdan başqa bir şey deyildir. "Hər dövrün müsbət qəhrəmanı cəmiyyətin mütərəqqi ənənələrini davam etdirməklə bərabər tamamilə yeni bir xarakter kimi meydana çıxır".

Hər bir əsərini ömrünün bir parçası kimi qiymətləndirib əzizləyən İlyas Əfəndiyevin dilimiz və əlifba ilə bağlı maraqlı fikirləri var. O fəxr edirdi ki, müasirləri ilə birlikdə böyük Nizaminin, Füzulinin, Mirzə Fətəlinin, Sabirin, Mirzə Cəlilin yaratdığı mənəvi aləmin varisidir. Latın əlifbasına keçməyimizlə bağlı bu prosesi ilkin gözləyən və alqışlayan sənətkarlardan birincisi İlyas Əfəndiyev olub. "Bizim yeni əlifbaya keçməyimiz stalinizmin yaratdığı və bizi saldığı dar qəfəsdən çıxıb dünya mədəniyyətinə qovuşmaq istəyimizin ifadəsidir. Bu mədəniyyətlə ayaqlaşmaq üçün bizim istedadımız da var, potensial gücümüz də". Ana dilini varlığı qədər sevən və onun şirin təhkiyəsində möhtəşəm əsərlər yazan İlyas Əfəndiyev öz doğma dilini unudub özgə dildə danışanlara həmişə irad edərək birinci növbədə ana dilini öyrənməyi məsləhət görürdü. Çünki hər bir xalqın ancaq özünəməxsus milli ruhu, milli koloriti onun ana dilində yaşamaqdadır.

Hələ sovet dövründə təkcə bədii yaradıcılığındakı cəsarəti ilə deyil, tənqidi fikirlərindəki kəskinliyi ilə də diqqət çəkirdi. 1945-ci ildə qələmə aldığı "Yüksək sənət uğrunda" məqaləsində haqlı olaraq yazıçıları qınayırdı ki, bizim nəsrimizdə hələlik iki qəhrəman vardır - "bunlardan birisi ağıla gələn nöqsanların hamısından uzaq, necə deyərlər, "ağıl" sahibi, digəri isə ağıla gələn nöqsanların hamısına malik cahil və nadandır". İlyas Əfəndiyevin qəbul etmədiyi bu hal isə sovet rejiminin ədəbiyyata yönəlmiş ən kəskin diktəsi idi. Azərbaycan yazıçısı isə 37-ci ilin ağır repressiyalarından çıxmış qələm yoldaşlarını bu nöqsanlara qarşı qorxmadan, çəkinmədən mübarizəyə səsləyirdi. Öz fikirlərini də əsaslandırırdı ki, yeni yaranmış ədəbiyyatımızda qəhrəmanların zəif çıxmasına səbəb də məhz bu sağlam olmayan təsirin nəticəsidir.

Azərbaycan ədəbiyyatındakı sənətkarlıq məsələləri ilə bağlı İlyas Əfəndiyev müntəzəm olaraq dövri mətbuatda öz fikirlərini həm müasir həmkarları, həm də oxucularla bölüşdürüb. O, klassik nəsr və dram əsərlərindən danışanda duyduğu dərin həyatilikdən, təbiilikdən valeh olduğunu bildirib, müasir ədəbiyyatdakı diqqətçəkən nöqsanları isə ədəbi tənqidimizdəki durğunluqla bağlayıb. Bəzilərinə görə, tənqidçilik bədii yaradıcılıqdan qat-qat asandır. İlyas Əfəndiyev isə böyük nasir olmağına baxmayaraq, həmişə bunun əksini düşünərmiş. O, qəti surətdə bu fikirdə olub ki, ədəbi tənqid ədəbiyyatın yol göstərənidir. Heç bir vaxt bədii ədəbiyyat tənqidə sükan ola bilməz.

Böyük ədibin incəsənət, musiqi, kino sənəti, səhnə ustaları haqqında da maraqlı fikirləri vardır. "Dövrümüzün tələbi" (1960) adlı məqaləsində yazırdı: "Bizim incəsənətimizin gücü bir də orasındadır ki, o öz yeniliyi, yeni mahiyyəti ilə bərabər, keçmişin yaxşı ənənələrini davam etdirir..." Təəssüf ki, bu gün istər ədəbiyyatda, istərsə də mətbuatda bu ənənələr pozulmaqdadır. Bunun da nəticəsində meydana zəif kitablar, tamaşalar çıxmaqdadır. Bir yaxşı cəhət var ki, xalqın gözü həmişə açıqdır. Vaxtilə İlyas Əfəndiyevə deyirlər ki, siz ədəbiyyatımızın canlı klassikisiniz. Böyük ədib bu sözləri gileyli təbəssümlə qarşılayaraq belə cavab verib: "Özündən razılıq məğlubiyyətdir. Hər şey zamanın əlindədir. O, göstərəcək kim ələyin üstündə qalır, kim keçir. Tələsməyə nə hacət".

İlyas Əfəndiyevin yeddinci cilddə toplanmış əsərlərinin içində mənəviyyatla bağlı bir neçə yazı da diqqət çəkir. O əsərlərin yazılma tarixi ötən əsrin ortalarına təsadüf etsə də, qaldırılan məsələlərin zəruriliyi bu gün də öz aktuallığını saxlamaqdadır. Məsələn, İlyas Əfəndiyev yazırdı: "Yüksək mənəviyyat dedikdə bizim fikrimizə hər şeydən əvvəl yüksək şüur gəlir. Yüksək şüurla vətəndaşlığın mənası isə aydın olduğu qədər də dərindir. Onun birinci meyarı Vətən sevgisidir. Vətəni sevmək, əlbəttə, onun əzəmətli dağlarına, yarpağı min rəngə çalan meşələrinə, laləli, nərgizli çöllərinə, bülbüllər oxuyan bağlarına heyran olmaqla bitmir... Sadəlövh mədhiyyəçilik heç bir zaman həqiqi sənət nümunəsi olmamış və ola da bilməz. Vətən sevgisi vətəndaşın öz xalqına, doğma torpağına münasibəti zamanı meydana çıxır. Həqiqi vətəndaş yalnız gözəlliklərdən zövq alan bir seyrçi deyil, Vətənin və xalqın rifahı, inkişafı naminə görülən ümumi işin ağırlığının müəyyən hissəsini çiynində daşıyan, özünün yüksək, vicadani borcunu məhz bunda görən ilhamlı bir fədaidir".

Yurdumuzda hər kəsi bu cür fədai görmək xoşbəxtlikdir. Çünki həqiqi vətəndaşın şəxsiyyəti ilə onun mənsub olduğu xalqın ideyaları arasında təzad yaranmamalıdır. İlyas Əfəndiyevin arzusu hər kəsi həqiqi vətəndaş, Vətənini və xalqını varlığından artıq sevən və bu yolda hər şeydən keçməyi bacaran insan görmək idi.

İlyas Əfəndiyev münasibətlərində də səmimi olardı. Bir müsahibədə ondan soruşurlar ki, bu günün yazıçısı hansı keyfiyyətləri özündə cəmləşdirməlidir? Cavabı belə olub: "Yazıçının hər şeydən əvvəl istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır, yəni, dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. Bütün bunlarla bərabər yazıçı geniş ürək və ülvi insanlıq xüsusiyyətlərinə malik olmalıdır. Yalnız bu cür yazıçı insanların vicdanına təsir eləyə bilər. Yazıçı hər şeydən əvvəl öz daxilindəki mənfi emosiyalara qalib gəlməyi bacarmalıdır. Mənə elə gəlir ki, bu keyfiyyətləri özündə birləşdirə bilən yazıçı həmişə ədəbiyyata fayda verə bilər".

Məhz belə keyfiyyətləri ilə İlyas Əfəndiyev Azərbyacan ədəbiyyatının inkişafında əsl fədakarlıq göstərib.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-26 may.-S.6.