Azərbaycanın hərbi imkanlarının intensiv güclənməsi Ermənistan hakimiyyətində və ordusunda böyük qorxu yaradıb

 

Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Bu üstünlük daha da böyük olmalıdır və biz buna da nail olacağıq. Bu münaqişəni həll etmək üçün, işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməlidir, həm də düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər və lazım olan vaxtda bütün gücümüzü səfərbər edərək biz buna nail olacağıq. Ordunun bütün məsələləri müntəzəm qaydada həll edilir. Mən bunu daim diqqət mərkəzində saxlayıram. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu, mənim borcumdur. Mən bundan sonra da orduya böyük diqqətlə, böyük qayğı ilə yanaşacağam.

 

İlham ƏLİYEV

 

Bütün sahələrdə, o cümlədən iqtisadi sferada dinamik inkişaf tempinə görə dünya dövlətləri arasında fərqlənən Azərbaycanda ordu quruculuğu prosesində, həmçinin Silahlı Qüvvələrin maddi-texniki təminatında mühüm nailiyyətlər əldə edilib. Faktdır ki, ordunun istər döyüş hazırlığı, istərsə də texniki vasitələrdən tutmuş digər maddi ehtiyatlarla təchizatı baxımından Azərbaycan Cənubi Qafqazın lideri olmaqla yanaşı, MDB məkanında da ilk yerlərdən birini tutur.

O da sevindirici haldır ki, bir çox xarici dövlətlərdən fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin istehsal etdiyi məhsulların çeşidinin daha da çoxalacağı gözlənilir ki, bu da Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Əlbəttə ki, Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə diqqət yetirməsinin əsas səbəblərindən biri də ölkənin müharibə şəraitində olması və lazım gələrsə işğal altında olan ərazilərin hərb yolu ilə azad edilməsidir. Prezident İlham Əliyev bununla bağlı qeyd edir: "Biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək".

Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, zəruri texniki vasitələrlə təminatının yerli istehsal hesabına ödənilməsi ermənilərdə yaranan narahatlığı artıq bir qədər də gücləndirib. Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da ağır durumda saxlanılan Ermənistan ordusunu ən müasir avadanlıqlarla təchiz edilmiş nizamlı Azərbaycan Ordusu ilə müqayisə etməyin mümkünsüz olduğunu bildirir: "Bu səbəbdən də prezident Serj Sarkisyan Bakının münaqişənin hərb yolu ilə həllini istisna etməyən açıqlamalarından qorxuya düşüb".

Ermənistanın "Aykakan Jamanak" qəzetinin yazdığına görə isə, Azərbaycanın hərbi potensialının günü-gündən güclənməsi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların tezliklə nəticə verməyəcəyi təqdirdə rəsmi Bakının güc variantına əl atma ehtimalını xeyli artırır. Qəzet yazır ki, hazırda həm say, həm də maddi təminat baxımından Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu üstələyir. Bu isə hərbi əməliyyatlara başlanacağı halda nəticəyə təsir edən əsas faktor kimi qiymətləndirilir.

Ermənistan tərəfini narahat edən əsas məqamlardan biri Azərbaycanın məhz yerli istehsal hesabına ordunun texniki ehtiyaclarını qarşılamasıdır. Elə buna görədir ki, işğal olunmuş ərazilərin güc yolu ilə azad ediləcəyi təqdirdə ordunu zəruri texniki vasitələrlə təmin etməkdə ölkəmizin heç bir problem yaşamayacağı artıq ermənilər tərəfindən də etiraf olunur. Ermənistan ordusu isə, Azərbaycandan fərqli olaraq, texniki ehtiyaclarının qarşılanması baxımından da sırf xarici dövlətlərdən asılıdır. Həmçinin o da faktdır ki, Ermənistan ordunun tələbatını ödəmək üçün maliyyə baxımından ciddi əziyyət çəkir.

Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək istiqamətində məqsədyönlü siyasətini davam etdirməsi ermənilərin bu sahədə yaşadıqları narahatlığı daha da artırır. Elə cari il ərzində də hərbi-sənaye kompleksinin gücləndirilməsi baxımından Azərbaycan ciddi nailiyyətlərə imza atmağa hazırlaşır. 2009-cu ildə ölkənin hərbi-sənaye kompleksinin 453 adda məhsul istehsal edəcəyi gözlənilir. Bu məhsulların böyük əksəriyyətinin istehsalı ötən illərdən etibarən həyata keçirilir. Cari il ərzində isə 112 adda yeni hərbi məhsulun istehsalı planlaşdırılır.

Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə danışıqlar aparır. Məsələn, Azərbaycanla Pakistanın müdafiə sənayesi nazirlikləri arasında razılaşmaya görə, tank topları üçün döyüş sursatlarının seriyalar üzrə istehsalı məqsədilə texnologiyaların, 85 millimetrdən 152 millimetrədək artilleriya silahları və döyüş sursatlarının, eləcə də 50, 100, 250 və 500 kiloqramadək aviasiya bombalarının texnologiyasının ölkəyə gətirilməsi və istehsalı nəzərdə tutulub. Azərbaycan ölkədə pilotsuz uçuş aparatları və hərbi vertolyotların istehsalını təşkil etmək üçün müxtəlif dövlətlərlə danışıqlar aparır.

Bununla yanaşı, Azərbaycanda zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub. Artıq bu il ölkəmizdə 40 zirehli avtomobil istehsalı nəzərdə tutulur. "Matador" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Belə ki, bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır.

Ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernləşdirilməsi də həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdirilir və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Perspektivdə Azərbaycan istehsalı olan hərbi helikopterlərin (vertolyotların) istifadəyə verilməsi də planlaşdırılır ki, bu, Silahlı Qüvvələrin maddi-texniki imkanlarının daha da genişlənməsi deməkdir.

O da sevindirici haldır ki, Azərbaycana həm müdafiə sənayesi sahəsində əməkdaşlığa, həm də bu sahədə istehsal olunan məhsullara görə xaricdə maraq olduqca böyükdür. Pakistanın müvafiq rəsmi dairələri Azərbaycanın müdafiə məhsullarına böyük maraq göstərdiklərini gizlətmirlər. Həmçinin dünyanın bir sıra ölkələri, o cümlədən Bolqarıstan, Xorvatiya, Türkiyə, Misirin aparıcı şirkətləri də Azərbaycan müdafiə sənayesi məhsulları ilə maraqlanırlar və bu sahədə əməkdaşlıq məqsədilə danışıqlar aparırlar.

Azərbaycanın hərbi-sənaye məhsullarına marağın böyük olması ötən ay Türkiyənin İstanbul şəhərində keçirilən müdafiə sənayesi sərgisində (İDEF-2009) də özünü aydın göstərdi. Həmin sərgidə Azərbaycanda istehsal edilmiş 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Avropa ölkələri arasında beynəlxalq əhəmiyyətinə görə 10 ən iri sərgidən biri sayılan İDEF-in 2009-cu il nümayişində müxtəlif ölkələrdən 460-dan çox şirkət iştirak edib. Azərbaycanın nümayiş etdirdiyi məmulatlardan "İstiqlal" tipli iri kalibrli (14,5 millimetr) snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və "Alov" zavodunda istehsal olunmuş optik cihazlar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurub. "Şimşək" tipli avtomat tüfəng, "Telemexanika" zavodunda istehsal edilən tapançalar, 12,7 millimetrlik snayper silahı, patron lentləri, onların qutuları da diqqəti xüsusi cəlb edib. Onu da bildirək ki, bu sərgi müstəqil Azərbaycan Respublikasının müdafiə sənayesi sahəsində təmsil olunduğu ilk beynəlxalq əhəmiyyətli sərgi olub. Maraqlıdır ki, Türkiyədəki İDEF-2009 beynəlxalq müdafiə sərgisi Azərbaycanın digər beynəlxalq nümayişlərdə iştirakının əsasını qoyub. Ölkəmiz Rumıniyada keçiriləcək sərgidə iştirak üçün təklif alıb. Bundan başqa, Azərbaycanın 2009-cu ilin sentyabrında Cənubi Afrika Respublikasında keçiriləcək sərgidə də iştirakı planlaşdırılır.

Bütün bunlar hərbi-sənaye kompleksi sahəsində həyata keçirilən siyasətin artıq öz müsbət bəhrəsini verdiyini və ölkəmizin müdafiə qabiliyyətinin daha da yüksəldiyini göstərir. Bu mənada isə Ermənistanın həqiqətən də Azərbaycan Silahlı Qüvvələrindən daha çox ehtiyat etməsi üçün ciddi əsasları var.

 

 

R.İslamoğlu

 

Azərbaycan.-2009.-27 may.-S.5.