Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır

 

Mayın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Oqtay Əsədov qonağın qardaş Türkiyənin xarici işlər naziri kimi ilk səfərini Azərbaycana etməsini yüksək dəyərləndirmiş, bu məsul vəzifədə ona Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi naminə uğurlar arzulamışdır.

Milli Məclisin Sədri Azərbaycan-Türkiyə dostluğunun möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq heç bir qüvvənin bu münasibətlərə zərər vurmaq iqtidarında olmadığını bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da dərinləşməsi dövlət başçılarının daim diqqət mərkəzindədir. Tarix Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz olduğunu sübut etmişdir.

Parlamentin Sədri səfər müddətində Türkiyənin xarici işlər nazirinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi bəyanatı yüksək qiymətləndirərək bunu dostluğumuzun parlaq təcəssümü kimi səciyyələndirmişdir.

Görüşdə siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır. Hər iki ölkənin qanunvericilik orqanındakı dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri informasiya mübadiləsi baxımından çox önəmlidir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq xarici işlər naziri kimi ilk səfərini Azərbaycana etməsindən məmnunluq duyduğunu vurğulamışdır. Əhməd Davudoğlu 15 gün ərzində Azərbaycana ikinci dəfə gəldiyini ilk dəfə xarici işlər naziri qismində ölkəsinin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərində müşayiət etdiyini xatırlamışdır.

Qonaq daha sonra demişdir: "Azərbaycan bizim ikinci evimizdir. Mən Suriyadan birbaşa Bakıya gəlmişəm. Biz, həqiqətən, bir millət, iki dövlətik". O, budəfəki səfəri zamanı ölkəmizdə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadiyyat, mədəniyyət sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığını qeyd etmişdir.

Türkiyənin xarici işlər naziri Azərbaycanda gördüyü inkişafdan heyran olduğunu dilə gətirmiş, Milli Məclisdə deputatlar üçün yaradılmış şəraitini yüksək qiymətləndirmişdir. O, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu Azərbaycanın uğurları ilə qürur duyduğunu söyləmişdir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 may.-S.3.