Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş
Ərəb Əmirlikləri
Krallığının energetika
naziri Məhəmməd
Dhaen əl-Hamilinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Birləşmiş Ərəb Əmirlikləri Krallığının energetika naziri Məhəmməd Dhaen əl-Hamilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Prezident İlham Əliyev ilə Davosdakı görüşünü məmnunluqla xatırladı. Nazir bu səfərindən əsas məqsədin ölkələrimiz arasında energetika sahəsində həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu bildirdi. Qonaq dedi ki, neft hasilatı və neft sənayesi sahəsində böyük tarixə malik olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında energetika sahəsində gələcək əməkdaşlıq üçün yaxşı potensial vardır.
Azərbaycanın neft sənayesinin zəngin təcrübəsinə toxunan Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin energetika sahəsində uğurlarından söhbət açaraq qeyd etdi ki, nəhəng energetika layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan beynəlxalq energetika sahəsində əlaqələrini də gündən-günə genişləndirir. Azərbaycan dövlətinin başçısı Birləşmiş Ərəb Əmirliklərinin energetika nazirinin bu səfərinin də iki ölkə arasında energetika sahəsində əməkdaşlığı genişləndirmək baxımından faydalı olacağına əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.-2009.-27 may.-S.3.