Azərbaycan stomatologiya elmi dünyanın ən son yeniliklərindən
uğurla bəhrələnir
Azərbaycanda
çağdaş tibb elminin inkişafında, mükəmməl
səhiyyə sisteminin formalaşmasında, eləcə də
müasir standartlara cavab verən səhiyyə infrastrukturun
yaradılmasında ümummilli lider Heydər Əliyevin
misilsiz xidmətləri hər zaman böyük rəğbətlə,
ehtiramla vurğulanır. Naxçıvan Muxtar
Respublikasında ümummilli lider Heydər Əliyevin və
akademik Zərifə xanım Əliyevanın xatirələrinə
həsr olunmuş "Stomatologiyanın müasir aspektləri"
mövzusunda elmi-praktik konfrans bunun daha bir bariz təcəssümü
olmuşdur.
Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirliklərinin,
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universtitetinin,
Özəl Stomatoloji Fəaliyyətlə Məşğul
Olanların Assosiasiyası və Azərbaycan İmplantoloq
İctimai Birliyinin birgə təşkilatçılığı
ilə keçirilən elmi-praktik konfransın
iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin abidəsi önünə gül dəstələri
düzmüş, habelə Naxçıvanda yüksək
memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev
Muzeyində olmuşlar. Tədbirdə ulu öndərin nurlu
xatirəsi yad edilmiş, respublikada tibbin müxtəlif sahələrinin,
o cümlədən stomatologiyanın inkişafındakı
xidmətləri xatırlanmışdır.
Yeni istifadəyə verilmiş
Naxçıvan Diaqnostika Mərkəzində təşkil
olunmuş konfrans barədə qəzetimizə məlumat verən
respublikanın baş stomatoloqu, Özəl Stomatoloji Fəaliyyətlə
Məşğul Olanların Assosiasiyasının rəhbəri
Kamran Aslanov tədbirdə respublikanın bu sahə üzrə
ən aparıcı mütəxəssislərinin iştirak
etdiyini bildirmişdir. Onun sözlərinə görə,
elmi-praktik konfransda həmçinin, stomatologiyanın müasir
durumu və inkişaf perspektivləri ətrafında geniş
fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələrdən
söz açılmışdır.
Konfransda Naxçıvan Muxtar
Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Azərbaycan
İmplantoloq İctimai Birliyinin sədri Cabbar Həsənov, Əziz
Əliyev adına ADHTİ mütəxəssisi, tibb elmləri
namizədi Cəfərağa Səmədov, Uşaq Stomatoloji
Mərkəzinin baş həkimi, tibb elmləri namizədi
Rafael Sultanov, respublika Stomatoloji Mərkəzinin həkimi, tibb
elmləri namizədi Ziba Qasımova və başqaları
stomatologiyanın müxtəlif problemləri ətrafında məruzələr
etmiş, dünya praktikasındakı son yeniliklərdən
söhbət açmışlar. "Azərbaycanın
stomatologiya sahəsində təcrübəli mütəxəssislərinin,
alimlərinin, həkimlərinin iştirak etdiyi konfrans məhsuldar
keçməklə, faydalı nəticələrlə yadda
qaldı. Burada stomatologiyanın dünəni, bugünü və
ən son nailiyyətləri ilə bağlı geniş fikir
mübadiləsi aparıldı. Bakıdan getmiş
aparıcı mütəxəssislər Naxçıvanda fəaliyyət
göstərən stomatoloqları bu sahədəki elmi yeniliklərlə,
tətbiq olunan ən son texnologiyalarla tanış etdilər. Tədbirdə
Naxçıvanda stomatologiyanın vəziyyəti də ətraflı
təhlil edildi, bir sıra maraqlı tövsiyə və təkliflər
səsləndi. Fikrimcə, paxtaxtdan kənarda belə tədbirlərin
keçirilməsi regionlarda tibbi yeniliklərin mənimsənilməsi
və tətbiqi sahəsində yaxşı imkanlar
açır" - deyə Kamran Aslanov
vurğulamışdır.
Son illər Azərbaycanda tibbin
bütün sahələrində olduğu kimi, stomatologiya sahəsində
də müsbət irəliləyişlərin, əsaslı
keyfiyyət dəyişikliklərinin baş verdiyini diqqətə
çəkən respublikanın baş stomatoloqu Səhiyyə
Nazirliyinin bu sahənin inkişafına dəstək verdiyini də
razılıqla qeyd etmişdir. Kamran Aslanov demişdir ki,
özəl stomatoloji kabinetlərin sayının artması
eyni zamanda sivil rəqabətə, keyfiyyətli xidmətə
zəmin yaradır: "Son illərdə tibbin bütün sahələrində
özünü göstərən müasirləşmə
stomatologiya sahəsində də müşahidə olunur. Səhiyyə
Nazirliyi stomatologiyanın problemlərinin həllinə, özəl
klinikaların inkişafına dəstək verir. Azərbaycan
Prezidenti İlham Əliyevin fərmanı ilə respublika
üzrə bütün stomatoloji poliklinikalar özəlləşdirilməyə
çıxarılıb. Bu gün özəl stomatoloji
kabinetlərin sayının artması da yaranmış yeni
imkanlarla bağlıdır. Belə kabinetlərin
sayının artması sağlam rəqabətin güclənməsinə,
vətəndaşlara göstərilən tibbi xidmətin
keyfiyyətinin yüksəlməsinə əsaslı zəmin
yaradır. Özəl klinikalar dünyadakı ən son
yenilikləri öyrənərək tətbiq etməyə,
yeni cihazlar, stomatoloji qurğu və alətləri tez bir
zamanda əldə etməyə çalışırlar. Vətəndaşlar
da yeniliklərdən vaxtında xəbər tutaraq istədikləri
stomatoloji kabinetlərə müraciət edirlər. Yəni bu
gün hər bir insan istədiyi stomatoloqu seçməkdə
tam azad və sərbəstdir. Bununla yanaşı, aztəminatlı
vətəndaşlar üçün ümumi
poliklinikaların nəzdində pulsuz fəaliyyət göstərən
stomatoloji şöbələr var. Hər bir vətəndaş
yaşayış yerinə görə pulsuz stomatoloji kabinetə
müraciət edə bilər".
Respublikanın baş stomatoloqu
Kamran Aslanov azərbaycanlı mütəxəssislərin beynəlxalq
tədbirlərdə iştirakını da razılıqla
diqqətə çəkmişdir. O demişdir ki, belə tədbirlərdə
iştirak Azərbaycan stomatologiyasının inkişafına,
beynəlxalq təcrübənin öyrənilməsinə
yaxşı imkanlar açır: "Son illər elə beynəlxalq
konfrans olmayıb ki, orada Azərbaycandan 10-15 mütəxəssis
iştirak etməsin. Yalnız bu il 30-a yaxın aparıcı
mütəxəssis xarici ölkələrdə seminarlarda,
elmi məclislərdə olub, ən son yeniliklərlə
tanışlıq imkanı qazanıb. Dünya elmindəki
qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi isə
respublikada stomatologiyanın sürətli inkişafının
göstəricisidir".
Kamran Aslanovun sözlərinə
görə, hazırda dünyada stomatologiyanın ən
böyük nailiyyətlərindən biri də məhz
implantologiyadır. Onun fikrincə, son illər respublikada bu sahə
də sürətlə inkişaf edir: "Bizim stomatoloji mərkəzdə
20 ildən artıqdır kir, implantologiya ilə məşğul
olurlar. İmplantologiya elə bir sahədir ki, o yüksək
peşəkarlıqla aparılmalıdır. Bu sahədə
çalışan həkimlər mütləq Əziz Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda fəaliyyət göstərən xüsusi
kursları keçməlidirlər. Bu kusrları keçməyən
həkimlərin implantologiya ilə məşğul
olmasına icazə vermirik. Ümumilikdə, implantologiya
çox perspektivli bir sahədir və respublikamızda sürətlə
inkişaf edir".
İ.Əliyeva
Azərbaycan.-2009.-26
may.-S.7.