Mətbuat işçilərinə
layiqli töhfə
"Elm" nəşriyyatı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin "Mediada işlənən alınma sözlər" izahlı lüğətini çapdan buraxmışdır.
Lüğət leksik vahidlərin izahı və materialların təqdimatı baxımından
ənənəvi lüğətçilik
prinsiplərinə əsaslanır.
Kitab hazırda Azərbaycanın yazılı
və elektron mediasında işlədilən
çoxsaylı söz
və terminlər əsasında tərtib olunmuşdur. Məqsəd qəzetlərdəki xəbər və digər publisistik yazılarda, ekran-efirdəki reportaj, müsahibə və çıxışlarda işlədilən
əcnəbi leksikanın
- söz, termin və ifadələrin qısa izahını vermək, alınmaların
mənasını aydınlaşdırmaqdır.
Məlumdur ki, cəmiyyətin müxtəlif
sahələrində gedən
proseslər və dünya ilə çoxşaxəli əlaqələr
Azərbaycan dilinə
çoxlu alınma sözlər gətirir. Digər tərəfdən,
yeni formasiyaya keçidin xarakterinin özü də proseslərin ifadəsi üçün yeni anlayışlar tələb
edir. Yeni şəraitdə baş verən bu proseslər
vaxtilə dilimizin lüğət fonduna daxil olaraq leksik
qatda öz yerini tutmuş bəzi sözləri də "hərəkətə"
gətirir. Lüğətdə
məhz bu proseslərdə meydana çıxan söz və terminlərin izahı vacib sayılmışdır.
Kitabda izahı
verilən leksik vahidlərin seçilməsi
zamanı iki prinsip əsas götürülmüşdür: son illərdə, əsasən, Avropa dillərindən Azərbaycan
dilinə keçərək
mediada fəal işlənən yeni alınmalar (alyans, alternativ, andrologiya, barter, bilgisayar, bloq, bukmeyker, dicey, eksklüziv, ipoteka, haker, konsensus, media, tender, vauçer və s.); vaxtilə dilimizin leksik fonduna daxil olmuş, müəyyən dövrdə
passiv qalmış, lakin indiki - yeni ictimai-siyasi və texnoloji şəraitdə işləkliyini
artırmış sözlər
(aborigen, amnistiya, doktrina, dopler, emissar, genosid, mafiya, monopoliya, muxtariyyət, sindikat, sosial, tabu, zombi
və s.).
Xatırladaq ki, ölkəmizin nəşriyyat
təcrübəsində Avropa
dillərindən alınmalara,
ərəb və fars sözlərinə həsr edilmiş izahlı lüğətlər
vardır. Amma bu lüğətlər bir qayda olaraq
ənənəvi sözlük
materialları və bədii ədəbiyyatda işlənən leksik vahidlərə əsaslanmışdır.
Qulu Məhərrəmlinin
2 min 200-dən çox leksik vahidin izahı verilmiş lüğətində
isə mətbuatda - daha çox publisistik materiallarda işləkliyi nisbətən
yüksək olan sözlər seçilmişdir.
AMEA Rəyasət
Heyətinin Terminologiya
Komissiyasının qərarı
ilə çap edilən kitabın redaktoru akademik Ağamusa Axundovdur.
Nəşrə akademik Vasim Məmmədəliyev,
AMEA-nın müxbir üzvü Kamal Abdulla və digər mütəxəssislər
rəy vermişlər.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.7.