Polis orqanları yanında ictimai şuraların
yaradılması ölkədə vətəndaş cəmiyyətinin
möhkəmləndirilməsinə xidmət edəcək
Mayın 26-da Oqtay Əsədovun sədirliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikirlərini bildirdilər. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Konstitusiya Qanununun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədrinin sözlərinə görə, layihə Azərbaycan Konstitusiyasına müvafiq olaraq 63 deputat tərəfindən parlamentə təqdim edilib. Komitədə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Əli Hüseynov bildirdi ki, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihəsi 2001-ci ildə müzakirə edilərkən deputatların toxunduğu əsas məsələlərdən biri müvəkkilin səlahiyyət müddəti idi. O zaman bununla bağlı müxtəlif təkliflər səsləndirildi. Müzakirələrin yekununda ombudsman institutunun ölkəmizdə yeni yaradıldığı əsas götürülərək insan hüquqları üzrə müvəkkilin bir dəfə olmaqla 7 il müddətinə seçilməsi qərara alındı.
Bu layihəyə əsasən, ölkəmizdə insan hüquqları üzrə müvəkkilin bir dəfə seçilməsini nəzərdə tutan 4.2-ci maddənin "Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz" redaksiyasında verilməsi təklif olunur.
Konstitusiya qanununun 4.3-cü maddəsinə təklif olunan dəyişiklik isə meydana çıxa biləcək boşluğun aradan qaldırılması ilə bağlıdır. Bu dəyişikliyə əsasən, insan hüquqları üzrə müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.
Layihənin müzakirəsi zamanı deputatlardan Rafael Cəbrayılov, Aydın Mirzəzadə və Zahid Oruc Konstitusiya qanununa təklif olunan dəyişikliklərin düzgün və obyektiv olduğunu bildirdilər. Qeyd olundu ki, bir şəxsə iki dəfə seçilmək hüququnun verilməsi mütərəqqi haldır. Əsas odur ki, bu seçim demokratik meyarlara və hüquqi dövlət prinsiplərinə uyğun olsun. Deputatlar onu da bildirdilər ki, layihənin məğzi seçmək yox, qanuna dəyişikliklər etməkdir.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bu dəyişikliklərin hüquqi dövlət quruculuğuna xidmət etdiyini əsaslandırdı, Konstitusiya qanununun layihəsi səsverməyə çıxarılaraq qəbul olundu.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Polis haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" qanun layihəsi barədə ətraflı məlumat verdi. Qanunun 10-cu maddəsinə təklif edilən 5-ci hissədə qeyd olunur ki, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi işinə cəlb oluna bilərlər. İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər. İctimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyət hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətində həyata keçirilə bilər. Layihəyə əsasən ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmiş şəxslər cəlb edilə bilməzlər.
Müzakirələr zamanı deputatlardan Gülər Əhmədova, Jalə Əliyeva və Aydın Mirzəzadə "Polis haqqında" qanuna təklif olunan bu əlavəni müsbət qiymətləndirdilər.
Fasilədən sonra "Polis haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə" qanun layihəsinin müzakirəsi davam etdirildi. Deputat Aydın Həsənov və Azay Quliyev qanun layihəsinin cəmiyyət həyatındakı bəzi mənfi meyillərə adekvat tədbirlərin görülməsi zərurətindən irəli gəldiyini qeyd etdilər.
Deputatların suallarını cavablandıran daxili işlər nazirinin müavini Oruc Zalov bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə 20 ali təhsil müəssisəsi arasında mühafizə işinin təşkiliylə bağlı müqavilə imzalanıb. O, gələcəkdə digər təhsil müəssisələri ilə də belə bir sənədin imzalanacağını istisna etmədi.
Müzakirələrin sonunda deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr ediməsi haqqında qanun layihəsi barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qeyd etdi ki, prosessual qanunvericiliyin tətbiqi zamanı bir sıra problemlər ortaya çıxır. Məhkəmə orqanlarına, hakimlərə meydana çıxan problemlərin öyrənilməsi, təkliflərin verilməsi tapşırılıb. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsində işçi qrupu yaradılıb. Qanun layihəsinin hazırlanmasına alman ekspertləri də cəlb edilib. Məcəlləyə əlavə və dəyişikliklərin edilməsi də bu problemlərin həlli ilə bağlıdır.
Deputatlardan Fazil Mustafa, Aydın Həsənov, Elmira Axundova və digərləri qanun layihəsinə təklif olunan əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğuladılar və təkliflərini verdilər. Müzakirələrin sonunda deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.
Sonra "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun məlumatından sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Bu qanun layihəsi də səsə qoyularaq qəbul edildi.
Daha sonra saxta və keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanun layihəsi müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov əlavələr və dəyişikliklər barədə məlumat verdi.
Deputatlardan Jalə Əliyeva və Elmira Axundova bu qanun layihəsinin müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış etdilər. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavə və dəyişiklik edilməsi barədə" layihəni müzakirəyə təqdim etdi. Deputatlar səsvermədə əlavə və dəyişikliyə müsbət münasibət bildirdilər.
Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məlumat verərək bildirdi ki, qəsəbələrdə bələdiyyələrin yaradılması təşəbbüsü yerli sakinlər tərəfindən irəli sürülüb. Deputatlar bu qanun layihəsinə də müsbət münasibət bildirdilər.
"Azərbaycan Respublikasında bəzi bələdiyyələrin birləşməsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsi haqqında məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə diqqətə çatdırdı ki, hazırda respublikamızda 2757 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrin bəzilərində yaşayan əhalinin azlığı və bununla əlaqədar kadr potensialının məhdud olması səbəbindən bu orqanlar fəaliyyətlərini lazımınca qura bilmirlər. Bələdiyyələrin birləşməsi və daha güclü özünüidarəetmə orqanına çevrilməsi xeyli vaxtdır ki, müzakirə mövzusudur. Müzakirəyə təqdim olunan qanun layihəsində seçicilərinin sayı az olan bir sıra bələdiyyələrin birləşməsi əsasında yeni özünüidarəetmə orqanlarının yaradılması nəzərdə tutulur.
Qanun layihəsinin müzakirəsi Milli Məclisin növbəti iclasında davam etdiriləcək.
Azərbaycan.-2009.-27 may.-S.3.