Dilarə İbrahimova:
«Maliyyə işində vaxt çox əhəmiyyətlidir»
Dilarə xanım İbrahimova Mədəniyyət
və Turizm Nazirliyində İqtisadiyyat
şöbəsinə rəhbərlik edir.
Artıq 26 ildir ki, o, mədəniyyətimizin iqtisadi
cəhətdən inkişafına xidmət edir.
Bu zərif və nəzakətli
xanımla görüşəndə şöbənin işinin nə qədər ağır olduğunu gördüm. Nə
yaxşı ki, Dilarə xanımın zəhməti
qiymətləndirilib. Bu yaxınlarda onu «Tərəqqi» medalı ilə təltif
ediblər. Bu haqqı-halal sevincə biz də ortaq olub, təbriklərdən sonra
söhbətə başlayırıq.
- 1983-cü ildən burada işləyirəm.
Mən tamamilə başqa sahədə
çalışırdım. Burada
işləmək çox
maraqlıdır. İncəsənətlə bağlı məsələlərin
maliyyələşməsi məhz bu
şöbədən keçir. Mədəniyyət
və turizm təsisatlarının maliyyələşməsi,
proqnozlar, təkliflər hamısı bu şöbənin işləridir. Demək
istəyirəm ki, iş
çox olsa da, maraqlıdır. Axtarış və yenilik edəndə onu iqtisadi cəhətdən hərtərəfli
təhlil etmək lazımdır.
- Demək sizin şöbəniz
yaradıcı şöbədir...
- Bizim işimiz
gözə görünməsə də, işimizin
əhəmiyyəti, vacibliyi başqa şöbələrin işi ilə sıx bağlıdır.
- İqtisadiyyatla incəsənət
bir-birinə tərs sahələrdir. Hətta tərs mütənasib
də demək olar. Biri
maddi tərəfləri, o
biri mənəvi tərəfləri düşünür. Siz
bunların arasında dayanmısınız. Nə
müşahidələriniz, qənaətləriniz var?
- Gərək iqtisadiyyat incəsənəti
duya bilsin. Əgər
belə olmasa, hesabagəlməz dərəcədə
böyük itki verə
bilərik. Mən yalnız bu nazirliyin işindən danışmıram,
ümumiyyətlə deyirəm. Hansısa böyük,
səmərəli təklif olarsa, maliyyəsiz
qalarsa, bu nəyə
gətirib çıxarar?
Bizə lazımdır ki, nəzərdə
tutduğumuz inkişaf
hiss olunsun, görünsün. Məhz belə bir yük
iqtisadçıların üzərinə düşür.
Maliyyə işində vaxt çox əhəmiyyətlidir. Məsələn,
büdcə tərtib olunubsa, sonradan edilən təkliflər, tədbirlər
kənarda qala bilər. Bunları əvvəlcədən
görmək lazımdır ki, sonra gec olmasın.
- Burada işə
başladığınız dövrdən sonra
ölkədə böyük dəyişikliklər
olub - bir ictimai-iqtisadi formasiyadan digərinə
keçdik. Üstəlik son
zamanlar müəssisələrin işində,
idarəetmədə struktur dəyişiklikləri
baş verdi. Bu, sizin işinizə necə
təsir etdi?
- Keçid dövrü
bütün sahələrdə olduğu kimi mədəniyyətdə
də çətinliklərilə hiss olundu. Amma bu
çətinliklər aradan qalxır,
yeniliklərlə əvəz olunur. Məsələn, əvvəllər büdcəni tərtib
edirdik və faiz şəklində
artımlar nəzərə alınırdı. İndisə mədəniyyət
təsisatları üzrə qəbul edilmiş
Dövlət proqramları əsasında büdcə təhlil
olunur və müəyyənləşdirilir
. Misal üçün,
kinonun, teatrların, kitabxanaların, musiqi məktəblərinin, muzeylərin
müvafiq Dövlət proqramları var.
- Bunun səmərəli tərəfləri
nədir?
- Səmərəli tərəf odur
ki, hər şey çox şəffaflaşdı. Layihələrə
kompleks şəklində yox,
ayrı-ayrılıqda yanaşılır.
Normativ sənədlərdən
istifadə də səmərəli oldu. Teatr haqqında qanunun
işlənməsi və təsdiqlənməsi bu sahədə iqtisadi
münasibətləri tənzimlədi.
- Mədəniyyətlə, incəsənətlə
iqtisadiyyatın arasında narazılıqlar varmı?
- Yox... Nə qədər incəsənət
xadimlərinə fəxri adlar , təqaüdlər,
mükafatlar verilir. «Teatr və teatr
fəaliyyəti haqqında Qanun»a uyğyn olaraq,
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında və Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında
çalışan işçilərin əməkhaqlarına
yüz faiz,
aparıcı teatrın siyahısına daxil
olan 4 teatr - Azərbaycan
Dövlət Musiqili Komediya
Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının və Azərbaycan
Dövlət Kukla Teatrının
işçilərinin əməkhaqlarına isə 25 faiz əlavələr edilmişdir.
Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan
Dövlət «Qaya» Ansamblının, M.F.Axundov adına Mərkəzi Kitabxananın,
Qobustan Milli Təbii Qoruğunun bütün
işçilərinin vəzifə maaşlarına əlavələr
olunub.
- Dilarə xanım, sizin işinizin qiymətləndirilməsi, bu nüfuzlu
mükafatın sizə təqdim olunması həyatınızda,
işinizdə nə dəyişikliklər yaratdı?
- Bunu gözləmirdim. Öz-özümə
deyirdim: «Bu, mən
deyiləm». Evə zəng edib dedilər ki, «Yox, bu
sənsən. Bəyəm Mədəniyyət və Turizm Nazirliyində işləyən İbrahimovadan iki nəfərdir?»…
Azərbaycan Respublikasının Prezidentinə və mədəniyyət
və turizm nazirinə mən çox minnətdaram. Bilirsiniz,
iqtisadçılar rəqəmlə işləyirlər. Ona görə də, bədii söz
sarıdan kasıbdırlar. Amma o qədər sevindim, heç indiyə qədər də
inanmıram özümə. Mən çox
minnətdaram ki, mənim zəhmətim
qiymətləndirilib. Bu mükafatın
adı «Tərəqqi» medalıdır. Bir
iqtisadçı üçün «Tərəqqi»
medalından yaxşı nə ola bilər?
İqtisadiyyat işi
o qədər maraqlıdır ki, günün necə gəlib
keçdiyini belə hiss
etmirsən. Əgər mənə ikinci dəfə
yaşamaq imkanı verilsəydi, yenə də
iqtisadiyyatı seçərdim.
- Mənə isə iqtisadçının işi darıxdırıcı gəlir. Pəncərəniz
paytaxtın ən görməli yerlərinə
açılır- dənizkənarı bulvar
görünür. Siz
isə burada rəqəmlərlə
işləyirsiniz...
- Siz nə
danışırsınız. Mən rəqəmlərlə
danışıram. Rəqəmlər bizə nə isə deyir. Bəzən özümü
pis hiss edəndə,
elə bilirəm ki, rəqəmlər mənim
üstümə gəlir (gülür).
- Dilarə xanım, iqtisadçı kimi
mədəniyyətin gələcəyinə necə proqnoz verərdiniz?
- Gələcək çox gözəl
olmalıdır. Qarşımızda mədəniyyət və
turizm kimi bir-biri ilə bağlı və böyük gələcəyi olan
sahə var. İnkişaf
baxımından beş il
sonra tamam başqa mənzərə olacaq.
Böyük yeniliklər gözlənilir.
Teatr və konsert
müəssisələrinin binaları təmir olunur. Adi bir
şeyi götürək: Bir
teatrın tamaşasına bilet almaq üçün o teatrın kassasını axtarmaq
lazım deyil. Şəhərimizdə nazirliyin nişanı olan
köşklərdən istənilən teatrın
tamaşasına bilet almaq
olur. Az müddətdə
biletlərin İnternetlə də satışını təmin
edəcəyik. İqtisadi dirçəliş
var. Mədəniyyətə qayğı
göstərilir. Başqa mədəniyyət
müəssisələrimiz də təmir olunur.
Teatr, konsert müəssisələri
yeni təmir olunmuş
binalarda fəaliyyətini davam
etdirəcəklər.
Regionların inkişaf proqramları
var. Mədəniyyətin və turizmin inkişafı ilə bağlı nəzərdə
tutulmuş bu
proqramların məhz maliyyə dəstəyi ilə həyata
keçirilməsi labüddür. Bunlar irimiqyaslı işlərdir və gözəl
gələcək vəd edir.
Aliyə
Mədəniyyət. - 2009.- 27 may.- S. 5.