Keçid dövrünün ideal axtarışı

 

   Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini, A.V.Qalperinin kursunu bitirərək sənətində özünü təsdiqləmiş Ələkbər Muradovun quruluş verdiyi, "Güllələnmə təxirə salınır" (2002) filminin istehsalı maliyyə çətinliyi ucbatından uzansa da, dəyərli bir ekran əsəri ərsəyə gəlməsi şaquli idarəçilikdən uzaq iqtisadi modelin tətbiqinin həyatadavamlılığı təsdiqləndi.

   Dustaqların həbsxana dəhlizindəki tabutu çiyinlərinə qaldırması: "Bəxtəvərsən, bəxtəvər başına, doğma kəndinə gedirsən. Xoşbəxtsən qədeş, inşallah sən yatan torpaqda mən də yatım" - deyə mərhuma həsəd aparan, dustaqlardan birinin: "Getdi başımızın ucalığı. Xan bizləri tək qoyub getdi. Əlvida, qədeş!" cümlələri romantizmin hissiyyat gerçəkliyində cəsədin kimə məxsusluğunu da vurğulayır. Əmircan məscidinin fonunda tabutun əllinci illərin sonlarının "Moskviç", "Pobeda" avtomaşınlarının arasından keçirilməsi, 20 iyun 1961-ci il tarixinin titrdə yazılması baş verən hadisələrin dövrünü dəqiqləşdirir. İki nəfərin dialoqu mərhumun kimliyini bir daha vurğuladıqdan sonra beş-altı halva bükümü götürdüklərini öz aralarında açıqlayan milislər rəğbəti cinayətkar aləmin xeyrinə yönəldir. Şıdırğı alver gedən meydanda satıcı Xanbacının (Nəsibə Zeynalova) arıq kişiyə, "Şərikli çörək" filmində oldugu kimi, iri pencəyi sırıması yeni bədii həllini tapmaqla mühitin portretini yaradır. Belə ki, bu dəfə "çuşka" adlandırılan alıcının-zərərçəkənin sadəlöhvlüyü yox, kənardan təzyiq göstərən qoçuya arxalanan satıcı Xanbacının kəm-fürsətliyi nahaqdan önə çəkilir.

    Alverçinin satdığı bişmiş toyuğu alıb ac uşağa verməklə xeyirxah statusu qazandırılan, milisin belə təzim etdiyi, tanışları ilə şəkil çəkdirən Xanın artıq kəmfürsətliyi təsdiqlənən alverçi Xanbacının guya onu aldadan zərgərlə bağlı fitvasına uyması ona tamaşaçı rəğbəti yarada bilmir. Xanımı Sonya Abramova ilə səhər yeməyində neçə gündür bir milis zabitinin ona təzyiq göstərdiyini söyləyən zərgər Lev Davidoviç Fiş istər-istəməz günahsız qurbana çevrilir. Ərinin indicə həbs olunduğunu bildirdikdə varidatını çantasına yığıb küçəyə çıxan Sonyanın milis formasındakı Xan və əlaltıları tərəfindən "həbsi" hələ ki, yalnız zərərçəkənlərin yəhudi olması faktı ilə yadda qalır. Sonya Abranovnaya "Lyova, əmanəti qaytarmaq lazımdır" cümləsini yazdıran Xanın dükanda həbs edərək mənzilinə gətirdiyi zərgərdən 1937-ci ildə həbs olunan qonşusundan daş-qaşla birgə aldığı oğurluq çin dolçasını tələb etməsi də, zərərdidənin mənfi imicini tam yarada bilmir. Çantası, pulu əlindən alınaraq evinə qayıdan Sonyanın şikayət etmək təklifinə ərinin "Oğrular malımızı aparıb, milis isə dərimizi soyar" cavabı kimin daha amansız olmasını sözlə də olsa vurğulayır.

   "Yetim" ləqəbli dəstə üzvünün katibəsinə şokolad bağışlamaqla qəbuluna gəldiyi çörək zavodunun müdirinə bağlamada bahalı əşya gətirməsi, Ə. Haqverdiyevin "Bomba" hekayəsinin "Papaq" filmində ekran həllini tapmış Kərbəlayi Zal personajını xatırladan qoca milisionerin rəsmi qaydada salamladığı Xana hesabat verməsi, küçədə əlindəki bankadan sıyıq yeyən dəstə üzvünün Yelizaveta Petrovna adlı qadının parlaq keçmişini yada salaraq təəssüflənməsi, unun kilosunu iki yüz manata satana xəbərdarlıq edilməsi lüzumsuz və pərakəndə süjet xəttini uzadır.

   Nəhayət ki, pivə satdığı ətrafdakı müəmmalı boçkalardan üzə çıxan Xanbacının zərbə altına qoyduğu bazarkomun və xüsusən meşin gödəkçəli komsomolun cəzalandırılmasını Xandan rica etməsi vizual həllini tapmasa da, ərzaq məhsullarının qiymətinin aşağı salınması barədə radiodan rəsmi informasiya fonunda dəstə üzvlərinin birinin Cümşüdün atası kimi müəllim ola bilməməsinə müharibənin günahkar olduğunu bildirməsi qlobal problemi önə çəkir. Balaban sədaları altında şeir oxuyan Cümşüd veriliş estetikası yaratsa da, təsirlənən Gəncəlinin (C.Novruzov) qiraətçiyə: "Allaha and olsun, sənə bir şey olsa, bilmirəm nə edəcəm" kimi sentimental mətnini yarımçıq qoyan Xanın ayağa qaldırdığı dəstənin uzun-uzadı kadrda qalması hadisəliliyi ləngidir.

   "Kəndlilər" filmini seyr edən dəstə üzvlərinin arada boşluq yarandıqda kinomexanikin üstünə qışqırmaları audiovizuallığı artırır və qoca milisioner Kərbəlayinin məlumatına əsasən qadın son ümidi olan qol saatı oğurlayan balaban Həsənin Xan tərəfindən cəzalandırılması şifahi xalq ədəbiyyatında təkrarlanan süjet xəttini dramaturji modelə qoşur.

   Nəhayət ki, doğma ocağına, evinə gələn Xanın "Bilirəm, bacım da böyüyüb" cümləsi fonunda yeniyetmə qızın qardaşına deyil, anasına sığınması bədii səviyyəsi yüksək mizan həllini tapır. Adətən, filmlərimizdə fonda asılan xalça-palaz, qab-qacaq kimi əşyalar və ya mətn hesabına həllini tapan milli mənsubiyyətin mənəviyyata, köklü əxlaqa arxalanan audiovizual həlli göz önündə canlanır.

   Növbəti hamam səhnəsində "Kazbek"in aclığın və hirsin qarşısını aldığını deyən Qurbanın "Xandan sənə salam var" deməsiylə bıçağı boğazına çəkdiyi satqının (satqınlığı əyani şəkildə təsdiqlənməsə də - A.D.) ölümündən sonra tasdakı suyu başına tökməklə təmizliyə çıxması təsvir səviyyəsinin yüksəkliyi, Rembrantsayağı işıqla yadda qalır. Belə ki, hər iki yanı qaranlıq kadrdakı açıq qapıdan görünən hamamın ustalıqla işıqlandırılmış sarı fonunda qırmızı fitəli Qurbanın yaş döşəmədəki kölgəsinin kameraya qədər uzanması tablonu xatırladır. Mövzu xatirədə ilk dəfə on bir yaşında tutulan Xana əlindəki oğurluq malı verib qaçan Hacıbalanın ötəri fiquru canlanır. Atasının ölümünü səkkiz il yatdığı həbsxanada eşidərkən ağlamadığını, gözlərindən bir damcı da yaş gəlmədiyini, günəşi bir daha görməməkdən qorxduğunu məşuqəsinə söyləyən Xan sentimentallığı önə çəksə də, anası, bacısı üçün pul qoyub getməsi səfərin uzun çəkəcəyinə işarə vurur. Qarmonda çalınan "Çahargah" muğamının sədaları altında Gəncədəki yeməkxanada yenidən üzləşdiyi milis rəisinə "Bilirəm, yaxşı işlədiniz, ölkəyə taxta-şalban lazımdır. Birinci beşillik, ikinci beşillik... Bəs buradakı acların qarnını kim doyduracaq" deməsi Xana yenidən ictimai status versə də, özünün burada deyil, sabah Bakı qatarının on ikinci vaqonunda təslim olacağını bildirməsi dramaturji əhəmiyyət daşımır. Vaqonda rəisə: "Qandalları maşında vurarsan" deməsi: "Çalış mən çıxana qədər ölmə!" tapşırığını verməsi də lüzumsuz görünür. Rəisin göstərişi, iki milisin müşayiəti ilə həbsxanaya girən Xanın geriyə baxması ilə təqdim olunan mövzu xatirədəki uşağın- heykəltəraş olmaq istəyən Rəşidin arzusuna çatması taleyi kəm gətirmiş vətən oğlunun arzularını çiçəkləndirir.

  

   Aydın Dadaşov,

   Professor

 

Mədəniyyət. - 2009.- 27 may.- S. 11.